Redaktor
1-ci gündən diyetə başlaya bilməməyin səbəbi
“1-ci gündən diyetdəyəm”, “Ayın 1-i idmana başlayacam”, “Bu ay keçdi, gələn aydan ingilis dili kursuna ciddi başlayacam”.
Bu tip cümlələri ətrafımızda çox şəxsdən eşidirik. Bəlkə özümüz də deyirik. Hər yeni ayın və ya hər yeni həftənin başlanğıcı demək olar ki, hamımızda eyni daxili istəyin oyanması ilə müşayiət olunur: "Bu dəfə hər şeyi dəyişəcəm".
Xüsusilə ayların son günlərinə doğru böyük bir həvəslə idman zallarına aylıq, hətta illik abunəliklər alınır, yeni dil kurslarına qeydiyyatdan keçilir. Lakin reallıq budur ki, hələ ay tamamlanmamış bu böyük həvəs birdən-birə yox olmağa başlayır. Müəyyən bir müddət keçdikdən sonra isə böyük ümidlərlə üz tutulan idman zalları boşalır, kursların yolunu tutanların sayı kəskin şəkildə azalır. Belə olan halda ortaya haqlı bir sual çıxır: Ayın və ya həftənin əvvəlində böyük bir motivasiya ilə edəcəyəm deyə başladığımız işlərə qarşı sonradan həvəsimiz niyə ölür və motivasiyamız nəyə görə bu dərəcədə aşağı düşür?
Psixoloq Günel Hacızadə Valyuta.az-a bildirib ki, əslində, bu məsələdə əsas problem insanın zamanla həvəsdən düşməsi deyil, prosesə yetərincə həvəslə və doğru yanaşma ilə başlamamasıdır:
“İnsanlar daim ayın, həftənin, yaxud ilin əvvəli kimi xüsusi tarixləri gözləyərək hərəkətə keçmək istəyirlər. Halbuki, biz yeni bir qərar qəbul etdiyimiz an artıq sıfır nöqtəsindən yola düşmüş oluruq və bu addımın özü elə başlanğıcın tam mərkəzidir”.

Ekspert deyir ki, digər bir çətinlik isə insanların yola çıxdıqdan sonra nə üçün və nəyi düşünərək başladıqlarını unutmalarıdır:
“Bunun qarşısını almaq üçün fərdlər öz hədəflərini mütəmadi olaraq xatırladacaq xüsusi bir simvoldan istifadə edə bilərlər. Bu simvolu ya hər an əlimizdə olan telefonun ekranına yerləşdirmək, ya da evdə gözün ən çox sataşdığı, ən çox görünən bir yerdən asmaq lazımdır. Məsələn, bir insan idmana nə üçün başladığını özünə aydın etməlidir. Fit görünmək üçün, yoxsa hansısa konkret sağlamlıq probleminə görə? Bax bu məqsədi simvolizə edən hər hansı bir şəkli, yaxud yazını göz önünə gətirmək şərtdir, çünki əsaslı bir hədəf sxemi qurulmayanda, motivasiyanın azalması qaçılmaz olur. Hətta bəzən sırf bu təqvim asılılığı ucbatından "ayın 1-i başlayaram" deyib, gözlənilən həmin gün gəldikdə heç bir addım ata bilməyən insanlar var”.
Psixoloq bildirdi ki, “Həftənin birinci günü başlayaram" deyənlər həmin gün uğursuz olduqda dərhal "bu həftə alınmadı, gələn həftə başlayaram" tələsinə düşürlər: “Əslində isə qayda çox bəsitdir. Əgər insan birinci gün başlamağı unudubsa və ya çatdırmayıbsa, mütləq ikinci gün yola davam edə bilməlidir. İnsan məhz bu qeyd olunan təxirəsalma zəncirini qıra bildiyi zaman daxilində tamamilə yeni və güclü bir iradə formalaşır”.
Rəfiqə Abdin