Redaktor
Xarici layihəni Azərbaycanda tətbiq etdi, ilk iştirakçı qızı oldu - Müsahibə
Qızının 3 yaşı olduqda yalnız öz övladı üçün deyil, digər uşaqlara da faydalı olacaq bir təşəbbüsə – təbiətdə öyrənməni tətbiq etməyə başlayır. Bu düşüncə zamanla böyüyür və “Forest School Azerbaijan”ı yaradır.
İlk iştirakçılarından bir elə öz qızı olur. Valyuta.az layihənin təsisçisi Fəqan Hüseynov ilə bu modelin yaranma hekayəsi, təhsil sistemində doldurduğu boşluqlar və təbiət əsaslı öyrənmənin uşaqlara qazandırdığı bacarıqlar barədə müzakirə aparıb.
- Fəqan bəy, “Forest School” ideyası necə yarandı?
- “Forest School” açıq havada öyrənməni tətbiq edən bir təhsil modelidir. Bu ideyaya gəlməyim təsadüfi deyildi. Bu, illərlə təhsil sistemində gördüyüm boşluqların nəticəsi idi. Anladım ki, ən yaxşı məktəblər belə uşaqlara həyatda ən vacib olan bacarıqları - müstəqillik, qərarvermə, əməkdaşlıq və özünü dərk etməyi tam verə bilmir. Problem proqramda yox, mühitdə idi. Eyni zamanda mənim artıq regionlar, icmalar və təbiətlə bağlı zəngin praktiki təcrübəm var idi. Bu təcrübələr mənə göstərdi ki, təbiət özü ən güclü müəllimdir. Uşaq burada real həyatla təmasda öyrənir və daha dərin bacarıqlar formalaşdırır. Bu artıq sadəcə şəxsi fikir deyil. Tədqiqatlar göstərir ki, təbiətdə öyrənən uşaqların stress səviyyəsi azalır, özünə inamı və sosial bacarıqları artır, diqqət və problem həll etmə qabiliyyəti daha yaxşı inkişaf edir. Yəni bu yanaşma həm təbii, həm də elmi olaraq effektivdir. “Forest School” öyrənməni yenidən həyatla birləşdirmək üçün yarandı. Çünki bəzən həyatda uğur üçün illərlə formal təhsil yox, düzgün mühitdə qazanılan real bacarıqlar daha həlledici olur.
- Bəs necə başladınız?
- Mən uzun illər təhsil sektorunda işləyirdim və bu sahədə dünyada baş verən prosesləri görürdüm. Həm də o zaman həm dövlət təhsil siyasəti, həm də özəl tədris məktəblərdə idarəetmə təcrübələrim var idi. Düşünürdüm ki, elə bir konsepsiya təklif etmək lazımdır ki, uşaqlar məktəbdə öyrənmədiklərini ”Forest School”da qazana bilsinlər. Fərqli və alternativ bir yanaşma olmasını istəyirdim. Beləliklə, 2017-ci ildə, Mərkəzi Nəbatat Bağında “Divarsız Məktəb” adlı fəaliyyətlərlə başladıq. Qızımın həmin vaxt 3 yaşı var idi, elə ilk iştirakçıları da qızım və onun bağça yoldaşları olub. Daha sonra ətrafda olan ailələrin uşaqları həvəs göstərməyə başladı. Yəni, özümüzdən başladıq.
- Bu, uşaqların telefon və digər rəqəmsal cihazlar qarşısında həddindən artıq çox vaxt keçirməsinin qarşısını almaq üçündür?
- Bəli, məsələ ondadır ki, uşaqlar rəqəmsallaşmaya daha çox meyl edirlər, halbuki təbiət uşağın inkişafı üçün əsas və əvəzolunmaz mühitdir. Uşaqlar açıq məkanda daha çox öyrənirlər, çünki erkən yaş dövründə “sensor motorika” məsələsi var. Bu mərhələdə uşağın toxunub, hiss etməsi və ətraf mühiti birbaşa təcrübə ilə dərk etməsi onun koqnitiv bacarıqlarının və beynindəki neyron əlaqələrinin formalaşmasına ciddi təsir göstərir. Uşağı təkcə bir otaqda, evin içində saxlamaq inkişaf prosesini ləngidir.

- Layihə hansı yaş aralığını əhatə edir?
- Ümumiyyətlə, bu proses dünyada, erkən yaş dövründən başlayır. Çünki məhz erkən yaşda təbiətlə qurulan əlaqə uşağın növbəti dönəm inkişafına çox ciddi təsir edir. Tədqiqatlar göstərir ki, uşağın beyin inkişafının təxminən 80-90%-i həyatın ilk 5 ili ərzində formalaşır.
