Redaktor
Əbu-Dabinin iki böyük fondu "Bitcoin"i artırır - 1 milyardlıq ETF mövqeyi açıqlandı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində yerləşən iki iri investisiya fondu "Bitcoin"ə yatırımlarını davam etdirir.
Valyuta.az xəbər verir ki, Abu Dabi hökumətinə bağlı "Mubadala Investment Company" və "Al Warda Investments" fondları ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdikləri 13-F hesabatında ümumilikdə 1 milyard dollardan çox "Bitcoin ETF" mövqeyinə sahib olduqlarını açıqlayıblar.
Məlumata görə, idarə etdiyi aktivlərin həcmi 300 milyard dollardan artıq olan dövlət fondu "Mubadala" portfelində "BlackRock" tərəfindən idarə olunan "iShares Bitcoin Trust" (IBIT) fondunun 12 milyon 702 min səhmini saxlayır. Bu payın bazar dəyəri təxminən 631 milyon dollar təşkil edir. Fond ötən ilin üçüncü rübü ilə müqayisədə IBIT üzrə mövqeyini 46% artırıb.
Digər tərəfdən, Abu-Dabi hökumətinə bağlı investisiya qurumu "Al Warda Investments" da IBIT fondunun 8 milyon 218 min səhminə sahibdir. Bu investisiyanın ümumi dəyəri isə təxminən 410 milyon dollar qiymətləndirilir.
Beləliklə, hər iki fondun "Bitcoin"lə əlaqəli ümumi investisiya portfelinin həcmi 1 milyard dolları ötür. Bu göstərici Abu-Dabi maliyyə qurumlarının kriptovalyutalara, xüsusilə də "Bitcoin"ə olan institusional marağının gücləndiyini nümayiş etdirir.
Qeyd edək ki, iri institusional investorlar birbaşa kriptovalyuta almaq əvəzinə, adətən tənzimləmə, saxlanma və əməliyyat risklərini azaltmaq məqsədilə spot aktivləri izləyən ETF-lər vasitəsilə bazara daxil olurlar.
Sərvanə Rəmixanova