Redaktor
“Yırtık pantolon”lu oğlan Türkiyədən Azərbaycana piyada gəldi - 2 illik piyada səyahət hekayəsi
O, Türkiyədən Azərbaycana piyada gəlib. Bunun üçün 3 ay zaman sərf edib. Yola davam edəcək, çünki 2 illik bir piyada səyahət planlayıb. Türkiyədən Monqolustana qədər yolu piyada gəzəcək və izləyiciləri üçün paylaşacaq.
Söhbət türkiyəli yutuber Oğuzhan Tıraşdan gedir. Sosial mediada “Yırtık pantolon”lu oğlan kimi tanınan Oğuzhan Valyuta.az-ın suallarını cavablandırdı.
- Oğuzhan, bloger olmamışdan öncəki işinizdən danışaq. Nə edirdiniz?
- Kompüter mühəndisliyi üzrə təhsil almışam. Universiteti bitirən kimi yutuberliyə başladım.
- Mühəndislik də yaxşı sahədir. Niyə elə bir qərar verdiniz?
- Analiz etdim, gördüm ki, Türkiyədə kompüter mühəndisliyi üzrə maaşlar məni qane etmir. Gəzməyi sevirdim və düşündüm ki, bu işdən daha çox pul qazana bilərəm. Sonra gəzərək pul qazanmağa başladım. 31 yaşım var, 21 yaşımdan gəzirəm.
- Həqiqətən də çox pul qazana bildinizmi?
- Qazandım (Gülür).
- İlk dönəmlər nə qədər qazandınız?
- İlk 2-3 il heç qazanmadım. 2017-ci ildə Azərbaycana gəlmişdim, cibimdə qəpik də yox idi.
- Bəs Azərbaycana necə gəlmişdiniz?
- O zamanlar avtostopla gəzirdim. “Youtube”dan pul qazanandan sonra turist kimi gəzməyə başladım. 75 ölkədə oldum. Biletimi alıb gəzirdim. Sonra normal turist kimi gəzmək də maraqlı gəlmədi. 2 il Amerikada yaşadım, sonra ondan da sıxıldım. İndi nə edim? – dedim və piyada gəzməyə başladım. Türkiyədən Monqolustana piyada 2 illik bir hədəfim var.
- Niyə piyada?
- Çünki gəzməyin, səyahətin hər yolunu yoxladım: təyyarəyə də mindim, avtostop da çəkdim, dağlarda trekinq də etdim. Bunu etməmişdim, bunu da yoxlamaq istədim.
- Başqa bu tip blogerlər yəqin ki var.
- Türk və azərbaycanlı yoxdur. İngilis, yapon, amerikalı, estoniyalı və s. var. Nadirdir, sayımız 10-u keçməz. Qərarımı tam verməmişdən öncə onlardan bir neçəsi ilə görüşdüm, onların dünyagörüşünü görəndən sonra dedim mən də başlamalıyam.
- Türkiyədən Azərbaycana 3 ay ərzində gəlmisiniz, yol necə keçdi?
- Türkiyədən başlayıb Gürcüstana keçdim, Gürcüsta sərhədindən Azərbaycana piyada keçməyimə icazə vermədilər. Sərhədə qədər piyada gəlmişdim. Yenidən qayıdıb hava limanına getdim, Tbilisiyə döndüm, təyyarə ilə Bakıya getdim. Sonra nəqliyyatla Qırmızı Körpüyə - sərhədə getdim və ordan səyahətimə piyada davam etdim və Gəncəyə çatdım. İndi ordan Bakıya doğru piyada gəlməliyəm.
- Amma indi Bakıdasınız.
- (Gülür) Gəncəyə qədər piyada gəlmişəm. Sonra Bakıya toy üçün maşınla gəlmişəm. Toydan sonra Gəncəyə gedəcəm, piyada Bakıya gələcəm və yoluma belə davam edəcəm. Əgər harasa getsəm belə, qaldığım yerə qayıdıb piyada davam edirəm.
- Bakıya qədər maşınla gəlmisiniz. Yenidən qayıdıb piyada gəlməyin sizin üçün mənası nədir?
- Bu bir layihədir, disiplin işidir. Harda qalmışamsa, ordan davam etməliyəm. Əgər bu işi disiplinli etmək istəməsəydim, təyyarə biletimi alıb birbaşa Monqolustana gedərdim. İzləyicilərim qarşısında sözüm var. İddialı bir şeydir. Bunu edə bilirəm, güclüyəm, hər kəs edə bilməz, görün – kimi bir iddiadır.
- Gün ərzində nə qədər gəzirsiniz?
- 30-35 kilometr.
- Günlük 30-35 kilometr minimum 70 000 addım deməkdir və çoxdur.
- 45 kilometr gəzdiyim də oldu, amma normal 30-35 olur. Mənə görə normaldır. Önümdə 8000 kilometr məsafə var, ona görə gündəlik çox gəzməliyəm ki, planladığım zamanda çata bilim.
