Redaktor
"Bunu baxçadan çıxarın, böyüyəndə də evləndirin” deyilən qız öz biznesini qurub
Azərbaycanda öz biznesini quran və müxtəlif sahələrdə liderlik mövqeyinə yüksələn qadın sahibkarların sayı artmaqdadır. Bu dinamika təkcə iqtisadi aktivliyin göstəricisi deyil, eyni zamanda qadınların idarəçilik və strateji qərarvermə proseslərində daha fəal iştirakının göstəricisidir.
Bu gün - Beynəlxalq Qadınlar Günündə öz biznesini quraraq fəaliyyət göstərən xanımlardan birini təqdim edirik.
Həmsöhbətimiz PR və kommunikasiya sahəsində fəaliyyət göstərən, “PRPoint Baku”nun təsisçisi Aida Ramizdir.
- Aida xanım, sizin maraqlı hekayəniz var. Onu eşitməzdən əvvəl özünüzü təqdim etməyinizi istərdim.
- Mən Aida Ramiz, PR və kommunikasiya sahəsində fəaliyyət göstərirəm. Öz PR və tədbir şirkətimin təsisçisiyəm. Bununla belə, bütün bu peşəkar fəaliyyətimdən əvvəl mən həyat hekayəsini özü yazmağa qərar vermiş bir insanam. Mənim üçün PR yalnız tanıtım deyil, bu, reputasiyanın formalaşdırılması, ictimai təsirin yaradılması və insanların öz səsini tapmasına dəstək göstərmək deməkdir.
- Müsahibəyə elə sizdən eşitdiyim bir ifadə ilə başlamaq istəyirəm. Müəlliminizin “bunu baxçadan çıxarın, böyüyəndə evləndirin” dediyində ailənizin reaksiyası necə olmuşdu?
- Bağça illəri idi. Açığı, həmin günü detalları ilə xatırlamıram. Uşaq idim. Mənim üçün həyat oyundan, qaçmaqdan, danışmaqdan və hər yerə qarışmaqdan ibarət idi. Sonradan öyrəndim ki, deyilən bir söz anamı çox incitmişdi. Bu, ona ağır təsir etmişdi. Çünki hər bir ana üçün övladı haqqında erkən hökm verilməsi ağrılıdır. Atam isə daha sakit reaksiya göstərmişdi. “Fikir vermə, o sərbəst uşaqdır, düzələr”, - demişdi. Bu gün geriyə baxanda, haqqımda deyilən sözlərin özündən çox valideynlərimin münasibəti mənə daha maraqlı görünür. Anamın inciməsi sevgidən irəli gəlirdi. Atamın sakitliyi isə inamdan.
Bəlkə də o zaman baş verənləri tam dərk etmirdim. Lakin indi anlayıram ki, mən həqiqətən sərbəst uşaq idim. Və “düzəlmədim” - sadəcə öz yolumu tapdım. Üstəlik, ambisiyalı bir uşaq olduğumu da yalnız son illərdə dərk etmişəm.

- Valideynləriniz sizə inanıb...
- Bəli, ailəm mənə inanırdı. Xüsusilə atam. O, tez-tez deyirdi: “Bu qız ağıllıdır. On qat artıq qazanacaq”. Mən isə hələ nə qazancın, nə də biznesin nə olduğunu anlayırdım. Lakin o inanırdı. Bəlkə də bu inam zamanla baxışlarıma da yansıdı. Ancaq məsələ yalnız başqasının sənə inanması deyil. Əsas olan insanın özünə nə dərəcədə inanmasıdır. İnsan ətrafından güc ala bilər. Lakin müəyyən bir mərhələdən sonra o, öz daxili səsinə güvənməyi bacarmalıdır. Mən həmin daxili gücü formalaşdırmağa kifayət qədər erkən başladım.
- Həyatınızda dönüş nöqtəsi nə oldu? Hansı an başa düşdünüz ki, öz yolunuzu qurmalısınız?
- Açığı, mən heç vaxt “ipə-sapa yatan” biri olmamışam. Mənə tez-tez deyirlər: “Sən sanki kişi kimisən”. Mən isə hər dəfə gülümsəyərək cavab verirəm: “Xeyr, mən qadın kimi qadınam". Sadəcə qərar verməyi bacarıram. Risk götürə bilirəm. Dediyim sözün arxasında dayanmağı seçirəm. Cəmiyyətin qadın üçün müəyyən etdiyi yazılmamış çərçivələr var: sakit ol, çox danışma, önə çıxma, iddialı görünmə.
Mən həmin çərçivələrə sığmadım. Həyatımda dönüş nöqtəsi konkret bir hadisə ilə bağlı deyildi. Bu, şüurlu seçim idi: ya başqalarının mənim üçün müəyyən etdiyi sərhədlər daxilində qalacaqdım, ya da öz yolumu özüm quracaqdım. Mən ikinci yolu seçdim. Və həmin andan etibarən artıq sadəcə prosesin iştirakçısı deyil, qərar verən tərəf oldum.
- Özünüzü inkişaf etdirməyə necə başladınız? İlk addım nə idi?
- Oxumaqla başladım, yazmaqla davam etdim. Müşahidə apardım, insanları təhlil etdim, çevrəmi dəyişdirdim. Xarici səfərlər dünyagörüşümün formalaşmasına və genişlənməsinə əhəmiyyətli təsir göstərdi. Özümü heç vaxt rahat zona ilə məhdudlaşdırmadım. Çünki ki, inkişaf rahatlıq sərhədlərindən kənarda başlayır.

