Redaktor
2030-cu ilə qədər həyatımızdan çıxacaq 8 texnologiya
Bulud yaddaş sistemlərinin sürət və təhlükəsizlik baxımından böyük irəliləyiş əldə etməsi fiziki yaddaş cihazlarının gələcəyini şübhə altına alıb. Xarici sərt disklər uzun illər məlumatların ehtiyat nüsxəsini çıxarmaq və ötürmək üçün ən geniş yayılmış həllərdən biri olub. Lakin indi fayllara internet üzərindən ani şəkildə giriş mümkündür.
Valyuta.az xəbər verir ki, inkişaf etmiş bulud infrastruktur sayəsində məlumatlar dünyanın müxtəlif məlumat mərkəzlərində təhlükəsiz saxlanıla bilir. Mütəxəssislər yaxın illərdə məlumatın fiziki cihazlarda deyil, internetin görünməyən infrastrukturunda saxlanacağını və harici disklərin istifadəsinin sürətlə azalacağını bildirirlər.
Parollar
İnternet istifadəçilərinin ən böyük problemlərindən biri mürəkkəb parolları yadda saxlamaqdır. Lakin biometrik şəxsiyyət təsdiqləmə sistemləri bu problemi aradan qaldırmağa hazırlaşır. Barmaq izi sensorları, üz tanıma texnologiyaları və yeni nəsil passkey sistemləri istifadəçilərin hesablarına daha təhlükəsiz və sürətli girişini təmin edir. Bu üsullar sayəsində istifadəçilərin çoxsaylı parolları xatırlamasına ehtiyac qalmır. Mütəxəssislər yaxın gələcəkdə klassik parol istifadəçiliyinin böyük ölçüdə azalacağını və rəqəmsal kimlik təsdiqlərinin biometrik üsullarla aparılacağını proqnozlaşdırır.
Kabellər
Şarj və məlumat ötürülməsində kabellər uzun illər əsas həll vasitəsi olub. Lakin simsiz texnologiyalar bu vərdişi dəyişməyə başlayıb. Simsiz şarj stansiyaları, sürətli məlumat ötürülməsi təmin edən yeni nəsil bağlantı texnologiyaları və bulud əsaslı sistemlər kabellərə olan ehtiyacı azaldır. Xüsusilə mobil cihazlarda simsiz həllər sürətlə yayılır. Mütəxəssislər yaxın illərdə kabel qarışıqlığının böyük ölçüdə aradan qalxacağını və bir çox əməliyyatın tamamilə simsiz sistemlərlə həyata keçiriləcəyini bildirirlər.
Nağd pul
Rəqəmsal ödəniş sistemləri və toxunmadan əməliyyatlar sürətlə yayılır. Ağıllı telefonlar, mobil cüzdan tətbiqləri və rəqəmsal pul həlləri sayəsində bir çox ölkədə nağd pul istifadəsi ciddi şəkildə azalıb. Böyük iqtisadiyyatlarda aparılan araşdırmalar göstərir ki, gündəlik alış-verişlərin əhəmiyyətli hissəsi artıq rəqəmsal mühitdə həyata keçirilir. Banklar, fintech şirkətləri və texnologiya nəhəngləri ödəniş sistemlərini tamamilə rəqəmsallaşdırmağa yönəlir. Bu dəyişiklik davam edərsə, yaxın illərdə fiziki pul gündəlik həyatın mərkəzindən çəkilə və tamamilə rəqəmsal əməliyyatlarla əvəzlənə bilər.
Ənənəvi televiziyalar
Axın (streaming) platformalarının yüksəlişi klassik televiziyanın formasını kökündən dəyişir. İzləyicilər artıq müəyyən yayımlanma saatına bağlı qalmadan istədikləri məzmunu istədikləri vaxt izləyə bilir. Ağıllı alqoritmlər izləmə vərdişlərini analiz edərək fərdi tövsiyələr təqdim edir. Bu, klassik yayım əsaslı televiziyaların izlənmə göstəricilərini azaldır. Mütəxəssislər 2030-cu ildə klassik televiziyanın böyük ölçüdə istəyə bağlı məzmun platformalarına yerini verəcəyini və televiziyanın tamamilə fərdiləşəcəyini proqnozlaşdırır.
Pultlar
Ev əyləncə sistemləri də böyük dəyişiklik keçirir. Səsli komandalar, hərəkət aşkarlama texnologiyaları və ağıllı telefon inteqrasiyası sayəsində televizor və digər cihazların idarəsi daha asan olur. Bir çox ağıllı ev sistemi tək bir tətbiq vasitəsilə bütün cihazları idarə etməyə imkan verir. Bu inkişaflar ənənəvi uzaqdan idarəetmə pultlarının istifadəsini azaldır. Yaxın gələcəkdə ev cihazlarının səs, hərəkət və ya süni zəka dəstəklı sistemlərlə idarə olunması gözlənilir.
Fiziki kredit kartları
Toxunmadan ödəniş sistemləri, ağıllı saatlar və mobil cüzdan tətbiqləri maliyyə sektorunda böyük dəyişiklik yaradıb. İndi bir çox istifadəçi kredit kartını cüzdanında daşımaq əvəzinə telefonunda saxlamağa üstünlük verir. Rəqəmsal cüzdanlar sayəsində ödənişlər saniyələr içində həyata keçirilir. Biometrik təsdiqləmə üsulları təhlükəsizliyi artırır. Bu inkişaflar davam edərsə, plastik kartların yerini tamamilə rəqəmsal ödəniş həlləri ala bilər və fiziki kredit kartlarının istifadəsi azala bilər.
Ənənəvi açarlar
Ağıllı qapı kilidləri, üz tanıma texnologiyaları və mobil giriş həlləri qapı təhlükəsizliyini yenidən tərif edir. Artıq bir çox ev və ofisdə qapılar telefon tətbiqləri və ya biometrik təsdiqləmə ilə açıla bilir. Bu sistemlər həm təhlükəsizliyi artırır, həm də açar daşımaq məcburiyyətini aradan qaldırır. Uzaqdan giriş imkanı sayəsində istifadəçilər qapılarını dünyanın hər yerindən idarə edə bilir. Texnologiya inkişaf etdikcə mexaniki açarların yerini rəqəmsal giriş üsulları ala bilər və fiziki açarlar gündəlik həyatdan tədricən yox ola bilər.
Kağız çeklər
Market alış-verişlərindən restoran ödənişlərinə qədər bir çox yerdə verilən kağız çeklər də rəqəmsal transformasiyadan təsirlənir. Bulud əsaslı fakturalama sistemləri və mobil ödəniş həlləri sayəsində alış qeydləri elektron şəkildə saxlanıla bilir. NFC texnologiyası və rəqəmsal faktura tətbiqləri əməliyyatların avtomatik olaraq istifadəçi hesabına göndərilməsini təmin edir. Bu, həm kağız istehlakını azaldır, həm də əməliyyatları izləməyi asanlaşdırır. Mütəxəssislərə görə, yaxın gələcəkdə alış sonrası uzun kağız çeklər tarixə qarışa və ödəniş prosesi tamamilə kağızsız hala gələ bilər.
Paşa Məmmədli