Redaktor
"Başqa yerlərdə ucuz satılan məhsul metro yaxınlığında baha təklif oluna bilər"
Eyni məhsulun fərqli yerlərdə fərqli qiymətlərlə müştərilərə təqdim edilməsi məlumdur. Lakin qiymətlərdəki yüksəklik metro yaxınlığında olan market və mağazalarda daha çox müşahidə olunur. Belə ki, metro yaxınlığındakı yerlərdə satılan hər şey baha olur, metrodan uzaqlaşdıqca nisbətən ucuzlaşdığını görürük. Niyə metro yaxınlığında məhsullar baha satılır?
Biznes konsultant Mübariz Quliyev Valyuta.az-a bildirib ki, metro ətraflarında yerləşən ticarət obyektlərində qiymətlərin daha yüksək olması klassik bazar mexanizmləri ilə izah olunur və bu, struktur xarakter daşıyır.
Onun sözlərinə görə, metro çıxışları intensiv piyada axınının olduğu ərazilərdir və bu səbəbdən həmin nöqtələr avtomatik olaraq dəyərli kommersiya məkanlarına çevrilir.
Ekspert qeyd edib ki, sahibkar yüksək insan axınını və potensial tələbi görərək qiymət siyasətini buna uyğun formalaşdırır: “Məsələn, başqa ərazilərdə daha ucuz satılan məhsul metro yaxınlığında daha baha təklif oluna bilər. Bu isə birbaşa olaraq tələbatın yüksək, alternativ seçimlərin isə məhdud olması ilə bağlıdır.
Digər mühüm amil metro ətraflarında icarə haqları, kommunal xərclər və ümumi əməliyyat xərclərinin daha yüksək olmasıdır. Tələbatın çox olduğu ərazilərdə obyektlərin saxlanma xərcləri də artır və bu, məhsulun maya dəyərinə, nəticədə isə son satış qiymətinə təsir edir”.

M.Quliyevin sözlərinə görə, metro çıxışlarında seçim imkanları da nisbətən az olur: “Yaşayış massivlərində müxtəlif supermarket və hipermarketlər fəaliyyət göstərdiyi halda, metro ətraflarında əsasən kiçik marketlər və köşklər fəaliyyət göstərir. İnsanların bu məkanlarda uzun müddət qalmaq deyil, sürətli şəkildə alış edib hərəkət etmək istəyi də tələbatı artırır. Alıcılar vaxt itirməmək üçün bir qədər baha olsa belə, məhsulu dərhal əldə etməyə üstünlük verirlər”.
“Metrodan uzaqlaşdıqca isə kommersiya obyektlərinin icarə və digər xərcləri azalır. Bu da sahibkarlara qiymətləri daha münasib səviyyədə təklif etmək imkanı yaradır və nəticədə həmin ərazilərdə məhsullar istehlakçının büdcəsinə daha uyğun olur”, - deyə biznes konsultant əlavə edib.
Ekspert vurğulayıb ki, metro ətrafında qiymətlərin yüksək olması hər hansı inzibati qərarla tənzimlənmir, bu, bazar iqtisadiyyatının tələb və təklif prinsipləri, məkanın xüsusiyyətləri və xərclərin balansı əsasında formalaşır.
O, həmçinin qeyd edib ki, Azərbaycanın qida təchizatı baxımından idxaldan asılı olması ümumi qiymət səviyyəsinə təsir edən əlavə amillərdən biridir: “Bəzi hallarda metro yaxınlığındakı obyektlər məhsulu birbaşa idxalçıdan deyil, vasitəçilərdən alır. Məhsul bir neçə satış zəncirindən keçdikcə üzərinə əlavə qiymət qoyulur və bu da son satış qiymətinin artmasına səbəb olur”.
Sərvanə Rəmixanova