Redaktor
1 il pulunu yığdı, öz biznesini qurdu - Müsahibə
Məktəb vaxtından dizayn sahəsinə marağı yaranır. Bu istiqamətdə kurslarda təhsil alır və işə başlayır. Lakin anasının istəyi ilə Türkiyədə memarlıq üzrə ali təhsil alsa da, sonra qayıdıb dizaynda davam edir. Zamanla bu sahədə öz kursunu açır.
Söhbət “Destech”in qurucusu, dizayner Solmaz Rzayevadan gedir. O, eyni zamanda şirkətlərdən birində UX/UI dizayner olaraq çalışır.
Solmaz xanım Valyuta.az-a 8 mart ərəfəsində digər xanımları da motivasiya olacaq uğurlarından danışıb.
- Uşaqlar çox vaxt müəllim, həkim olmağı arzulayırlar, dizayner olmağa necə qərar verdiniz?
- Mən uşaq olanda fikirlərim tez-tez dəyişirdi. Həkim olmağı mən də istəyirdim, amma zamanla anladım ki, qan görəndə, ürəyim dayanır və həkim ola bilməyəcəm. Dizaynı öyrənməyə 16 yaşımda başlamışam. Nə isə yaratmaq istəyirdim. Kreativ işlərə böyük marağım var idi və düşündüm ki, qrafik dizaynla başlasam, daha yaxşı olar.
- Rəsm çəkməyi bacarırdınız? Çünki çox vaxt rəsm bacarığı yaxşı olanlar dizaynda özlərini görürlər.
- Mən qrafik dizayna başlayanda, ailəmdə buna inam çox az idi. Çünki mən rəsm çəkməyi belə bacarmırdım. Zamanla bu məndə alındı.
- Dizayna marağınız olsa da, memarlıq üzrə təhsil alırsınız...
- Proses belə oldu ki, mən dizaynı kurslarda öyrəndim, sonra bu istiqamətdə işləməyə başladım və düzü, universitetdə oxumaq fikri mənə o vaxt çox cəlbedici gəlmirdi. Sanki səni karyeraya başladığın bir vaxtda çıxarıb başqa dünyaya atırlar. Anam ali təhsilin vacib olduğunu deyirdi və xaricdə təhsil almağımı arzulayırdı. Yaxşı ki onun sözünə qulaq asmışam. Beləliklə, təhsilimi davam etdirmək üçün İstanbula getdim.

Memarlıq üzrə təhsil almağıma gəlincə, əslində, mənim üçün əsas olan yaratmaq idi. Bu, geyim dizaynı, bina yaratmaq, vizual işlər, post hazırlamaq və s. ola bilərdi. Ona görə, özümü bir az memarlıqda yoxlamaq istədim. Hazırda olduğum sahəyə bir də memarlıq gözündən baxmaq mənim üçün böyük təcrübə oldu. Təhsilimi koronavirus pandemiyası dövründə bitirdim və məcbur ölkəyə qayıtmalı idi. Ölkəmizə qayıdıb dizaynda çalışmağa davam etdim.
- Bildiyim qədərilə “Destech” sizin ilk biznesiniz deyil...
- Dizayna başlayanda düşündüm ki, şirkətlərlə işləməklə kifayətlənməməli, eyni zamanda özüm də nəsə yaradıb bundan gəlir əldə etməliyəm. Buna görə də “Evergreencollection” adlı brendimi yaratdım. O dövrdə bu, Bakı və ümumiyyətlə Azərbaycan üçün kifayət qədər yeni ideya idi. Öz hazırladığım illustrasiyaları köynəklərin, telefon keyslərinin və dəftərlərin üzərində dizayn edib satırdım. Hətta ilk sifarişimin çatdırılmasını anam etmişdi. Sonra o biznesi dayandırdım.
- “Destech” necə yarandı?
