"Starlink" tamhüquqlu mobil operator olmağı planlaşdırır

Redaktor

27.06.2026 19:40
104

"Starlink" tamhüquqlu mobil operator olmağı planlaşdırır

İlon Maskın "SpaceX" şirkəti ABŞ bazarında "Starlink" brendi altında yeni mobil rabitə xidməti təqdim etməyi planlaşdırır. Layihə reallaşacağı təqdirdə, şirkət ölkənin ən böyük mobil operatorları ilə birbaşa rəqabət aparacaq.

Valyuta.az xəbər verir ki, "Financial Times"ın məlumatına görə, "SpaceX"in prezidenti və əməliyyat direktoru Qvinn Şotvell investorlara bildirib ki, şirkət "Starlink"in pərakəndə mobil rabitə bazarına çıxmasını, eləcə də ABŞ-da öz yerüstü mobil şəbəkəsini yaratmaq imkanını araşdırır.

Plan reallaşacağı təqdirdə, "SpaceX" mobil rabitə xidmətlərini abonentlərə birbaşa təqdim edəcək və ABŞ-ın üç ən böyük mobil operatoru – "Verizon Wireless", "AT&T" və "T-Mobile" ilə rəqabət aparacaq.

Hazırda şirkət fərqli biznes modelindən istifadə edir. "Starlink" "T-Mobile" ilə əməkdaşlıq çərçivəsində kənd və ucqar ərazilərdə yerüstü mobil şəbəkənin əhatə etmədiyi zonalarda peyk bağlantısı vasitəsilə mobil rabitəni təmin edir. Yeni layihə isə şirkətin bu xidməti müstəqil şəkildə göstərməsini nəzərdə tutur.

"Financial Times" qeyd edir ki, mobil rabitə bazarına giriş "SpaceX" üçün "Starlink"in istifadəyə verilməsindən bəri ən böyük kommersiya genişlənmələrindən biri olacaq. Hazırda yüksək sürətli peyk interneti xidməti dünyanın 150-dən çox ölkəsində fəaliyyət göstərir.

Yeni mobil xidmət eyni zamanda mövcud "Starlink" peyk interneti xidmətini tamamlayacaq. Cari ilin mart ayına olan məlumata görə, bu xidmətdən dünya üzrə 10,3 milyon müştəri istifadə edib.

"SpaceX" barədə son xəbərlər

Bundan əvvəl "Business Insider" yazıb ki, bəzi analitiklər "SpaceX"in bazar dəyəri, eləcə də şirkətin kosmosda məlumat mərkəzlərinin yaradılması və Marsın kolonizasiyası kimi iddialı layihələrinin reallaşdırılması ilə bağlı suallar qaldırmağa başlayıblar.

Həmçinin "SpaceX" və "Tesla" səhmlərinin ucuzlaşması fonunda İlon Maskın sərvətinin 1 trilyon ABŞ dollarından aşağı düşdüyü bildirilmişdi.

Daha əvvəl isə "SpaceX"in 2028-ci ilədək orbitə süni intellektlə təchiz edilmiş bir milyon peyk buraxmaq planının elm adamları və kosmik sənaye ekspertləri arasında geniş müzakirələrə səbəb olduğu xəbər verilmişdi. Bəzi mütəxəssislər layihənin iqtisadi baxımdan son dərəcə bahalı ola biləcəyini və şirkət üçün maliyyə riskləri yarada biləcəyini bildirirlər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...