Redaktor
"Apple" 14 ildə ilk dəfə smartfon bazarına liderlik edir - Ən populyar modellər
"Apple” 2011-ci ildən bəri ilk dəfə olaraq “Samsung”u geridə qoyaraq dünyada əsas smartfon istehsalçısı titulunu yenidən qazanıb.
Valhyuta.az xəbər xəbər verir ki, bu barədə “Counterpoint Research” analitikləri məlumat verib.
Analitiklərin məlumatına görə, “Apple” il ərzində satışlarını 10% artıraraq ümumi bazarın 20%-ni tutub. Satışları artsa da, rəqibindən geri qalan “Samsung” 19% payla ikinci yerdə qərarlaşıb. “Xiaomi” isə bazarın 13%-i ilə üçüncü mövqedə yer alıb.
Liderin dəyişməsinin əsas səbəbi kimi “iPhone 17”nin, xüsusilə də baza modelinin rekord satışları göstərilir. Bununla yanaşı, il ərzində inkişaf etməkdə olan və orta ölçülü bazarlarda sabit tələbat nümayiş etdirən 16-cı seriya da yüksək nəticələr göstərib. “Samsung”un satış artımı isə orta büdcəli A seriyası və “Galaxy Z Fold 7”nin yaxşı göstəriciləri hesabına baş verib.
Top-brendlər arasında bazarın 8%-nə sahib olan “Vivo” və “Oppo” da mövqelərini qoruyub. Analitiklər ayrıca “Nothing” və “Google”u da qeyd ediblər – bu şirkətlərin satışları müvafiq olaraq 31% və 25% artıb. Bununla belə, onların satış həcmi hələ də “Digərləri” kateqoriyasından çıxaraq ən iri istehsalçılar sırasında möhkəmlənmək üçün kifayət etmir.
“Counterpoint”in proqnozuna əsasən, 2026-cı ildə smartfon bazarının artım tempi zəifləyə bilər. Buna səbəb kimi çip qıtlığı və komponentlərin bahalaşması göstərilir ki, bu da istehsalı məhdudlaşdıra bilər. Qeyd olunur ki, mikrosxem istehsalçıları getdikcə daha çox süni intellekt məlumat mərkəzlərinə üstünlük verir, mobil cihazlar isə ikinci planda qalır.
Paşa Məmmədli