- Ətrafımdakı insanlar da tez-tez poster, dizayn işlərini necə hazırladığımı bilmək istəyir və onlara öyrətməyimi xahiş edirdilər. Mən də təbii ki, “niyə də yox?” dedim. Sonra anladım ki, insanlara nəsə öyrətmək mənə böyük zövq verir. Beləliklə, 2021-ci ildə yaxın çevrəmlə kiçik bir qrup yaratdıq. Qısa müddətdə artıq 10 nəfərlik bir qrupa dərs keçirdim. Sonra isə kovörkinq məkanında özüm üçün bir stol götürdüm və dərslərimi orada keçməyə başladım. 2024-cü ildə “Destech” kurs formatına keçid etdi.

- Kursu açdıqda nə qədər investisiya etmişdiz?
- Əvvəlcə tələbələrimlə kiçik qruplarla başlamışdım. Sonradan kursu açmaq üçün öz yığdığım 8-10 min manatı investisiya etdim. Həmin pulu isə maraqlı şəkildə qazanmışdım. Bir gün səhər saat 10 radələrində Dubaydan mənə iş təklifi gəldi. Portfoliomu görüb, bəyənmişdilər. Şirkətdə iki rəhbər var idi, biri azərbaycanlı, digəri isə türk idi. Müsahibə oldu və dedilər ki, sabah səhər uçuşumuz var, bizimlə başlamaq istəyərsinizmi? Dedim ki, olar. Şərtləri danışdıq, müqavilə bağlandı. Səhərisi günü 7-8 üçün artıq mənim uçuşum var idi. 1 il orda çalışdım və o pulu topladım.
- Bu gün qoyduğunuz həmin investisiyanı götürə bilmisiz?
- Bu layihəni qurarkən əsas məqsədim investisiyanı tez geri almaq yox, bir icma qurmaq idi. Əslində, artıq belə bir icma formalaşmışdı, sadəcə istəyirdim ki, bu insanları fiziki olaraq da bir araya gətirə bilim.
- Niyə Dubayda karyeranıza davam etmədiniz?
- Məktəb vaxtı Londonda, Amerikada yay məktəbində iştirak etdim, Berlində bir konfransa qatıldım. Hələ məktəb vaxtımdan müxtəlif ölkələri görmək şansım oldu. Yaşamaq istədiyim şəhər hələ də Bakıdır. Lakin müxtəlif ölkələrdə təcrübə qazanmaq, eyni zamanda tək yaşamaq və öz ayaqlarım üzərində durmağı öyrənmək mənim üçün çox maraqlı idi.
Sırf Dubaya gəlincə, orda işləmək mənə çox şey qazandırdı. İngilis dilimi inkişaf etdirməklə yanaşı, fərqli mədəniyyətlərdən olan insanlarla tanış oldum. Bir ildən sonra Azərbaycana qayıtmağa qərar verdim. Çünki ordakı iş mühiti artıq bir qədər toksikləşmişdi, eyni zamanda daha fərqli fürsətlər axtarırdım.

- Həm bir şirkətdə UX/UI dizayner olaraq çalışırsınız, həm də öz biznesinizi idarə edirsiniz. Hər ikisini eyni vaxtda idarə etmək çətin deyil?
- Bu sualı iş yoldaşlarım da tez-tez mənə verir. Məncə, insan hər şeyi çatdıra biləcək potensiala malikdir. Heç vaxt çox işim olduğuna görə şikayətlənməmişəm. Ola bilsin ki, bəzən dilim deyib, amma beynim və ürəyim bunu heç vaxt belə qəbul etməyib.
- Videolarınızın birində qeyd etmişdiniz ki, gəmi limanda güvəndədir, gəminin əsas məqsədi limanda qalmaq deyil, çıxıb görmək, gəzmək, yeni yerlər kəşf etməkdir. Yaxşı, mən sizdən soruşuram, yetərincə kəşf edə bilmisiz?
