36 ölkəyə aparılan Azərbaycan brendi - “KHALCHALI”-nın hekayəsi

Redaktor

08.03.2026 10:12
76

36 ölkəyə aparılan Azərbaycan brendi - “KHALCHALI”-nın hekayəsi - Müsahibə

Kütləvi istehsalın hökm sürdüyü dövrdə arxasında şəxsi hekayə dayanan əşyalar daha çox dəyər qazanır. Viktoriya İsmayılovanın hekayəsi də məhz belədir. Beşinci nəsil bakılı olan və ixtisasca rəssam olan Viktoriya uşaqlıqdan ornamentlər, fakturalar və sənətkarlıq estetikasının içində böyüyüb. Onun üçün milli naxış sadəcə dekorativ element deyil, yenidən düşünülərək müasir dünyada aktual formada təqdim edilə bilən mədəni kodun bir hissəsidir. Yaradıcılığın necə həyat işinə çevrildiyi, əl əməyinin niyə qorunmalı olduğu və KHALCHALI brendinin gələcəyini necə gördüyü haqqında Viktoriya xanımla söhbət etdik.

- Viktoriya xanım, söhbətə adınızdan başlayaq. Azərbaycanda bu ad çox yayılmayıb.

- Mən milliyyətcə rusam, amma artıq beşinci nəsil bakılıyam. Bütün əcdadlarım Azərbaycanda yaşayıb. Bakıda böyümüşəm və müxtəlif mədəniyyətlərin, ənənələrin və xarakterlərin qovuşduğu mühitdə yaşamışam. Bu, mənim üçün həmişə həyatın təbii hissəsi olub. Adım uzun müddət seçilib. Valideynlərim bir çox variantlara baxıblar. Sonda Viktoriya adında qərarlaşdılar. Atamın adı Viktor olduğuna görə, Viktoriya Viktorovna birləşməsi onlara çox harmonik görünüb. Valideynlərim istəyirdilər ki, ad gözəl və bütöv səslənsin. Mən də adımı çox sevirəm. Bu adda güc var və həyatımda ona uyğun yaşamağa çalışıram.

- Əsas peşəniz nədir?

- Mən ixtisasca bədii və zərgərlik məmulatları üzrə çekançıyam. Peşə məktəbini bitirmişəm və məzun olduqdan sonra Azərbaycan SSR-in Rəssamlar İttifaqının yaradıcılıq emalatxanasında - Bədii Fondda çalışmışam. Bu, həyatımda çox vacib mərhələ idi. Metal ilə işləmək insanı dəqiqliyə, səbrə və detallara diqqət etməyə öyrədir. Paralel olaraq tikiş kurslarına da gedirdim. O zaman sadəcə yeni bir sahəni sınamaq istəyirdim, lakin zamanla məhz bu istiqamət indiki işimin əsasına çevrildi.

- “KHALCHALI” brendi necə yarandı?

- Mən gəncliyimdən tikişi sevirdim. Jurnallara baxır, modellər kəsir, əvvəl özüm üçün tikirdim, sonra isə atelyedə işləməyə başladım. Zamanla modelyer kimi fəaliyyət göstərdim, axşam geyimləri, uşaq və milli geyimlər, yeni il və teatr obrazları tikirdim. Bir gün sadəcə özüm üçün çanta tikmək istədim. Maraqlı bir parça gördüm, model hazırladım və həmin çanta ilə gəzməyə başladım. İnsanlar tez-tez çantaya diqqət edir və haradan aldığımı soruşurdular. Mən isə “özüm tikmişəm” deyirdim. Bu cür vəziyyətlər çoxaldı və bir gün düşündüm ki, niyə ayrıca çanta xətti yaratmayım? Beləcə, tədricən geyimdən aksesuarlara keçdim. Pandemiyadan sonra, 3 iyul 2022-ci ildə “Instagram” səhifəsi açdım və ilk çantanı paylaşdım. Bu tarixi “KHALCHALI” brendinin doğum günü hesab edirəm.

