Redaktor
Dünyanın ən varlı biznes simalarının mütləq iştirak etdiyi tədbirlər
Dünyanın təxminən 3 000 milyarderi hər il müəyyən olunmuş və təkrarlanan bir marşrut üzrə hərəkət edir: Davosdan başlayaraq Sun Velliyə qədər şəxsi təyyarələrlə uçar, Monako və Sen-Barts kimi dəbdəbəli məkanlarda yaxtalarında dayanırlar. Onlar bağlanan qapılar arxasında keçirilən biznes konfranslarında iştirak edir, prestijli idman tədbirlərini izləyir və yüksək səviyyəli sosial şəbəkələnmə imkanlarından faydalanırlar.
"Oxşar düşüncəli insanlar bir yerə toplanır", – deyə "Private Jet Card Comparison" şirkətinin təsisçisi Doq Qollan bildirib. O qeyd edir ki, hər il "Masters" turniri və Super Bowl kimi tədbirlər zamanı şəxsi təyyarələr eyni hava limanlarında toplaşır.
2026-cı il də istisna olmayacaq. Bu il Davos və Sun Velli konfransları, FIFA Dünya Çempionatı və Monako yaxta sərgisi keçiriləcək. Arada bəzi milyarderlər "Art Basel" və ya "Oskar" mərasimində də görünə bilərlər.
Budur, Valyuta.az 2026-cı ilin milyarderlər təqvimi və onlara qoşulmaq üçün sərf olunacaq təxmini xərcləri təqdim edir:
Yanvar: Davos (İsveçrə)
Hər ilin yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumu siyasətçiləri, iqtisadçıları və biznes liderlərini bir araya gətirir. Bu il 19–23 yanvar tarixlərində "Dialoq ruhu" mövzusunda keçiriləcək forumda adətən "BlackRock" rəhbəri Lari Fink, "Bridgewater" qurucusu Rey Dalio və "Salesforce" rəhbəri Mark Benioff kimi tanınmış simalar iştirak edir. Tədbirə dəvət almaq on minlərlə dollara başa gələ bilər. Lüks otellər ictimaiyyətə bağlanır, mənzil kirayələri və restoran qiymətləri kəskin artır. Məsələn, bir sosiskanın qiyməti 43 dollara qədər yüksəlir.
Fevral: "Super Bowl" (ABŞ, Kaliforniya)
8 fevralda Santa Klarada keçiriləcək 2026 "Super Bowl" oyunu, milyarderlərin və onların dostlarının iştirak etdiyi elit tədbirlərdəndir. Tədbir zamanı çarter təyyarələr, 5 ulduzlu mehmanxanalar və oyun sonrası meydançaya giriş daxil olmaqla, altırəqəmli paketlər təklif olunur. "Fanatics" rəhbəri Maykl Rubinin təşkil etdiyi eksklüziv partilər də diqqət çəkir.
Mart: Oskar mükafatları (ABŞ, Hollivud)
15 martda keçiriləcək 2026 "Oskar" mərasimi texnologiya və şou-biznesin birləşdiyi nüfuzlu platformadır. Ötən il Ceff Bezos və Loren Sançez "Vanity Fair" partisində iştirak etmiş, Stiven Spilberq və Ceyms Kemeron kimi milyarderlər nominantlar arasında olmuşdular.
Aprel: "The Masters" Qolf Turniri (ABŞ, Corciya)
9–12 aprel tarixlərində keçiriləcək "The Masters" turnirində yüzlərlə şəxsi təyyarə Auqustaya enir. Turnirin məkanı olan "Augusta National Golf Club" yalnız dəvətlə üzv qəbul edir və Bill Qeyts, Uorren Baffett kimi milyarderləri özündə birləşdirir.
May: "Milken Global Conference" (ABŞ, Los-Anceles)
3–6 may tarixlərində keçiriləcək konfransa Bill Ekman və Henri Kravis kimi milyarderlər qatılır. İştirak ödənişli olsa da, 35 000 dollarlıq üzvlüklə ictimaiyyət nümayəndələri də qoşula bilər.
İyun: FIFA Dünya Çempionatı (Şimali Amerika)
Bu yay milyarderlər Aralıq dənizindəki yaxtalarından stadionlara yönələcək. MetLife stadionunda keçiriləcək final oyununa bilet qiymətləri 9 000 dollardan başlayır. Məşhur oyunçulardan biri, Portuqaliya üçün çıxış edəcək Kriştiano Ronaldo da milyarderdir.
İyul: "Sun Valley" Konfransı (ABŞ, Aydaho)
Herbert Allenin təşkil etdiyi və yalnız xüsusi dəvətlə iştirak edilən tədbir 1983-cü ildən keçirilir. Ceff Bezos, Mark Zukerberq və Uorren Baffett kimi nəhəng adlar bu tədbirdə iştirak edir. Burada milyardlarla dollarlıq razılaşmalar əldə olunur.
Avqust: "Burning Man" (ABŞ, Nevada)
30 avqust – 7 sentyabr tarixlərində keçiriləcək festival kapitalizm əleyhinə olsa da, milyarderlər üçün simvolik əhəmiyyət daşıyır. Serqey Brin, Larri Peyc və Mark Zukerberq kimi adlar festivala qatılıb. Tədbirə çarter təyyarə ilə getmək üçün minimum 18 000 dollar tələb olunur.
Sentyabr: Monako Yaxta Sərgisi
Sentyabrın sonlarında keçirilən sərgidə 120-dən çox superyaxta nümayiş olunur. "Mar" adlı ən bahalı yaxta 230 milyon dollar dəyərində satışa çıxarılıb. Tədbirə giriş bileti təxminən 800 dollardan başlayır.
Oktyabr: Frieze və Art Basel Paris
14 oktyabrda başlayan bu sənət yarmarkalarında milyarder kolleksiyaçılar iştirak edir. Ən bahalı satış 23 milyon dollara baş tutub. VIP baxışlar dəvətlə olsa da, ümumi bilet almaq mümkündür.
Noyabr: "F1 Las Vegas Grand Prix"
19–21 noyabr tarixlərində keçiriləcək F1 yarışına milyarderlər və məşhurlar toplaşır. Ötən il tədbirdə Beyons, Cey-Zi, Maykl Rubin və Lourens Stroll iştirak ediblər. Üç günlük paketlər 400 dollardan başlayır.
Dekabr: Yeni il – Sen-Barts (Karib hövzəsi)
Yeni ili milyarderlər yaxtalarında və ya "Eden Rock" və "Cheval Blanc" kimi otellərdə qarşılayırlar. Otaq qiymətləri 7 000 dollardan yuxarıdır. Bu adaya yalnız ən varlı şəxslərin daxil ola bilməsi onu daha da eksklüziv edir.
Tənzilə Ağabalayeva