- Xeyr, mənim üçün heç vaxt “yetərlilik” anlayışı olmayıb. Heç nə mənə tam kifayət etmir. Öyrənmək mənim üçün elə bir prosesdir ki, xüsusilə dizayn sahəsində, bir dəfə başladınsa, bağımlısı olursan, vaz geçmək istəmirsən. Ona görə, mən güvəndə qalmaq yox, yenilikləri kəşf etmək istəyirəm.
- Nişanlınız da restoran biznesini idarə edir. İş mövzusunda bir-birinizə hansı dəstəyiniz olur?
- Bizi birləşdirən şey odur ki, ikimiz də çox işkolik insanlarıq. O qədər işin arasında birinci etdiyimiz ən yaxşı şey bir-birimizə vaxt ayıra bilirik, təcrübələrimizi bölüşürük. Mənim ilk məsləhət aldığım insan əvvəllər daha çox anam idisə, indi o sıraya bir insan əlavə olunub, o da nişanlımdır. İşlə bağlı hər məsələdə onun fikrini alıram. Bir-birimizə çox şey qatırıq.

- Biznesiniz və korporativdə fəaliyyətiniz paralel gedir. Nə zaman sırf öz biznesinizə fokuslanmaq fikriniz var?
- Korporotiv mühitdən hələ ki çıxmağı düşünmürəm. Çünki komandamız çox gözəldir və üstəlik, bu sahədə korporativdə təcrübə yığacağım çox şey var. İşdən çıxıb tamamilə biznesimə fokuslansam, bu, artıq mənim komfort zonam olacaq, ona görə hələ ki komforta keçmək istəmirəm. Nə qədər ki enerjim var, hər ikisini eyni anda davam etdirmək istəyirəm. Müəyyən bir mərhələyə gəldikdən sonra isə sırf öz biznesimə fokuslana bilərəm.
- Şirkətinizin gələcəyini necə görürsünüz?
- “Destech”in gələcəyini böyük, hündür binalarda gördüyümü deməzdim. Olduğumuz yerin daha geniş forması, amma yenə də səmimiyyətimizi davam etdirdiyimiz, daha çox insanlara çata biləcəyimiz bir məkan olaraq görürəm. Hazırda 800-dən çox insana tədris vermişiksə, bunu 3000-4000-ə qaldırmağı düşünürük. Universitetlərdəki bütün gənclərin bizi tanmalarını istəyirik. Bizim əsas autoriyamız gənclərimizdir, evdar, şans tanınmayan xanımlarımızdır. Gələcəkdə onlara daha çox çatmağı düşünürük. Xarici əməkdaşlıqlara açılmağı düşünürük. Tez bir zamanda yüksəlməyi yox, səmimiyyətlə, mehribanlıqla yavaş ayvaş böyüməyi seçirik.
- Bəs sizin gözünüzdə uğurlu qadın modeli kimdir?
- Çox həvəsli olduğu, sevdiyi işin arxasınca gedən, orda özünə inanan, addım atmaqdan qorxmayan, nəyin onu xoşbəxt etdiyini tapan, onun arxasınca gedə bilən, ona qarşı sevgi duyan, insanlara göstərə bilən bir qadın deyərdim. Mənim üçün ən böyük rol model isə həmişə anam olub.
- Bu gün sizi izləyən gənc xanımlara bir cümləlik mesaj versəniz, bu nə olardı?
- Ürəyinizi isidən işlər görməyə çalışın, bu işləri görəndə qorxmayın, həyatdır, bir gün düşəcəyik, bir gün qalxacayıq, özünüzü başqaları ilə müqayisə etməyin, özünüzü özünüzlə, öz keçmişinizlə müqayisə edin.
Turanə Ağayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
1 il pulunu yığdı, öz biznesini qurdu - Müsahibə
08.03.202636 ölkəyə aparılan Azərbaycan brendi - “KHALCHALI”-nın hekayəsi - Müsahibə
08.03.2026