- Əvvəl də gəzməyi çox sevirdiniz?
- Bir şəhərə gedirdimsə, o şəhərin içərisində də piyada gəzməyi sevirdim. 35 kilometr olmasa da, 20 kilometr gəzirdim. Piyada gəzmək xoş idi.
- Yollarda nə yeyib-içirsiniz?
- Nə tapsam (Gülür). Normalda hər axşam bir otel tapıb qaldığım üçün o oteldə və otelə yaxın yerlərdə restoranlarda yeyirəm. Amma gün içində yemək tapmaq o qədər asan olmaya bilir. Yanacaqdoldurma məntəqələrindən nəsə alıram, yaxud hoteldə sendviç filan götürürəm.
- Yolda olduğunuz müddətdə xəstələndiyiniz olub?
- Hələ ki olmayıb. Məncə, piyada gəzmək sağlamlığa yaxşı təsir edir. Xəstələnəcəyimi hiss edirəm, amma gəzmək idmandır, immun sistemini gücləndirir və xəstələnmirsən.
- Nə qədər vaxtdan bir fasilə verirsiniz?
- O dəyişir. Amma normalda 2 gün gəzirəm, 2 gün otaqdan çıxmıram. O yorğunluğu ancaq ata bilirəm. 1 həftə gəzirəmsə, 1 həftə yatıram. 3 aydır gəzdiyimi dedim, amma onun 40 gününü piyada gəzdim. Qalan 50 günü yatdım.
- Həvəsdən düşdüyünüz olur?
- Yox, səhərlər oyananda, hətta deyirəm ki, nə yaxşı ki qaldığım yerdən çıxdım, günəşi gördüm, qeyri-müəyyənliyə doğru yol aldım.

- Maşın yolları ilə gedirsiniz?
- Olduğum yerə bağlı olaraq dəyişir. Əgər hardasa çöl heyvanları ola biləcəyini hiss edirəmsə, bu zaman daha çox maşın yolu ilə gedirəm. Əgər kəndlərin sıx olduğu yerlərdisə, kəndlərin içi ilə getməyə üstünlük verirəm.
- Gecələri yolda olursunuz?
- Planımı elə qururam ki, gün batana qədər gecə qalacağım yerə çatım. Gün 7-də batırsa, 8-də dayanıram. Gecə 12-yə qədər gəzmirəm. Səhərlər erkən qalxmağa çalışıram, bəzən qalxa bilmirəm. Amma səhər 10-dan sonraya qalmamağa çalışıram.
Məsafəmə də bağlıdır. Önümdə 25 kilomer məsafə varsa, 6-7 saat yetərsə, ona uyğun oyanıram.
- Piyada gəzintinin çətin tərəfləri nədir? Ayaqların ağrımasından başqa.
- Mən 10 ildir gəzirəm, ona görə “Axşam harda qalacam”, “Sabah harda oyanacam” kimi narahatlığım olmur. 15 kilo çanta ilə gündə 30-35 kilometr piyada getməkdən başqa çətin tərəfi yoxdur.
- Həmişə otellərdə qalırsınız?
- Plana uyğun gedərsə, bəli. Amma yoldur, bəzən alınmır. Bunun üçün də çantamda çadır, tulum və s. hər şey var. Amma 3 ayda ona 2 dəfə ehtiyac oldu. O da çöldə qaldığım üçün. Normalda otellərdə qalıram.
- 2 dəfə çöldə harda qaldınız?
- İlk çadırımı kamp yerində qurmuşdum. Rahat idi. Bir dəfəsində çətin şəraitdə oldum. Onda da gecə itlər gəlib ərtafımda dayanıb hürdülər, yatmağa qoymadılar.
- Piyada gəzmək bloger olaraq sizə nə qədər izləyici gətirdi?
- Hazırda “Youtube”da 785 min, “İnstagram”da 405 min izləyicim var. Ən çox izləyici piyada gəzməyə başlayandan sonra gəldi. 3 ayda bəlkə 300 000 insan məni izləməyə aldı.
- Əziyyətli işdir...
- Əziyyəti də var, amma insanlara maraqlı gəlir. Görək hələ yaşayırmı? - deyə izləyənlər də ola bilər (Gülür).
- Valideynləriniz bu gəzməyiniz haqqında nə deyir?
- Anam deyir ki, oğlum xoşbəxtdirsə, dünyanın ən xoşbəxt anasıyam. Mən də həqiqətən ən çox xoşbəxt olduğum işi görürəm. Anam bu gün ən böyük dəstəkçim və izləyicimdir.
- Sizi sosialda izləyən, yolda görən və piyada gəzdiyinizi eşidən insanların reaksiyaları necə olur?
