Redaktor
Azərbaycanda məşhur səhifə 15 min manata satışa çıxarıldı
Sosial şəbəkələrdə məşhur olan "Grammar Azi" səhifəsinin yaradıcısı Murad Hüseynov ilə söhbət
- Murad bəy, eşitdik ki, səhifəni satmaq istəyirsiniz. Maraqlıdır, niyə belə bir qərar verdiniz?
- Son vaxtlar səhifəni yaratmazdan əvvəlki həyatım üçün darıxdığımı hiss etdim. Təxminən bir il əvvəl anladım ki, bu səhifə mənə ziyan verir, vaxtımı alır və artıq bununla məşğul olmaq istəmirəm. Yerli internet seqmentinin içinə daha çox daxil olduqca məni zəhərlədiyini, xarakterimə mənfi təsir göstərdiyini hiss etdim.
- Niyə belə düşünürsünüz?
- Bir nümunə çəkim. Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayevin paylaşımında yazı səhvini göstərmişdim. "Səbr" sözü səhv yazılmışdı. Jurnalistlərdən biri orfoqrafiya lüğətinə baxmaq əvəzinə məsələ ilə bağlı dilçidən rəy öyrənmişdi. Təəssüf ki, həmin dilçi də sözün düzgün yazılışını bilmirmiş. Nəticədə xəbər yayımlandı ki, guya nazir haqlıdır, "Grammar Azi" səhv edib. Bundan sonra səhifəyə onlarla insan yazdı. Biz də həmin adamların hamısına bir-bir lüğətdən şəkil göndərərək bildirdik ki, nə bizə, nə də kiməsə inanmaq lazımdır - rəsmi orfoqrafiya lüğətinə baxmaq kifayətdir.
Səhv etmək insani haldır, mən özüm də səhv edə bilərəm. Amma düzgün yazılışı öyrənmək üçün rəsmi mənbə varkən başqa alternativ axtarmağa ehtiyac yoxdur. Bu kimi xoşagəlməz situasiyalarla dəfələrlə qarşılaşmışam. Əlbəttə, bu illər ərzində çox gözəl insanlarla da tanış olmuşam. Lakin ümumi tərəzidə səhifənin mənə verdiyi yük qazandırdıqlarından ağır gəldi.
- Səhifəni neçəyə satırsınız?
- 15 min manata.
- Müştəri varmı?
- Hələlik yalnız qiymətlə maraqlananlar var.
- Səhifənin sonrakı taleyi sizi narahat etmir?
- Düzünü desəm, yox.
- Maraqlıdır, necə oldu ki, belə bir səhifə yaratmaq qərarına gəldiniz?
- "Grammar Azi"ni 2016-cı ildə yaratmışam. Həmin dövrdə sosial şəbəkələrdə insanların Azərbaycan dilinin yazı qaydalarına ya səhv əməl etdiyini, ya da ümumiyyətlə əməl etmədiyini görürdüm. Bu səbəbdən belə bir səhifə yaratmaq qərarına gəldim.
- Uğur zaman aldı?
- "Grammar Azi"ni böyük uğur hesab etmirəm, sadəcə bir feysbuk səhifəsidir.

- Amma Azərbaycan reallığında 70 min insanı maarifçi bir səhifə ətrafında toplamaq ciddi nəticədir.
- "Grammar Azi" yazı qaydalarını paylaşmaqla yanaşı, səhvləri konkret nümunələr üzərindən göstərir. İdeyanın müəyyən qədər orijinal olması ilə razıyam. Səhifənin inkişafına vaxt və intellektual əmək sərf etmişəm. Bunun dəyərləndirilməsi, əlbəttə, xoşdur. Amma nəticə birdən-birə əldə olunmadı. 2016-cı ildən səhifə mövcud idi, lakin daha aktiv fəaliyyət 2019-cu ildən başladı.
- İnkişafı ən çox nədə hiss etdiniz?
- Əvvəllər reaksiyalar çox az idi. Amma buna baxmayaraq, davam edirdim. Özüm üçün intizam yaratmışdım və tək işləsəm də, hər gün paylaşım edirdim. Bir-iki şərh belə mənim üçün nailiyyət idi. İzləyiciləri adbaad tanıyırdım. Açığı, həmin dövrdə səhifəni idarə etmək mənə daha çox zövq verirdi.
- Niyə?
- Çünki auditoriya daha uyğun idi. Səhifə tanındıqca mövzuya uyğun olmayan insanlar da artdı. Bəzən səhifəni tanımayan biri sadəcə gülməli şərh yazaraq çoxlu bəyənmə toplayır. Mən yumora qarşı deyiləm. Amma yazı qaydaları ilə bağlı müzakirə mövzuya bələd insanlar arasında aparılanda bu, daha faydalı olur. Təəssüf ki, bəzən "da" şəkilçisinin ayrı yazıldığını bilməyən şəxslər də müzakirəyə qoşulur. Bu isə istənilən səhifə idarəçisinin qarşılaşa biləcəyi haldır və müəyyən mənada bununla barışmaq lazımdır.