- Bu layihə əsasən meşə və təbiət mühitində həyata keçirilir. Valideynlər bəzən təhlükəsizliklə bağlı narahat olur. Onları necə əmin edirsiniz ki, uşaqları güvəndə olacaq?
- Bu məsələdə ən vacib amil etimaddır. İşimizin ən çətin tərəfi də məhz bu etimadı formalaşdırmaqdır. Bunun üçün bir neçə addım atırıq. Məsələn, artıq iki ildir ki, ailəvi düşərgələr, ekspedisiyalar, təbiət yürüyüşləri təşkil edirik. Ailələr uşaqları ilə birlikdə iştirak edir. Valideynlər üçün ayrıca, uşaqlar üçün ayrıca proqram hazırlanır. Valideyn prosesə öz gözü ilə şahid olur və görür ki, bu, sadəcə gəzinti və ya təsadüfi ekskursiya deyil, planlı və metodiki şəkildə qurulmuş təhsil fəaliyyətidir.
- Azərbaycanda bu layihəni tətbiq etmək, işi qurmaq üçün sizə nə qədər maliyyə lazım oldu?
- Bu işi yüksək məbləğ yatıraraq başlatmamışıq və açığı, onu ayrıca investisiya kimi də hesablamamışıq. Çünki bu model böyük maliyyə tələb etmirdi. Bizə əsasən uyğun ərazi, məkan və könüllü dəstəyi lazım idi. İlkin mərhələdə müəllimləri belə ödənişsiz şəkildə təlimləndirdik. Sonrakı dövrdə düşərgələr və müxtəlif layihələr təşkil olunduqca müəllimlər üçün müəyyən “qonorar” və gəlir imkanları formalaşmağa başladı. Hazırda da həm biznes layihələr, həm də sosial yönümlü layihələri uğurla icra edirik.
- “Forest School” həm təhsil təşəbbüsüdür, həm də müəyyən xidmətlər üçün ödəniş alan bir təşkilatdır. Yəni, biznes kimi də yanaşa bilərik, layihə kimi də. Tək gəlir mənbəyi valideynlərin ödənişləridir?
- İlk olaraq deyim ki, məqsədimiz heç vaxt pul olmayıb. Təhsil sahəsində bir ideyanı dərhal kommersiya məhsulu kimi təqdim etmək mümkün deyil. Əvvəl cəmiyyətə onun faydasını göstərməli, etibar yaratmalı, nəticəni nümayiş etdirməlisən. Bizim yanaşmamız hər zaman belə olub: “Pul qazanmaq üçün bir iş görmədik, bir iş gördük və o özü dəyər yaratdı”. Gəlirimizdən danışsaq, bizdə maliyyə tərəflərinin formalaşmağı bir çox amildən aslıdır. Gəlirlərimiz əsasən valideynlərin ödədiyi ödənişlər, həmçinin tərəfdaşlıq layihəri çərçivəsində xidmət haqqlarından gələn vəsaitlər hesabına formalaşır. Təbii ki, burada böyük maliyyə gəlirlərindən söhbət getmir.
- Bu təhsil sistemini tətbiq edən ölkələr var. Ümumiyyətlə, nəticəsi ilə bağlı tədqiqatlar nə deyir?
- Təhsildəki bu yanaşmanı ilk dəfə Skandinaviya ölkələri tətbiq edib, amma hazırda Avropa, Asiya, Amerika və Avstraliya qitələrinin inkişaf etmiş ölkələrində sürətlə inkişaf etməkdədir. Məsələn, İngiltərədə “Forest School”a üzv olan və olmayan 100 uşaq arasında 3 il ərzində tədqiqat aparıblar. Müəyyən müddət sonra bu tədqiqatların nəticəsi belə olub ki, “Forest School”a gedən uşaqlarda riyazi, dil, bir-biriylə ünsiyyət, problemi həlletmə bacarıqları “Forest School”a getməyən uşaqlarla müqayisədə daha üstündür.

- Azərbaycanda nə qədər uşaq bu layihəyə qoşulub?
- Təxminən 5000-ə qədər uşaq iştirak edib. Bu say daha çox ola bilər. Burada təkcə bizim gördüyümüz iş kifayət deyil. Bu istiqamətin geniş yayılması üçün dövlət təhsil siyasəti və təhsildə tətbiq olunan bəzi yanaşmalar da bunu dəstəkləməlidir. Dünyada bununla bağlı nümunələr mövcuddur. Məsələn, Finlandiya, Kanada, Danimarka kimi ölkələrdə uşaqların təbiətlə təması erkən təhsilin vacib elementi hesab olunur və həmin ölkələrdə bu yanaşmalar dövlət təhsil siyasətinin tərkib hissəsidir. Bizdə isə vəziyyət fərqlidir. Bağçaların həyətləri daha çox daş örtüklüdür, xüsusilə də bəzi özəl bağçalarda. Halbuki, həmin ölkələrdə bağçalar əsasən yaşıllıq sahələrində yerləşir və uşaqlar torpaq, su, təbiət və ağaclarla birbaşa təmasda olurlar.
