Redaktor
Ekspertlər izah etdi: Niyə hotellərdə Wi-Fi-dən heç vaxt istifadə etməməlisiniz?
Müasir dövrdə internet olmadan səyahəti təsəvvür etmək demək olar ki, mümkün deyil. Bir çox insan otelə çatan kimi mesajları və sosial şəbəkələri yoxlamaq üçün smartfonuna üz tutur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, hotellərdə Wi-Fi şəbəkəsinə qoşulmaq şəxsi məxfilik və məlumat təhlükəsizliyi baxımından risklidir.
Valyuta.az xəbər verir ki, ekspertlərin BGR nəşrinə bildirdiyinə görə, hotellərdə Wi-Fi şəbəkələrinin əsas məqsədi qonaqlara smartfon və digər cihazlardan sürətli internet çıxışı verməkdir. Bu isə o deməkdir ki, belə şəbəkələr, adətən, kifayət qədər qorunmur və hakerlər üçün asan hədəfə çevrilir.
Ev şəraitində istifadə olunan, müasir avadanlıq və etibarlı təhlükəsizlik mexanizmləri ilə qorunan internetdən fərqli olaraq, hotel şəbəkələri çox vaxt köhnəlmiş marşrutizatorlar üzərindən işləyir və minimal təhlükəsizlik tədbirlərinə malik olur, bəzən isə ümumiyyətlə qorunmur. Hətta parol tələb olunsa belə, bu parol adətən bütün qonaqlar üçün eyni olur və real şifrələmə təmin etmir.
Digər geniş yayılmış risk isə cinayətkarların otelin rəsmi Wi-Fi şəbəkəsinə bənzəyən saxta giriş nöqtələri yaratmasıdır. Bu cür saxta şəbəkələr etibarlı görünərək qonaqları aldada və hakerlərə internet trafiki ilə yanaşı şəxsi məlumatları ələ keçirməyə imkan verə bilər.
Alternativ olmadıqda nə etmək lazımdır?
Mütəxəssislər imkan daxilində hotellərdə Wi-Fi istifadəsindən tamamilə çəkinməyi tövsiyə etsələr də, real həyatda bəzən buna məcbur qalmaq olur. Belə hallarda cihazların əvvəlcədən qorunması məsləhət görülür. Xüsusilə VPN istifadəsi, təhlükəsizlik yeniləmələrinin quraşdırılması, antivirus proqramı və firewall-un aktivləşdirilməsi tövsiyə olunur.
Nəticə olaraq, hotellərdə Wi-Fi rahat görünsə də, çox vaxt məlumatlarınız üçün kifayət qədər qoruma təmin etmir və sizi kiberhücumlara açıq vəziyyətə salır. Ekspertlər ya bu şəbəkələrdən ümumiyyətlə istifadə etməməyi, ya da minimum risk üçün əlavə təhlükəsizlik tədbirləri görməyi məsləhət bilirlər.
Paşa Məmmədli