Redaktor
Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada 25-ə yaxın regiondan 50-dən çox fermer iştirak edir. Alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsulu münasib qiymətə təqdim olunur.
Valyuta.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Novruz bayramı yaxınlaşdıqca bayram süfrəsi üçün alış-veriş də canlanır. Şəhər sakinlərinin yerli və təzə kənd məhsullarına olan tələbatını qarşılamaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 9-19 mart tarixlərində "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir.
Biz də təqdim olunan məhsullarla yaxından tanış olmaq üçün yarmarkaya yollandıq.
Piştaxtalara düzülmüş meyvə, tərəvəz, çərəz, bal, çay, süd məhsulları və turşular yarmarkanın rəngarəng mənzərəsini yaradır.
Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
"Evdə uşağı olanlar bu bala üstünlük verir"
İlk olaraq bal düzülən piştaxtaya yaxınlaşdıq. Kəlbəcərdən gələn satıcı Vahid balın təbii olduğunu xüsusi vurğulayır:
"Balı öz əlimlə süzmüşəm. Qiymətlər 25-30 manatdan başlayır. Çiçək, qaratikan və cökə balının kiloqramı 30 manatdır, bankalarda satılan bal isə 25 manata təklif olunur. Daha çox çiçək balını alırlar. Digər növlərə nisbətən yüngül olur. Əsasən evdə uşağı olanlar bu bala üstünlük verir".
Lənkəran çayının ətri
Qonşu piştaxtada isə Lənkəran çayları satılır. Satıcı Aynurə xanım çayı termosda dəmləyərək alıcılara təqdim edir:
"Rəngi stəkana çıxmır. Əsl çay belə olmalıdır. Təbii çay 5-10 il də qala bilər və zaman keçdikcə daha da ləzzətli olur".
Satıcı dedi ki, yarmarkada çayların qiyməti 25 manatdan başlayır. Yarpaq çayının böyük paketi 28 manat, yarım kiloqramı isə 14 manatdır:
"Ən çox yarpaq çayını alırlar. Çünki daha tez dəmlənir. Buket çayın kiloqramı 45 manat, böyük qablaşdırması isə 100 manatdır".

"Mağazada 25 manat, bizdə 18 manatdır"
Novruz süfrəsinin əvəzolunmaz məhsullarından olan quru meyvələr də yarmarkada geniş çeşiddə təqdim olunur. Naxçıvandan məhsul gətirən satıcı Vüqar qiymətlərin daha sərfəli olduğunu deyir:
"Ordubad gavalısı 10 manatdır. Bizim burada 12 manata satdığımız kişmiş bazarlarda 17 manatdır. Alıcılara endirim də edirik. Təki alver olsun. Məhsulların hamısı təzədir".
Turşular və mürəbbələr
Yarmarkada müxtəlif turşu və mürəbbələr də alıcıların diqqətini çəkir. İsmayıllıdan gələn satıcı Namiq deyir ki, məhsulların bir çoxu ev şəraitində hazırlanıb:
"Zoğal, göyəm və badımcan turşusu beş manat, çaşır turşusu isə 10 manatdır. Ən çox sirkəyə və abqoraya tələbat var".
"Almadan qalmadı..."
Xaçmazdan alma gətirən satıcı Cavad deyir ki, yarmarkada meyvələr marketlərdən xeyli ucuzdur:
"Marketlərdə 2 manat 50 qəpiyə satılan alma burada 1 manat 50 qəpikdir. Qırmızı alma 1 manat 50 qəpikdən 3 manata qədər, sarı alma 1 manat, yaşıl alma isə 2 manat 50 qəpiyə satılır. Armud isə 2 manat 50 qəpikdir".
Gədəbəydən kartof və soğan gətirən satıcı Nizami isə məhsulların dərmansız yetişdirildiyini deyir:
"Dünən yarmarkaya gəlmişəm, 20 kisə kartof gətirmişdim. Bu gün cəmi 4 kisə qalıb. Xırda kartof 1 manat, iri kartof isə 1 manat 50 qəpikdir. Burada yer pulu tələbi olmadığı üçün məhsulu ucuz sata bilirik".
Satıcı əlavə edir ki, alıcılar əsasən axşam saatlarında çox olurlar və həftə sonu yarmarka daha da canlanır:
"İstərdik ki, belə yarmarkalar daimi olsun. İnsanlar tez-tez soruşur ki, yenə gələcəksiniz? Daimi deyil deyə, insanlar narazılıq edir".
Ucuz olduğunu deyən də var, narazı qalan da...
Yarmarkada alıcıların sayı kifayət qədərdir. Bəziləri piştaxtalara baxmaqla kifayətlənir, bəziləri isə dolu torbalarla çıxır. İsmayıl bəy qiymətlərdən razı qaldığını deyir:
"Burada yarmarkanı təsadüfən gördük. İtburnu axtarırdıq, amma daha çox məhsul aldıq. "Cırhacı" alması başqa yerdə 3 manatdır, burada 2 manata aldım. Narı da 2 manat 50 qəpiyə aldıq".
Lakin bütün alıcılar eyni fikirdə deyil. Binəqədidən gələn Sevda xanım qiymətlərin bazardan fərqli olmadığını düşünür.