- Nazirliyin də bu formatda layihəsi var idi. Sizin təşəbbüsünüzlə həmin layihə arasında fərq nədən ibarət idi?
- Bəli, nazirliyin bu istiqamətdə icma əsaslı layihəsi mövcud idi və hətta özəl bağçalarla müəyyən təşəbbüslər həyata keçirilirdi. Lakin bizim proqram ondan fərqli olaraq daha çox təbiət əsaslı idi. Nazirliyin layihəsində fəaliyyətlər əsasən qapalı məkanlarda təşkil olunurdu, bizim modeldə isə proses birbaşa açıq havada, təbiət mühitində həyata keçirilirdi. Uşaqlar yalnız yağışlı və ya soyuq havada günbəz formalı, şəffaf məkanlara daxil olurdular. Bu məkanların da xüsusi fəlsəfəsi var idi. Məsələn, üst hissəsinin şəffaf olması təsadüfi deyildi. Məqsəd uşaqların özlərini qapalı otaqda deyil, təbiətin içində hiss etmələrini təmin etmək, havanı, işığı və ətraf mühiti birbaşa duyaraq öyrənmələrinə şərait yaratmaq idi.
- Layihədə hansı qurumlardan dəstək görmüsünüz?
- Dövlət qurumları ilə işgüzar münasibətlərimiz bu baxımdan kifayət qədər yaxşıdır. Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə də səmərəli əməkdaşlıq layihələrimiz, təşəbbüslərimiz olub.

- “Forest School”un bir layihəsi var - “Ata+”, amma “Ana+”u görmədim. Niyə?
- Yaxşı sualdır (gülür). Deməli BMT-nin Əhali Fondu ailədaxili münasibətlər, erkən nikahların qarşısının alınması, ataların uşaq tərbiyəsində rolunun artırılması və s. mövzularda müxtəlif layihələr həyata keçirirdi və növbəti layihələri də “Papa School” - yəni “Atalar Məktəbi” adı ilə həyata keçirilirdi. Bizə də əməkdaşlıqla bağlı təklif oldu. Biz layihəni düşərgə (kamp) formatında qurmağı, proqramın içərisinə təbiət əsaslı öyrənmə elementlərini də daxil etməyi təklif etdik. Razılaşma bu şəkildə formalaşdı və dünyada artıq tətbiq olunan “Atalar məktəbi” modelinə əsaslanaraq layihəyə başladıq. İki il ərzində bu proqramı birgə icra etdik.
2024-ci ildən etibarən beynəlxalq layihələrin ölkə üzrə fəaliyyəti dayandırıldı. Daha sonra bir şirkətlə buna davam etdik, bəzi mövzuları sadələşdirdik və əsas diqqəti yenə təbiətdə öyrənmə, birgə fəaliyyət və valideyn maarifləndirilməsinə yönəltdik. Bu mərhələdə layihə “Ata+” adı ilə davam etdirilməyə başladı. Yəni “Ata+” əvvəlki beynəlxalq layihənin davamı kimi, lakin artıq özəl sektorun təşəbbüsü, dəstəyi ilə formalaşıb və hazırda da inkişaf etdirilir.
Sevindirici hallardan biri odur ki, 2025-ci ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə “Forest School Azerbaijan” tərəfindən “Atalar Məktəbi” layihəsi tərəfimizdən yenidən icra olunmağa başladı. Cari ildə layihənin əhatə dairəsini genişləndirməyi hədəfləyirik.
Turanə Ağayeva
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖzəl sektorda işçi sayı çox olan sahələr - CƏDVƏL
02.03.2026Həcc ziyarətinin bu il qiyməti 10 388 manatdır
02.03.2026"İnvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
02.03.2026“Yelo Bank”ın departament direktoru “AccessBank”a keçdi
02.03.2026İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub
02.03.2026Bankların xalis xarici aktivləri 1 milyard manatdan çox azalıb
02.03.2026
Xarici layihəni Azərbaycanda tətbiq etdi, ilk iştirakçı qızı oldu - Müsahibə
02.03.2026
Şirkət işçinin işdə qonaq qəbul etməsinə qadağa qoya bilər?
02.03.2026Avro və rubl manat qarşısında ucuzlaşır
02.03.2026