Redaktor
Bu biznesi qurmaq üçün 3 500 manat lazımdır - Amma maliyyəsiz də qurmaq olar
Azərbaycanda təbiət turizminə marağın artması kamp biznesinə olan diqqəti də artırıb. Son illər açıq hava fəaliyyətlərinə olan tələbat fonunda bu istiqamətdə biznes qurmaq istəyənlərin sayı çoxalıb.
Azərbaycanda kamp biznesi qurmaq üçün nə qədər maliyyə lazımdır?
Kamp biznesinin qurulması üçün tələb olunan maliyyə və bu sahədə uğur üçün vacib olan şərtlər barədə "Valyuta.az"a danışan "Erxcamp" şirkətinin rəhbəri Rəhim İsrafilbəyli bildirib ki, bu biznesin peşəkar səviyyədə təşkili üçün ilkin mərhələdə müəyyən maliyyə bazasının olması vacibdir:
"Lazımi avadanlıqlar - çadırlar, matlar, yuxu tulumları, kamp ləvazimatları, əyləncə və komanda üçün nəzərdə tutulan avadanlıqlar, eləcə də marketinq və reklam üçün tələb olunan materiallar nəzərə alındıqda, ilkin mərhələdə ümumi maliyyə ehtiyacı təxminən 3500 manat təşkil edir".
R.İsrafilbəyli bir kampın ümumi xərcini, 20 nəfərlik bir qrupun Şamaxı rayonuna təşkil olunacaq 1 gecə/2 günlük kamp proqramına əsasən aşağıdakı kimi qeyd edib:
"Proqrama 3 dəfə qidalanma və ümumi təşkilati ehtiyaclar daxildir.
Əsas xərclər:
Nəqliyyat: 300 manat
Yerləşmə (kamp sahəsi, icazə və s.): 160 manat
Marketinq xərcləri: 120 manat
Əlavə xərclər (təcili hallar, texniki avadanlıqlar və s.): 50 manat
Qidalanma (nümunə menyu: yumurta-pomidor, sosis kababı, toyuq kababı və s.): 100 manat
Avadanlıqla Bağlı Xərclər (əgər biznes sahibi öncədən almayıbsa):
Çadır kirayəsi (10 manat × 10 ədəd): 100 manat
Yuxu tulumu (4 manat × 20 ədəd): 80 manat
Mat (1 manat × 20 ədəd): 20 manat
Cəmi təxmini xərc:
Əgər iştirakçılar öz avadanlıqları ilə qatılırsa: təxminən 730 manat
Əgər avadanlıq kirayə götürülürsə: təxminən 830 manat
Bu modelə əsasən, kamp proqramlarının bir çox xərci tədbir zamanı iştirakçı biletləri vasitəsilə qarşılandığı üçün təşkilatçı ilkin olaraq şəxsi vəsaitindən istifadə etmədən, əvvəlcədən satılmış biletlər vasitəsilə xərcləri rahatlıqla ödəyə bilər. Bu, aşağı riskli və özünü maliyyələşdirən bir fəaliyyət modelidir".
"Düşərgə qurmaq və onu idarə etmək tək bir şəxsin öhdəsindən gələ biləcəyi iş deyil. Bu fəaliyyətə başlamaq istəyənlər üçün ən uyğun yol, ilkin mərhələdə azı iki nəfərlik bir komanda ilə yola çıxmaqdır. Kiçik qruplar üçün - yəni təxminən 20-30 nəfərlik iştirakçı sayı nəzərdə tutulduqda - bu sayda komanda kifayət edir. Lakin iştirakçı sayı artdıqca əlavə işçi heyətinə ehtiyac yaranır. Zamanla düşərgə təşkilatçılarını tanıyan, bu sahəyə maraq göstərən və təcrübə qazanmaq istəyən şəxslər də könüllü şəkildə müraciət edirlər",-deyə əlavə edib.
Onun sözlərinə görə, kamp biznesi bir neçə prosesi eyni vaxtda idarə etməyi tələb edən kompleks bir sahədir:
"Bu sahədə uğur qazanmaq və biznesi səmərəli şəkildə idarə etmək üçün sahibkarın müəyyən bacarıqlara və maraq dairələrinə malik olması vacibdir.
Əsas tələblərə təbiətə və açıq hava fəaliyyətlərinə maraq, idarəçilik bacarıqları, kamp sahəsində təcrübə, müştərilərlə effektiv ünsiyyət bacarığı, ani qərarvermə və problem həll etmə qabiliyyəti, eləcə də əsas tibbi biliklər daxildir. Bu bacarıq və biliklər kamp biznesinin düzgün planlanması və davamlı inkişafı üçün mühüm rol oynayır.
Kampinq biznesində xərclərin nisbətən sabit qalması, müştəri sayındakı artımın gəlirə birbaşa təsir göstərməsinə səbəb olur. Yəni, nə qədər çox müştəri cəlb olunarsa, gəlir də bir o qədər artır. Həmçinin bu sahədə fəaliyyət göstərmək istəyən şəxslər nəzərə almalıdırlar ki, gəlirin artımı müştəri axınından asılıdır və bazardakı real vəziyyətə uyğun gözləntilərlə hərəkət etmək vacibdir. Belə biznesə başlayanlar ilkin mərhələdə gəlirlə bağlı yüksək gözləntilər qurmaqdan çəkinməlidirlər. Gözləntilərin real iqtisadi və turizm şəraiti ilə uyğunlaşdırılması uğurun əsas şərtlərindən biridir".
Şirkət rəhbəri həmçinin bildirib ki, kamp fəaliyyətinin effektiv təşkili üçün əsas və əlavə avadanlıqların təmin edilməsi zəruridir: "Əsas avadanlıqlara çadırlar, matlar, yuxu tulumları, ilkin tibbi yardım dəsti və təşkilatçılar üçün ratsiyalar (əlaqə qurğuları) daxildir. Əlavə avadanlıqlar sırasına isə fənərlər, mətbəx ləvazimatları, əyləncə avadanlıqları və yağmurluqlar aiddir".

R.İsrafilbəyli kamp fəaliyyətinin təşkili zamanı yer seçimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Seçiləcək ərazinin təhlükəsizlik baxımından qorunaqlı olması və müştərilər üçün rahat şəraitin təmin edilməsi əsas amillər sırasındadır. Nəqliyyat bu biznesdə əsas xərclərdən biri olduğuna görə, xərc optimizasiyası məqsədilə Bakı şəhərinə yaxın yerləşən regionlara - Şamaxı, Quba və İsmayıllı rayonlarına üstünlük verilməsi daha məqsədəuyğundur. Bu bölgələr həm coğrafi yaxınlıq, həm də təbii şərait baxımından kamp fəaliyyəti üçün əlverişli hesab olunur".
Kampinq fəaliyyəti əsasən yaz və yay aylarında həyata keçirildiyini qeyd edən R.İsrafilbəyli bildirib ki, bunun əsas səbəbi həmin fəsillərdə hava şəraitinin əlverişli olmasıdır:
"Soyuq aylarda düşərgə şəraitində qalmaq müştərilər üçün bəzi çətinliklər yarada bilər.
Buna baxmayaraq, sabit və formalaşmış müştəri bazasına malik olan şirkətlər payız və qış mövsümündə də bu sahədə fəaliyyətlərini davam etdirə bilirlər. Bu dövrdə isə daha çox birgünlük yürüşlər (hiking) ön plana çıxır və təşkil olunan tədbirlər arasında üstünlük təşkil edir".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026