- Niyə məhz xalça brendin əsas ideyasına çevrildi?

- Düşünürəm ki, bu, hələ gənclik illərimdə, milli geyimlər tikdiyim dövrdə başladı. O zaman xalça ornamentlərinin ritmini, simvolikasını və dərinliyini hiss etdim. Milliyyətcə rus olsam da, Azərbaycanda böyümüşəm və Azərbaycan mədəniyyəti mənə doğmadır. Ornamentlər həmişə ətrafımda olub, interyerlərdə, geyimlərdə, sənətkarlıqda. Zamanla başa düşdüm ki, bu elementləri müasir formada yenidən təqdim etmək mümkündür. Mən naxışın xarakterini qorumaq, eyni zamanda onu gündəlik həyatın bir hissəsinə çevirmək istəyirdim. Beləliklə, xalça motivləri çantalarımın əsasına çevrildi.

- Bu işə başlamaq üçün böyük maliyyə lazım oldu?

- Xeyr, böyük maliyyə yox idi. Təxminən 200-300 manatla başladım. Parça və furnitura aldım və 10–15 müxtəlif model çanta tikdim. İlk satışlardan qazandığım pulu yenidən materiallara yatırdım. Beləcə kapital tədricən böyüdü. Hər şey addım-addım inkişaf etdi, böyük investisiyalar olmadan. Tam şəkildə çantalara keçmək isə dərhal mümkün olmadı. Təxminən bir il ərzində müştərilər üçün geyim tikir, paralel olaraq çanta xəttini inkişaf etdirirdim.

- Əvvəl “Viki Bag Baku” adı ilə başladınız, sonra “KHALCHALI” oldu. Niyə brendin adını dəyişdiniz?

- “Viki Bag Baku” spontan yaranmışdı. O zaman istiqamətim tam formalaşmamışdı, sadəcə çantalar tikir və yeni formatı sınayırdım. Bu bir axtarış mərhələsi idi. Zamanla gördüm ki, işlərimdə xalça ornamentləri daha çox görünür və əvvəlki ad artıq məzmunu əks etdirmir. Daha lakonik və dəqiq ad istədim. Açığı, qərar asan olmadı. Səhifədə artıq izləyicilər və müştərilər var idi və yenidən başlamaq həmişə həyəcanlıdır. Amma hiss edirdim ki, brendin xarakterli bir ada ehtiyacı var. Beləliklə, “KHALCHALI” yarandı və brend üçün daha şüurlu bir mərhələ başladı.

- Rebrendinq satışlara və tanınmaya necə təsir etdi?

- Keçid asan olmadı. Brend artıq auditoriya topladıqda adı dəyişmək risklidir. Bütün izləyicilər dərhal yeni səhifəyə keçmədi və bir müddət iki hesabı paralel aparmalı oldum. İnsanlara ad dəyişikliyini izah edir, “KHALCHALI”-nın əvvəlki işimin davamı olduğunu deyirdim. Tədricən auditoriya uyğunlaşdı və zamanla anladım ki, qərar düzgün olub. “KHALCHALI” artıq öz xarakteri və tanınması olan müstəqil brend kimi inkişaf edir.

- Komandanız neçə nəfərdən ibarətdir?

- Bəlkə də təəccüblənəcəksiniz, amma mən tək işləyirəm (Gülümsəyir.) Fikir yaranmasından hazır çantaya qədər bütün proses mənim əlimdən keçir. Tikilişi heç kimə həvalə etmirəm.

- Bəs bütün bunlara necə çatdırırsınız?