- İnanmırlar. “Youtube” kanalımı və “İnstagram”dakı videolarımı görənə qədər deyirlər ki, bunu edə bilməzsən, mümkünsüzdür. Türkiyədə belə ilk bu fikrimi təqdim edəndə, insanlar eyni reaksiyanı verdi. 2 gün sonra bu dönər dedilər. 3 ay oldu, dönmədim.
- Növbəti səfər haradır?
- İrana. İrandan sonra Əfqanıstanda, sonra Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Monqolustan.
- Yolda yəqin ki çox insanla tanış olmusunuz. Ən çox yadınızda qalan kim olub?
- 26 yaşlı ingilis oğlan ilə sərhəddə tanış olduq. Birlikdə onunla sərhəddi keçə bilmədik (Gülür). O velosipedlə gəzirdi. 1 ildir yolda idi. Şotlandiyadan çıxmışdı, Türkiyədə 2 ay filan qalmışdı. Dedim ki, gedəcəyin son ölkə hansıdır? Dedi bilmirəm, eləcə gedirəm. Gedə bildiyi qədər gedirdi. Maraqlı, mənim kimi biri idi. Onun sərhədi keçə bilmədiyinə pis oldum. Çünki müəyyən bir büdcəsi var idi, onunla idarə etməli idi. Mümkün qədər qənaətli xərcləyib daha çox səyahət etmək istəyirdi. Sərhəddi keçə bilmədiyi üçün velosipedini karqo ilə göndərdi, özünə təyyarə bileti aldı. Mənim velosipedim olmadığı halda sərhədi keçə bilmədiyim üçün 2-3 gündə 1000 manat xərclədim. Bəlkə də o 2-3 min manat xərclədi. O da mənim kimi bilet alıb Bakıya gəldi, sərhədə getdi və ordan velosipedlə gəzməyə başladı. Bu tip layihələr özəldir və hər kəsin edə bilməyəcəyi şeylərdir. Ona görə dəstəklənməsi lazımdır.
- Piyada gəzmək istədiyiniz başqa hansısa ölkə var?
- Piyada gəzmək istədiyim bir yer yoxdur. Hansısa ölkəni gəzmək istəsəm, bilet alıb gedib gəzərəm. Amma bu bir macəradır. Tək istədiyim o ölkələrdən piyada gəzərək keçməkdir. Ölkələrin hamısı mənim üçün eynidir. Amma Əfqanıstan deyə bilərəm. Çünki ora qeyri-müəyyəndir. Taliban var, çox insan Əfqanıstan deyincə, təhlükəli olduğunu deyir.
- 3 ay ərzində izləyicilərinizdən gələn və yadınızda qalan mesaj, rəy hansıdır?
- Sən yoluna davam et, biz arxandayıq. Doğrudan da gözəl motivasiyadır. Nə olursa olsun, pul da itirsən, sərhədlərdən keçə bilməsən, arxandayıq. Hətta çox yaxşı vəzifələrdə olan insanlardan mesajlar aldım. “5000 manata ehtiyacın var? Göndərim, yetər ki davam et” – deyə yazıblar.
- Amma ehtiyacın yoxdur?
- Yoxdur, deyirəm ki, sən xoş işlərə xərclə, mən onsuz öz qazancımla idarə edə bilirəm. Maliyyəyə ehtiyacım olmayıb.
- Dediniz ki, universitet dönəmində gördüm ki, sahəmdə çox pul yoxdur, ona görə yutuberliyə yönəldim. Bu gün videolarınızın milyonlarla izləməsi var. Sirr deyilsə, nə qədər qazanırsınız?
- Gözəl sualdır (Gülür). Ayda 20-25 min manat qazana bilirəm. Ümumi hesablasaq, indiyə qədər 500 min, 1 milyon dollar arası qazanmışam.
- Ən çox hansı sosial şəbəkə üzərindən qazanırsınız?
- Çoxu “Youtube”dan olur. Amma mənim fərqli fəaliyyətlərim var. Öz kitabım, öz kursum var, onların da satışından qazanıram. Yarısı “Youtube”dan, digər yarısı “Facebook” və “İnstagram”dan gəlir. “Tiktok”dan da gələ bilər, amma hələ ora çox fokuslanmıram. Öz saytım var, ordan gəlir. Fərqli yerlərdən qazanıram, nəticədə toplanır.
- İstədiyiniz həyat budur, yoxsa bir iş kimi baxırsınız?
- Çıxar mənə 1 milyon dollar ver, denən ki bu yoldan dön, dönmərəm. Yaxud 1 milyon dollar ver, yenidən başa qayıt, təkrar gəl, onu da etmərəm. Bu pulla əlaqəli bir şey deyil.
- Sizcə, qocalanda bu günləri necə xatırlayacaqsınız?
- Hər baba, hər ata öz oğluna anladır ki, mən gənc ikən belə idim filan. Həqiqətən də mən gerçəkdən belə idim deyib o xatirələri uşaqlarıma, nəvələrimə anlatmaq istəyirəm. Hekayəm çoxdur.
Aygün Asimqızı