Redaktor
Dünyanın ən bahalı 7 video oyunu
1950-ci illərin sonlarından inkişaf edən video oyun sənayesi bu gün milyardlarla dollarlıq bazara çevrilib. Oyunlar daha real və immersiv olduqca onların hazırlanma xərcləri də sürətlə artıb. Bəzi oyunların büdcəsi hətta iri büdcəli Hollivud filmlərini geridə qoyur.
-
Grand Theft Auto V — 256 milyon dollar
Grand Theft Auto (GTA) seriyasının beşinci oyunu olan “Grand Theft Auto V” bu günə qədər hazırlanmış ən bahalı video oyunlardan biri hesab edilir. Oyunun hazırlanması və marketinqinə ümumilikdə 256 milyon dollar xərclənib. Bu məbləğ bir çox müasir filmin büdcəsindən yüksəkdir.
Sərf olunan vəsait öz bəhrəsini verib. GTA V 145 milyondan çox nüsxə satılıb və bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Oyunun hadisələri San Andreas adlı uydurma ştatda cərəyan edir və açıq dünya formatı oyunçulara geniş imkanlar təqdim edir. GTA V bütün dövrlərin ən çox satılan ikinci oyunu hesab olunur.
-
Call of Duty: Modern Warfare 2 — 250 milyon dollar
Tarixin ikinci ən bahalı oyunu məşhur “Call of Duty” seriyasının nümayəndəsidir. 2009-cu ildə “Infinity Ward” tərəfindən hazırlanan və “Activision” tərəfindən yayımlanan “Modern Warfare 2”nin ümumi büdcəsi 250 milyon dollar olub.
Bunun yalnız 50 milyon dolları oyunun hazırlanmasına, təxminən 200 milyon dolları isə marketinq kampaniyasına sərf edilib. Oyun satışa çıxdığı ilk 24 saat ərzində təxminən 5 milyon nüsxə sataraq rekord nəticə göstərib və ümumilikdə 25 milyon satışa nail olub.
-
Cyberpunk 2077 — 174 milyon dollar
XXI əsrin ən çox gözlənilən oyunlarından biri olan “Cyberpunk 2077”nin hazırlanmasına 174 milyon dollar xərclənib. Məlumatlara görə, marketinq xərcləri bu rəqəmdən əlavə olaraq milyonlarla dollar təşkil edib.
“CD Projekt” tərəfindən hazırlanan oyun futuristik Night City şəhərində cərəyan edir və oyunçular muzdlu döyüşçü V obrazını idarə edirlər. Oyunun satışları 13,7 milyon nüsxəni keçib. İlk dövrlərdə texniki problemlər və müxtəlif səhvlərə görə tənqid olunsa da, sonradan yüksək qiymətləndirilib. Oyunda məşhur aktyor Kianu Rivzin iştirakı da böyük maraq yaradıb.
-
Final Fantasy VII — 145 milyon dollar
Bütün zamanların ən yaxşı video oyunlarından biri hesab edilən “Final Fantasy VII” də ən bahalı layihələr sırasındadır. 1997-ci ildə təqdim edilən oyunun ümumi büdcəsi 145 milyon dollar olub. Bunun 100 milyon dolları marketinqə, 45 milyon dolları isə hazırlanma prosesinə yönəldilib.
Maraqlıdır ki, 2020-ci ildə təqdim olunan “Final Fantasy VII Remake” versiyasının büdcəsi belə orijinal oyunun xərclərini üstələyə bilməyib.
-
Destiny — 140 milyon dollar
2014-cü ildə təqdim olunan “Destiny” oyununun hazırlanmasına 140 milyon dollar sərf edilib. “Bungie” tərəfindən hazırlanan və “Activision” tərəfindən yayımlanan oyun onlayn çoxoyunçulu birinci şəxs atıcı janrına aiddir.
Oyunçular həm ənənəvi PvP döyüşlərində iştirak edə, həm də geniş açıq dünyanı araşdıra bilirlər. “Destiny” tənqidçilərdən müsbət rəylər alaraq kommersiya baxımından uğurlu layihəyə çevrilib.
-
Halo 2 — 120 milyon dollar
“Halo: Combat Evolved” oyununun davamı olan “Halo 2” də tarixdə ən bahalı oyunlardan biridir. İnflyasiyaya uyğun hesablandıqda oyunun dəyəri təxminən 120 milyon dollar təşkil edir.
“Halo 2” 8,4 milyon nüsxə satılıb və ilk nəsil Xbox konsolu üçün ən çox satılan oyun rekordunu qoruyur. Oyunda əfsanəvi Master Chief obrazı yadplanetli Covenant qüvvələrinə qarşı mübarizə aparır.
-
Max Payne 3 — 105 milyon dollar
“Rockstar Games” tərəfindən hazırlanan “Max Payne 3” seriyanın ən bahalı oyunu olub. Şirkət layihəyə 105 milyon dollar sərmayə yatırıb.
Oyun müsbət rəylər alsa da, əvvəlki “Max Payne” oyunları qədər böyük kommersiya uğuru əldə edə bilməyib. Buna baxmayaraq, “Max Payne 3” təxminən 4 milyon nüsxə sataraq bir sıra mükafatlara namizəd göstərilib.
Tənzilə Ağabalayeva