Redaktor
Vəfat edən şəxsin obrazının reklamda qalması etikdirmi?
Bildiyimiz kimi əməkdar artist Cabir İmanov bu ilin sentyabr ayında vəfat etdi. Lakin onun çəkildiyi reklamlar hələ də tez-tez qarşımıza çıxır. Bu reklamların qaldırıb-qaldırılmaması ilə bağlı müzakirələr gedir, şirkətlər açıqlamalar verir. Məhz bu situasiya sual doğrurur ki, əgər bir şəxs vəfat edibsə, onun çəkildiyi reklamlar qaldırılmalıdırmı?
“Bu, bir tərəfdən reklam və kommersiya fəaliyyəti ilə bağlı məsələ kimi görünsə də, əslində həm hüquqi, həm də etik məsuliyyət tələb edən mövzudur”.
Bu sözləri Valyuta.az-a marketoloq və sahibkar Elxan Mərdanlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda “right of publicity” (ictimaiyyət hüququ) ayrıca termin kimi qanunvericilikdə yer almasa da, bu anlayışın mahiyyəti Mülki Məcəllənin 23 və 24-cü maddələri ilə qismən tənzimlənir: “Bu məsələ Azərbaycan qanunvericiliyində tam şəkildə ayrıca institut kimi tənzimlənməsə də, şəxsi həyatın toxunulmazlığı və mənəvi hüquqlar çərçivəsində qismən əhatə olunur. Cəmiyyətin sevdiyi sənətkarın və ya tanınmış şəxsin obrazı onun həyatından sonra da insanlarda emosional bağlılıq yaradır. Buna görə də, onun şəklinin reklam lövhəsində qalması çox vaxt emosional narazılıq və hörmətsizlik təəssüratı doğurur”.

E.Mərdanlı deyir ki, etik baxımdan düzgün olan həmin görüntülərin müvəqqəti çıxarılması və yalnız ailə razılığı ilə xatirə xarakterli kampaniyalarda istifadəsidir: “Dünyanın aparıcı brendləri bu yanaşmanı “human approach” - yəni “insani yanaşma” adlandırır və bunu öz reputasiyalarının bir hissəsi kimi qoruyurlar”.
Əgər reklam lövhəsində yer alan şəxs dünyasını dəyişibsə, lövhənin dərhal çıxarılması həm etik, həm estetik, həm də kommunikativ baxımdan ən doğru addımdır. Bu, eyib deyil, əksinə, hörmət və dəyərlərə sədaqətin göstəricisidir”, - deyə E.Mərdanlı bildirib.
E.Mərdanlı qeyd edib ki, sonradan həmin obraz “xatirəsinə” və ya “tribute” çərçivəsində, ailə razılığı ilə istifadə edilərsə, bu, cəmiyyət tərəfindən də anlayışla qarşılanır: “Əsas məsələ odur ki, məqsəd kommersiya deyil, ehtiram olsun. Vəfat edən bir simanın şəkil və ya obrazının kommersiya məqsədilə istifadəsi hüquqi baxımdan razılıq tələb edən, etik baxımdan isə hörmət və dəyərlərin sınağı olan məsələdir. Qanun bu sahəni tam deyil, qismən tənzimləsə də, vicdan və mədəni dəyərlər çox zaman qanundan daha güclü olur”.
“Hörmətlə davranmaq bəzən ən təsirli reklamdır”, - deyə o əlavə edib.
Sərvanə Rəmixanova