- Əvvəlcə ailəmə çox minnətdaram. Onların inamı və dəstəyi mənə güc verir. Uşaqlarım və həyat yoldaşım təşkilati məsələlərdə kömək edir. Materialların alınması, qablaşdırma, çəkilişlər və s. Tək işləmək çətindir: çeşid artır, sifarişlər və tədbirlər çox vaxt tələb edir. Amma hər məhsulun keyfiyyətini şəxsən nəzarətdə saxlamaq mənim üçün vacibdir. Gələcəkdə öz emalatxanamı açmağı və komanda qurmağı planlaşdırıram.

- Qiymət siyasətiniz necə formalaşır?

- Bu məsələni çox araşdırmışam. Qiymət bir neçə faktordan ibarətdir: materiallar və əl əməyim. Hər çanta əl ilə hazırlanır və bəzən bir neçə saat, bəzən isə bir neçə gün çəkir. Mən kütləvi istehsal formatında işləməyi seçməmişəm. Modellər məhdud sayda olur, adətən 10-15 ədəd, bəzən isə tək nüsxə. Mən istəyirəm ki, insan bu çantanı geyinərkən onun xüsusi və müəllif işi olduğunu hiss etsin.

- Müştəriləriniz daha çox kimlərdir?

- Əsas auditoriya yerli sakinlərdir. Onlar yenilikləri izləyir, yarmarkalara gəlir və geri qayıdırlar. Bu mənim üçün çox dəyərlidir. Turistlər də alır, amma əsas baza yenə də yerli müştərilərdir. Hətta kişilər də maraq göstərir və indi kişi modelləri əsasən sifarişlə tikilir.

- Azərbaycanda əl işi brendi inkişaf etdirmək çətindir?

- Bəli, çətindir. Çünki əl işi vaxt və diqqət tələb edir və hər kəs onun dəyərini dərhal anlamır. Amma keyfiyyət və fərdilik axtaran insanlar var və brend məhz onların sayəsində inkişaf edir. Material tapmaq da bəzən çətin olur. Məsələn, çantalarımın əsas elementi olan milli lentlər çox məhdud çeşiddədir. Parça və furnituranı bəzən xaricdən sifariş etmək lazım gəlir.

- Xalça UNESCO tərəfindən tanınan mədəni irsdir. Bu, sizə əlavə məsuliyyət hissi yaradır?

- Əlbəttə, xalça çox dərin və çoxqatlı simvoldur. Onunla işləyərkən məsuliyyət hiss edirsən. Mən müəyyən regionların xalçalarını birbaşa təkrarlamağa çalışmıram. Daha çox ornamentin ruhunu və xarakterini qorumağa çalışıram.

- “KHALCHALI” daha çox incəsənətdir, yoxsa biznes?

- Şərti olaraq desək, 70% yaradıcılıq, 30% biznesdir. Mən əvvəlcə özümə yaxın olan ideyaları yaradıram. Bir çanta üzərində işləyərkən artıq növbəti modellər barədə düşünürəm. İlham və ideya mənim üçün həmişə birinci yerdədir.

- Brendin artıq formalaşdığını nə vaxt hiss etdiniz?

- Yəqin ki, sifarişlər tikdiyimdən daha sürətlə artmağa başlayanda. O zaman artıq həm geyim, həm də çanta tikmək mümkün olmadı və seçim etməli oldum. Mən “KHALCHALI”-ni seçdim və geyim tikməyi dayandırdım. Yarmarkalar və festivallar da böyük rol oynadı. İnsanlar çantaları canlı görür, toxunur və bundan sonra brendə münasibət dəyişirdi.

- Çantalarınızın artıq 36 ölkədə olduğunu eşitmişik. Bu necə baş verdi?

- Başlanğıcda beynəlxalq bazar barədə düşünmürdüm. Sadəcə arzum vardı ki, hansısa mağazada çantalarım üçün kiçik bir rəf olsun. Sonra mağazalarla əməkdaşlıq başladı və brend tanınmağa başladı. Beynəlxalq yayılma isə daha çox İçərişəhər sayəsində baş verdi. Turistlər çantaları alıb öz ölkələrinə aparırdılar. Bu gün çantalarım artıq 36 ölkəyə gedib. Mən hətta bunun statistikasını aparmağa başlamışam və xəritədə bütün ölkələri qeyd edirəm.