- Yazılarındakı səhvləri paylaşdığınız insanlar arasında aqressiv reaksiya verənlər olurmu?
- Bəli. Hətta bir dəfə xarici bir telefon nömrəsindən təhqir və hədə-qorxu mesajı da almışam.
- Kim olduğunu öyrənmədiniz?
- Xeyr, özünü təqdim etmədi. Mən də təhqir və söyüş yazan insanla dialoqa girməyə ehtiyac görmədim.
- Bəs qurumların tənqidlərə reaksiyası necə olur?
- Ciddi qurumlar adətən adekvat reaksiya verir. Qeyri-adekvat münasibət daha çox əyləncə sahəsində tanınan insanlardan gəlir. Düzü, bizim məqsədimiz hər hansı reaksiya yaratmaq yox, düzgün yazılış variantını göstərməkdir. Üstəlik, səhvlər səhifədə paylaşılmazdan öncə həmin paylaşımın rəy bölməsində yazılır. Mən komanda üzvlərimizə də həmişə deyirəm ki, biz daha çox o şəxslərin və qurumların yazılarını paylaşmalıyıq ki, onların adekvat reaksiya vermək ehtimalı daha çox olsun.
- Hazırda komandada neçə nəfər var?
- Üç nəfərik.
- İxtisasca iqtisadiyyatçısınız. Dilçilik sahəsinə maraq necə yarandı?
- Mənim müəllimlər sarıdan bəxtim gətirib. Üstəlik, səhifəni idarə etdiyim müddətdə yazı qaydalarını daha dərindən öyrəndim. Çünki gələn suallara cavab vermək üçün ciddi mənbələrə istinad etməli olurdum. Araşdırmalar mənim də biliklərimi artırdı. Buna baxmayaraq, yenə də düşünmürəm ki, Murad Hüseynov dili çox yaxşı bilir. Ümumiyyətlə, müəyyən qədər yazı qaydalarından xəbərdarsınızsa, deməli, dil bilgiləriniz 50 faiz azərbaycanlıdan daha çoxdur. Məsələn, "da" şəkilçisini ayrı yaza bilirsinizsə, ən azı 30 faiz azərbaycanlıdan dili daha yaxşı bilirsiniz.
- Yəni vəziyyət doğrudan da bu qədər pisdir?
- Mənim müşahidələrim bunu göstərir.
- Azərbaycan dilini zəngin hesab edirsiniz?
- Dilin zənginliyi söz sayından çox, ifadə və yaradıcılıq imkanları ilə ölçülür. Bu baxımdan Azərbaycan dilinin zəngin olduğunu düşünürəm.
- Bu illər ərzində ən çox hansı sözün yazılışı sizi təəccübləndirib?
- "Karyera" sözünün "kariyera" kimi yazılması məni çox təəccübləndirir. Çünki danışıqda belə o "i"ni demirik. Eyni şəkildə "sürpriz" sözünün səhv yazılışı ilə də tez-tez qarşılaşıram. Belə nümunələr çoxdur.
- On ilə yaxındır "Grammar Azi" ilə yol gəlirsiniz. Əziyyətinizin bəhrəsini gördünüzmü?
- Mənim belə bir hədəfim olmayıb. Necə deyərlər, samuray üçün əsas olan məqsəd yox, ona aparan yoldur.
©525-ci qəzet
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda məşhur səhifə 15 min manata satışa çıxarıldı
28.02.2026Tikinti sektorundan yüksək gəlirli sahəyə keçdi
28.02.2026"Burger King" əməkdaşların davranışını süni intellektlə ölçəcək
28.02.2026Dubaya getmək istəyənlərin nəzərinə
28.02.2026Bakı-Naxçıvan-Bakı avtobusları fəaliyyətini dayandırdı
28.02.2026Azərbaycanın avtomobil istehsalı 71%-dən çox artıb
28.02.2026Bu şəxslərə inanmayın:Pulunuz oğurlana bilər - VİDEO
28.02.2026"eBay" 800-ə yaxın əməkdaşını ixtisar edəcək
28.02.2026Ev tikmək istəyənlərin nəzərinə: Hansı qaydaları bilmək lazımdır? - VİDEO
28.02.2026Tovuzda “Mercedes C180” 800 manata hərracda satışa çıxarılır
28.02.2026Azərbaycan nefti ucuzlaşıb
28.02.2026Yolların kənarlarındakı köşklər yığışdırılır? - VİDEO
28.02.2026Rəvan Əlizadəyə yüksək vəzifə verildi
28.02.2026Bank sektorunda son 5 ildə neçə nəfər işçi işləyib? - CƏDVƏL
28.02.2026İflasdan sonra yenidən yüksələn 8 məşhur şirkət - SƏHƏR OXUSU
28.02.2026Süni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?
27.02.2026"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki
27.02.2026Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda
27.02.2026