Redaktor
"Uşaqların rəqəmsal xərcləri 40-70 manatdır" - Zahid Oruc
"Dünya üzrə uşaq sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il hesabatına görə, dünyada 13-17 yaş aralığında olan yeniyetmələrin 95 faizi aktiv sosial media istifadəçisidir. Yeniyetmələrin 35 faizi bir gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir".
Valyuta.az "Sfera.az"a istinadən xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, elmi araşdırmalar göstərir ki, sosial media alqoritmləri beyinin dopamin sistemini kazino mexanizmləri, siqaret və alkoqola bənzər şəkildə aktivləşdirir:
"Harvard Universitetinin elm nəşrləri 11.876 uşağı əhatə edən tədqiqatda sosial media istifadəsinin artmasının depressiya simptomları ilə əlaqəli olduğunu təsdiqləyir. Cinayətkarlıq və "Onlayn İstismar"la bağlı İnterpolun 2023-cü il hesabatı göstərir ki, uşaqlara qarşı onlayn cinsi istismar hallarının 78 faizi sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilir: "Dünya Səhiyyə Təşkilatı 2019-cu ildən oyun asılılığını (gaming disorder) və virtual tələləri rəsmi xəstəlik kimi siyahıya alıb. Netflix-dən sızdırılan məlumata görə, platformanın əsas rəqibi yuxudur – şirkət fəaliyyətini bilavasitə uşaqların yuxu saatlarını azaltmağa yönəldib.
Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir. Həmçinin, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir.
Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-2025-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4,7 dəfə artıb. Rəqəmlər yalnız böyük şəhərlərdə deyil, rayon mərkəzlərinin tibb müəssisələrini də əhatə edir.
Uşaqlar tez-tez yerini, məktəbini, dost dairəsini, gün rejimlərini sosial mediada paylaşır. Məlumatlar cinayətkar şəxslər, o cümlədən pedofillər tərəfindən aktiv şəkildə istifadə edilir.
Uşaqların 58 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib".
Z.Oruc qeyd edib ki, sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var:
"Gənclər tərəfindən edilən impulsiv alışlar – oyun içi satınalmalar, influenser reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri – ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir. İnternet texnologiyaları uşaqları sadəcə sosial media vasitəsilə deyil, bir çox başqa yollarla da tələyə sala bilir. "Fortnite", "Roblox", PUBG kimi oyunlar milyonlarla uşağı hədəf alır. Oyunlarda "loot box" – yəni, şans əsasında mükafat qutusu mexanizmi Belçika, Niderland kimi ölkələr tərəfindən qanunsuz qumar mexanizmi olaraq qəbul edilib.
Komitə sədri qeyd edib ki, layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır".
Z.Oruc bildirib ki, yeni layihədə Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Onun sözlərinə görə, burada əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır:
"Buna görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir. Dövlətimizin uşaqların hüquqlarını qorumaqla digər sahələrdə də yaş senzi tətbiq edir-siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, qeyri-əxlaqi məzmunlara çıxışına qoyulan məhdudiyyət uşaqların sağlamlığı və rifahı üçündür. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur.
Ona görə də layihəyə əsasən, 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar. 16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr yalnız valideynin razılığı ilə platformada hesab yarada bilər. Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur".
Z.Oruc deyib ki, provayderlərdən hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələb olunacaq:
"Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər. Qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər. Göründüyü kimi, nəticədə dövlətimiz hüquqi nəzarəti rəqəmsal sahədə genişləndirməsi Azərbaycanın beynəlxalq uşaq hüquqları öhdəlikləri ilə tam uyğunluq təşkil edir".