Redaktor
"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər
Texnologiya nəhəngi "Meta Platforms" süni intellekt layihələrinə böyük xərcləri kompensasiya etmək üçün kütləvi ixtisarları nəzərdən keçirir.
Valyuta.az xəbər verir ki, Reuters-in məlumatına görə, şirkət işçi heyətinin 20%-dən çoxunun ixtisarını müzakirə edir. Mənbələrin bildirdiyinə əsasən, ixtisarların dəqiq miqyası və vaxtı hələ müəyyən edilməyib.
Qeyd olunur ki, "Meta" bu addımı süni intellekt infrastrukturu üçün artan xərcləri azaltmaq və AI texnologiyalarının gətirdiyi səmərəlilikdən istifadə etmək məqsədilə planlaşdırır.
Eyni zamanda şirkətin “Avocado” adlı yeni süni intellekt modelinin buraxılışını da təxirə saldığı bildirilir. Məlumata görə, modelin performansı OpenAI, Anthropic və Alphabet şirkətlərinin hazırladığı texnologiyalarla müqayisədə zəif nəticə göstərib.
Bunun fonunda "Meta"nın müvəqqəti olaraq Alphabet şirkətinə məxsus “Gemini” süni intellekt modelini lisenziyalaşdırmağı da nəzərdən keçirdiyi bildirilir.
Xəbərlərin təsiri ilə "Meta"nın səhmləri birja ticarətində 3,8% azalaraq 613,71 dollara düşüb. Bu, şirkətin səhmləri üçün yanvar ayının sonundan bəri ən aşağı səviyyə hesab olunur.