AİB Azərbaycanı da əhatə edən özəl sektor layihəsini nəzərdən keçirir

Redaktor

27.06.2026 23:23
40

AİB Azərbaycanı da əhatə edən özəl sektor layihəsini nəzərdən keçirir

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanı da əhatə edən özəl sektor layihəsini nəzərdən keçirir.

Bankın rəsmi internet saytında dərc olunan məlumata görə, AİB özəl sektor əməliyyatlarında ekoloji və sosial standartların gücləndirilməsinə yönəlmiş, Azərbaycan və bir sıra qonşu ölkələri əhatə edən regional texniki yardım layihəsini qiymətləndirir.

"Strateji Texniki Yardım Vasitəsilə Özəl Sektor Layihələrində Ətraf Mühit və Sosial Standartların Gücləndirilməsi" adlı təşəbbüsün AİB-in Xüsusi Texniki Yardım Fondu vasitəsilə təxminən 1 milyon ABŞ dolları məbləğində maliyyələşdirilməsi təklif olunur.

Layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə və digər ölkələri əhatə edir.

Layihənin məzmunu, icra müddəti və planlaşdırılan fəaliyyətlərlə bağlı əlavə məlumat hələ açıqlanmayıb.

AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Lia Qutyerres (Leah Gutierrez) Trend-ə eksklüziv müsahibəsində bildirib ki, regionda özəl kapitalın cəlb edilməsinə mane olan əsas amillərdən biri keyfiyyətli hazırlanmış investisiya layihələrinin azlığıdır.

"Yaxşı hazırlanmış, investisiya baxımından cəlbedici layihələrin olmaması infrastruktur və inkişaf təşəbbüslərinə özəl investisiyaların cəlb edilməsində əsas maneələrdən biri olaraq qalır. Bu problemi həll etmək üçün AİB regionda dövlət qurumları, aidiyyəti təşkilatlar və qərar qəbul edən şəxslər üçün potensialın artırılması proqramlarını genişləndirir", – deyə o bildirib.

Qeyd olunur ki, Azərbaycan regional inteqrasiya maliyyələşdirilməsi və özəl sektor əməliyyatları üzrə AİB-in portfelində aparıcı yuxarı orta gəlirli ölkələrdən biridir.

AİB-in 2015–2024-cü illəri əhatə edən məlumatlarına görə, Azərbaycan 10 layihə üzrə 2,53 milyard ABŞ dolları məbləğində suveren maliyyə öhdəliyi alıb. Bu vəsaitin 51 faizi regional əməkdaşlıq və inteqrasiya layihələrinə, 39 faizi özəl sektorun inkişafına, 18 faizi iqlim maliyyələşdirilməsinə, 10 faizi isə rəqəmsal texnologiyalar təşəbbüslərinə yönəldilib.

AİB-in Azərbaycandakı özəl sektor əməliyyatları çərçivəsində 2015–2024-cü illərdə ümumi dəyəri 963,9 milyon ABŞ dolları olan 9 qeyri-suveren layihə təsdiqlənib. Ayrılmış maliyyənin 100 faizi özəl sektorun inkişafına, öhdəliklərin isə 78 faizi regional əməkdaşlıq və inteqrasiyaya yönəlib ki, bu da müqayisə edilən yuxarı orta gəlirli ölkələr arasında ən yüksək göstəricidir.

Trend

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...