Redaktor
Bazarda tektonik dəyişikliklər: Avropada ən populyar avtomobillər
Avropa İttifaqında (Aİ) yeni sərnişin avtomobilləri bazarında ən böyük pay hibrid avtomobillərə aiddir.
Valyuta.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, 2025-ci ildə Aİ-də yeni sərnişin avtomobilləri bazarı əvvəlki ilə nisbətən 1,8% artıb.
İlin ərzində Aİ bazarlarında 10,8 milyondan çox yeni avtomobil satılıb. Ənənəvi mühərrikli avtomobillər seqmentində isə mənfi dinamika müşahidə olunub.
Yeni avtomobillər bazarında ən böyük pay hibrid avtomobillərə düşüb – satışların 34,5%-i. İkinci yerdə benzinlə işləyən avtomobillər (26,6%), üçüncü yerdə isə elektrik avtomobilləri (17,4%) qərarlaşıb.
2025-ci ildə Aİ-də yeni avtomobillərin qeydiyyatı, yanacaq növünə görə:
* Hibridlər (HEV) – 3 733 325 ədəd (+14%)
* Benzinli avtomobillər – 2 880 298 ədəd (-19%)
* Elektrik avtomobilləri (BEV) – 1 880 370 ədəd (+30%)
* Plug-in hibridlər – 1 015 887 ədəd (+33%)
* Dizel avtomobillər – 960 024 ədəd (-24%)
* Digər – 352 927 ədəd (+8%)
Əhəmiyyətli struktur dəyişiklikləri bazarda dekabr ayında baş verib. Ekspertlərin müşahidəsinə görə, ötən ay tam elektrik avtomobillərinin satışları ilk dəfə benzinlə işləyən avtomobillərin satışlarını üstələyib.
Elektrik avtomobillərinin populyarlığı ənənəvi olaraq xidmət və yanacaq xərclərinə qənaət, ekoloji cəhətdən təmiz olması, yeni modellərin artan avtonomluğu və sürətli şarj infrastrukturlarının inkişafı ilə izah edilir.
Paşa Məmmədli