- Çətinliklər sizi qorxudurdu, yoxsa motivasiya edirdi?
- Qorxu həmişə mövcuddur. Lakin mən qorxunu hərəkətə çevirməyi seçirəm. Hər çətinliklə üzləşəndə, özümə sual verirəm: “Bu məni necə gücləndirəcək?”, “Bu vəziyyət mənə nə öyrətdi?”
Mənim üçün problem dayanmaq siqnalı deyil - strategiyanı dəyişmək siqnalıdır.
- PR sahəsini seçməyiniz təsadüfi oldu?
- Xeyr. Mən hər zaman yazmağı, danışmağı və hekayə qurmağı sevmişəm. İnsan davranışlarını təhlil etmək isə mənim üçün xüsusi maraq doğurub. PR sahəsi xarakterimə uyğun idi - görünməyən tərəfdə dayanaraq görünən nəticələr yaratmaq.
- İlk uğurunuzu xatırlayırsınız? O an özünüzə nə dediniz?
- Bəli. Hələ 18 yaşım tamam olmamışdı. Gürcüstanda səfərdə idim. Həmin səfər zamanı hazırladığım yazıya görə 50 manat qazandım. Məbləğ böyük deyildi, lakin mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki ilk dəfə idi ki, yazdığım sözlər mənə gəlir gətirirdi.
Yazı oxundu, müsbət rəylər aldım və anladım ki, düşüncə dəyər yarada bilir. Həmin gün özümə dedim: “Sənin sözünün qiyməti var”.

- Keçmişdə sizi zəif görən insanlara indi nə demək istərdiniz?
- Açığı, bu barədə xüsusi olaraq nəsə deməyə ehtiyac görmürəm. Çünki həyatım polemika üzərində qurulmayıb. Uşaqlıqdan təşəbbüskar, aktiv və çalışqan olmuşam. Ətrafımda məni dəstəkləyən insanlar az olmayıb. Zamanla şübhə edənlər də ortaya çıxıb. Lakin insan hər kəsə özünü izah etməyə borclu deyil. Mən enerjimi nəyisə sübut etməyə deyil, inkişaf etməyə yönəltməyi seçdim.
- Uşaqlıqda “uğursuz olacaq” deyilən bir qızın bu gün biznes sahibi olması sizə nə hiss etdirir?
- Bu mənə qürurdan daha çox məsuliyyət hissi aşılayır. Çünki mənim hekayəm yalnız mənə aid deyil. Məni izləyən, özünə inamı az olan gənc qızlar var. Əgər mən bacarmışamsa, onlar da bacara bilərlər. Əgər vaxtilə haqqında məhdud düşüncələr formalaşdırılmış bir uşaq bu gün öz biznesini qurubsa, deməli, heç bir etiket son deyil. Mənim üçün uğur - başqalarına bunun mümkün olduğunu göstərə bilməkdir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər36 ölkəyə aparılan Azərbaycan brendi - “KHALCHALI”-nın hekayəsi - Müsahibə
08.03.2026