Bütün məhsullar üçün münasib qiymətlər
Piştaxtalarda təqdim olunan qiymətlərə görə, səməninin qiyməti ölçüsündən asılı olaraq 1 manat 50 qəpikdən 15 manata qədər dəyişir. Qoyun pendirinin kiloqramı 11-12 manat, inək pendiri 9 manat, qaymaq 5 manat, Gədəbəy şoru 4 manat, əridilmiş yağ 22 manatdır. Yumurta 35-40 qəpik, toyuq 12 manat, lavaş isə 1 manat 30 qəpiyə satılır.
Çərəzlərdən qabıqlı fındıq kiloqramı 9 manatdan, fındıq ləpəsi 22-24 manatdan, qovrulmuş fındıq ləpəsi 22-28 manatdan, qoz ləpəsi 14-16 manatdan, soyulmuş qoz ləpəsi 15-25 manatdan, badam ləpəsi 14 manatdan, qarışıq çərəz 10 manatdan təklif edilir.

Türkan kəndindən gətirilən göyərtinin 7 dəstəsi isə 1 manatdır.

"Qiymətə müdaxilə etmirik, fermer özü müəyyənləşdirir"
Aqrar Tədarük və Təchizat İdarəsinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Nilüfər Qaçayeva bildirdi ki, fermerlərin yarmarkada iştirakı üçün qeydiyyat prosesi olduqca sadədir:
"Fermerlər qaynar xəttə zəng edərək iştirak etmək istədiklərini bildirirlər. Onlar həm bayram, həm də həftəsonu yarmarkalarında iştirak edə bilirlər. Yarmarkada fermerlər üçün yerlər, tərəzi, önlük və piştaxtalar ödənişsiz təqdim olunur. Onlar sadəcə məhsullarını gətirib satırlar. Yer pulu alınmadığı üçün fermerlər məhsullarını daha münasib qiymətə təklif edə bilirlər. Biz qiymətə müdaxilə etmirik, onu fermer özü müəyyənləşdirir".

N.Qaçayevanın sözlərinə görə, qiymətlərin bazarla müqayisədə daha münasib olması üçün mütəmadi monitorinqlər aparılır:
"Hər həftə bazar araşdırması aparılır. Monitorinq komandamız bazarlardakı qiymətləri izləyir və çalışır ki, yarmarkada məhsullar daha münasib qiymətə təklif olunsun".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda dövlət agentliyi ləğv edildi
14.03.2026Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı
14.03.2026Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ
14.03.2026“Wonderful” 150 milyon dollar investisiya alıb
14.03.2026Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?
14.03.2026Azərbaycan neftinin qiyməti 109 dolları keçdi
14.03.2026Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb
14.03.20262 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU
14.03.2026Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026