Redaktor
“İnsanlar nəzarəti itirə bilər" - Saadiyə Zahidi
Ümumdünya İqtisadi Forumu (ÜİF) 2026-cı il üçün “Qlobal Risklər Hesabatı”nı açıqlayıb. Hesabatda qarşıdakı iki ildə qlobal biznes üçün ən böyük təhlükələrin iqtisadi qarşıdurmalar və süni intellekt texnologiyalarının mənfi nəticələri olduğu vurğulanır.
Hesabatda 1300-dən çox hökumət, biznes və qeyri-kommersiya təşkilatı nümayəndəsinin fikirləri yer alıb. Respondentlərin yarısı növbəti iki il ərzində gərgin dövr gözlədiklərini bildirib, yalnız 1%-i isə sabitlik olacağını düşünür.
Valyuta.az xəbər verir ki, ÜİF-in idarəedici direktoru Saadiyə Zahidinin CNBC-yə açıqlamasına görə, artan tariflər, tənzimləmə tədbirləri, təchizat zəncirlərinə və maliyyə axınına qoyulan məhdudiyyətlər kimi iqtisadi alətlərin "silahlaşdırılması" bu gərginliyi daha da artırır və dünya ticarətində ciddi daralmaya səbəb ola bilər.
Qısamüddətli risklər:
Geoiqtisadi qarşıdurma.
Dezinformasiya və yanlış məlumatlar.
Cəmiyyətin qütbləşməsi.
Ekstremal hava hadisələri.
Dövlətlərarası silahlı münaqişələr.
Kiber təhlükələr.
Bərabərsizlik.
İnsan haqları və vətəndaş azadlıqlarının aşınması.
Çirklənmə.
Məcburi miqrasiya və köçkünlük.
Uzunmüddətli risklər (2036-cı ilə qədər):
Ekstremal hava hadisələri.
Biomüxtəlifliyin itirilməsi və ekosistemlərin çökməsi.
Yer sistemində kritik dəyişikliklər.
Dezinformasiya və yanlış məlumatlar.
Süni intellekt texnologiyalarının mənfi nəticələri.
Təbii resurs çatışmazlığı.
Bərabərsizlik.
Kiber təhlükələr.
Cəmiyyətin qütbləşməsi.
Çirklənmə.
"Marsh" sığorta şirkətinin baş direktoru Con Doyl CNBC-yə müsahibəsində bildirib ki, hazırkı dövr "böyük qlobal böhran dövrü deyil, çoxsaylı paralel böhranlar dövrüdür." O, ticarət müharibələri, mədəni qarşıdurmalar, sürətli texnoloji inqilab və ekstremal hava hadisələrini biznes üçün əsas çağırışlar kimi göstərib.
Süni intellektin inkişafı ilə bağlı narahatlıqlar isə sürətlə artmaqdadır. Hesabatda qeyd olunur ki, bu texnologiya nəticəsində əmək bazarında itkilər bərabərsizliyi artıraraq cəmiyyətin parçalanmasına, istehlak xərclərinin azalmasına və sosial narazılığa səbəb ola bilər.
Zahidi əlavə edib ki, süni intellekt, maşın öyrənməsi və kvant hesablama sahələrinin sürətli inkişafı “insanların nəzarəti itirə biləcəyi” bir texnoloji mənzərə yarada bilər.
Ətraf mühit riskləri arxa plana keçir, lakin təhlükə davam edir.
Zahidi qeyd edib ki, ətraf mühitlə bağlı risklər qısamüddətli narahatlıqlar səbəbilə “prioritetdən çıxarılıb”. Lakin ekstremal hava hadisələri 10 illik dövr üçün hələ də ən böyük təhlükə hesab olunur.
2025-ci ildə təbii fəlakətlərdən sığortalanmış ümumi zərər 107 milyard dollar səviyyəsində qiymətləndirilir — bu ardıcıl altıncı ildir ki, 100 milyard dolları aşır.
Doyl Kaliforniyada 2025-ci ilin əvvəlində baş verən meşə yanğınlarını xatırladaraq bildirib ki, risklərin səmərəli idarə olunması üçün uyğun tikinti normativlərinə və texnologiyaların tətbiqinə ehtiyac var.
Tənzilə Ağabalayeva