- Bu hansı ölkələrdir?

- Birbaşa sifarişlə çantaları Rusiya, Türkiyə, Kanada, Livan və İsrailə göndərmişəm. Turistlər vasitəsilə isə daha çox ölkəyə gedib: Belarus, Qazaxıstan, Çexiya, Polşa, İtaliya, İngiltərə, İsveç, Fransa, Yaponiya, Hindistan, Almaniya, Kipr, Yeni Zelandiya, Avstriya, Meksika, Somali və s.

- Gələcək planlarınız nələrdir?

- Kolleksiyanı daim genişləndirirəm. Hazırda kosmetika çantalarından tutmuş noutbuk çantalarına qədər müxtəlif modellər var. Gələcəkdə KHALCHALI estetikasına uyğun şərflər və araxçınlar da yaratmaq istəyirəm.

- Heç işi dayandırmaq istədiyiniz an olubmu?

- Xeyr, heç vaxt. Əksinə, bəzən düşünürəm ki, kaş bu işə daha əvvəl başlasaydım.

- Hər çanta bir mesaj olsaydı, bu mesaj nə olardı?

- Bu mesaj isti və rəngarəng olardı, sevgi və ruhla dolu. Mən istəyirəm ki, hər çantada milli xarakter, rəng enerjisi və ənənəyə hörmət hiss olunsun.

- “KHALCHALI”-nı beş ildən sonra harada görürsünüz?

- Çox istərdim ki, brend beynəlxalq sərgilərdə təqdim olunsun və daha geniş auditoriyaya çıxsın. Digər böyük arzum isə öz butikimi açmaqdır. Hazırda çantalarım müxtəlif mağazalarda satılır, amma istəyirəm ki, brendin tam ruhunu əks etdirən öz məkanı olsun. Əsas məqsədim əvvəlcə Azərbaycanda möhkəmlənmək, sonra isə KHALCHALI-ni daha böyük səviyyədə təqdim etməkdir.

Rəna Həsənova

 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

36 ölkəyə aparılan Azərbaycan brendi - “KHALCHALI”-nın hekayəsi - Müsahibə

08.03.2026
"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub

08.03.2026

Fermer qızının milyarderə çevrilmə hekayəsi - SƏHƏR OXUSU

08.03.2026

Prezidentin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib

07.03.2026

“Azəralüminium”un ixrac gəlirləri 4,1 milyon dollar artıb

07.03.2026

Dörd bahalı investisiya səhvi – Hətta milyonerlər də peşman olur

07.03.2026

Bakının mənzil bazarında 2 ayın mənzərəsi: Qiymətlər sabit tempdə artır

07.03.2026

"YouTube"da mesajlaşmaq mümkün olacaq

07.03.2026

Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI

07.03.2026

Qənaətli həyat üçün 4 məsləhət açıqlanıb

07.03.2026

Bakının mənzil bazarı: Vəziyyət necədir?

07.03.2026

Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO

07.03.2026

2030-cu ilə qədər həyatımızdan çıxacaq 8 texnologiya

07.03.2026

İlk işdə uğur qazanmaq üçün əsas strategiyalar

07.03.2026

Avropa qaz uğrunda döyüşdə uduzur: Bazarda nə baş verir?

07.03.2026

Dubay beynəlxalq hava limanları fəaliyyətlərini qismən bərpa edir

07.03.2026

Bakıda 49 nömrəli marşrut xəttini "BakuBus" istismar edəcək

07.03.2026

Azərbaycanda ən çox maaş alan qadınların çalışdığı sahələr - Məbləğ

07.03.2026

Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO

07.03.2026

Dubayda qızıl endirimlə satılmağa başlanılıb

07.03.2026

Məzənnə

Yüklənir...