Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

Redaktor

25.02.2026 15:25
55

Onlayn satış edən saxta səhifələri necə tanımaq olar?

Son vaxtlar sosial şəbəkələrdə onlayn satış səhifələri sürətlə çoxalır. Xüsusilə geyim və müxtəlif məhsul satan hesablar diqqət çəkir. Amma eyni zamanda şikayətlər də artır: əvvəlcədən ödəniş etdikdən sonra səhifə tərəfindən bloklananların sayı az deyil.

Maraqlıdır ki, zərərçəkənlərin çoxu səhifənin minlərlə izləyicisi olduğunu və paylaşımların normal göründüyünü deyir. Bəs onlayn mağazaların saxta olub-olmadığını necə anlamaq olar?

Valyuta.az-a danışan rəqəmsal marketoloq Mirsəid Hüsülü bildirib ki, sosial şəbəkələrdə onlayn satış səhifələrinin artması rəqəmsallaşmanın təbii nəticəsidir: "İnsanlar fiziki mağazaya getmək əvəzinə "Instagram" və "TikTok" üzərindən alış etməyə üstünlük verir. Lakin paralel olaraq saxtakarlıq halları da artır və bu, emosional yox, sistemli yanaşma tələb edən məsələdir".

Onun sözlərinə görə, yüksək izləyici sayı heç vaxt etibarlılıq göstəricisi deyil, izləyici almaq texniki olaraq çox asandır və “görünüş” yaratmaq bu gün olduqca ucuz başa gəlir.

Mütəxəssis vətəndaşlara bir neçə əsas məqama diqqət etməyi tövsiyə edir: "İlk növbədə səhifənin tarixçəsi araşdırılmalıdır. Profil yaxın aylarda yaradılıbsa və qısa müddətdə böyük satış kampaniyası aparırsa, bu artıq risk siqnalıdır.

İkinci mühüm məqam rəy və şərhlərin keyfiyyətidir. Eyni tipli, qısa və ümumi “əla məhsul”, “super” kimi şərhlər bot aktivliyindən xəbər verə bilər. Real müştəri isə adətən konkret detaldan danışır.

Üçüncü məsələ biznesin şəffaflığıdır. Ünvanın, VÖEN-in, hüquqi şəxs məlumatlarının olmaması və yalnız kartdan-karta ödəniş tələb edilməsi risk göstəricisidir. Ciddi biznes modeli yalnız sürətli köçürməyə əsaslanmır.

Dördüncü olaraq kontentin orijinallığı vacibdir. Saxta səhifələr çox zaman məhsul şəkillərini internetdən götürür. Eyni fotonun başqa ölkə saytında çıxması şübhə yaradır. Real biznes öz çəkilişini edir və formalaşmış brend dili olur.

Beşinci məqam isə satış prosesidir. Müştərini tələsdirmək - “son 2 ədəd qalıb”, “indi ödəniş etməsən kampaniya bitəcək” kimi ifadələr psixoloji təzyiq texnikasıdır və saxta satış səhifələrində tez-tez istifadə olunur".

Mütəxəssis qeyd edir ki, saxtakarlığı yüz faiz müəyyən edən “sehrli formula” yoxdur: "Lakin risk indikatorları mövcuddur və rəqəmsal dünyada etibar dizaynla yox, strukturla ölçülür. Güclü profil qurmaq bir neçə günün, güclü reputasiya isə illərin işidir".

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə də bildirir ki, onlayn mağazanın izləyici sayına aldanmaq olmaz: "Hesab haqqında bölmədə adın tez-tez dəyişməsi ciddi siqnaldır. Həmçinin real müştəri rəylərinin olmaması və ya şərhlərin qapalı saxlanılması da şübhə doğurur".

İşçi şirkətin əmlakına zərər vurarsa, pulunu özü ödəməlidir"

Onun sözlərinə görə, internetdən götürülmüş hazır fotolardan istifadə edən və yalnız karta birbaşa köçürmə tələb edən səhifələrdən uzaq durmaq lazımdır: "Hüquqi baxımdan ödəniş alıb malı göndərməmək birbaşa dələduzluqdur və bu hal Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənir. Belə hallarla qarşılaşan vətəndaşlar vaxt itirmədən 102 xidmətinə müraciət etməlidirlər. Ödəniş qəbzləri və yazışma "skrin"ləri əsas sübut hesab olunur. Şəxsiyyət müəyyən edildikdən sonra məhkəməyə müraciət etməklə həm ödənilmiş vəsaiti, həm də dəymiş mənəvi ziyanı geri tələb etmək mümkündür".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...