Redaktor
"Apple Store" süni intellekt işçi və müştəri söhbətlərini qeyd edəcək
"Apple" şirkəti mağazalarında əməkdaşlarla müştərilər arasında baş verən söhbətləri yazmaq və təhlil etmək qabiliyyətinə malik süni intellekt sistemini sınaqdan keçirməyə başlayıb.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Live Notes" adlı yeni alət artıq şirkətin məhdud sayda pərakəndə satış məntəqələrində istifadə olunur.
Texnologiya "Apple Genius Bar" xidmətinin mütəxəssisləri tərəfindən tətbiq edilir. Burada əməkdaşlar müştərilərə cihazların təmiri və texniki məsələlərin həllində kömək edirlər. Sistem dialoqu qeydə alır, avtomatik olaraq mətn formatına çevirir və söhbətin qısa xülasəsini hazırlayır.
Əldə olunan məlumat əməkdaşın iş üçün istifadə etdiyi "iPad" cihazına əlavə edilir və təmir sənədlərinin bir hissəsi kimi istifadə oluna bilər. "Apple" hesab edir ki, bu yanaşma mütəxəssislərə qeydləri əl ilə aparmağa daha az vaxt sərf etməyə və müştərilərə xidmətə daha çox diqqət ayırmağa imkan verəcək.
Qeydin aparılması üçün həm əməkdaşın, həm də ziyarətçinin razılığı tələb olunur. "Apple" bildirir ki, ilkin audiofayllar saxlanılmır, mağaza rəhbərləri isə yaradılmış mətnlərə çıxış əldə etmir. Bundan əlavə, əməkdaşlar məlumatı sistemə əlavə etməzdən əvvəl mətni və süni intellekt tərəfindən hazırlanmış xülasəni əl ilə redaktə edə bilərlər.
Bununla yanaşı, "Apple Store" əməkdaşları arasında texnologiyanın gələcək istifadəsi ilə bağlı narahatlıqlar yaranıb. Bəzi işçilər hesab edirlər ki, gələcəkdə bu cür qeydlər personalın təlimi və ya mütəxəssislərin iş keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə oluna bilər.
Hazırda "Live Notes" eksperimental rejimdə fəaliyyət göstərir. "Apple" sistemin genişmiqyaslı tətbiqinin mümkün vaxtını açıqlamır və sınaqlar başa çatdıqdan sonra qaydaları dəyişə bilər.
Paşa Məmmədli