Redaktor
5 uğursuz dönüşdən 1 milyon dollarlıq uğura
Bir startapın uğur hekayəsinə baxanda adətən yalnız nəticəni görürük. Yüz minlərlə istifadəçi, milyonlarla dollar gəlir və sürətlə böyüyən bir şirkət. Amma bu uğurun arxasında çox vaxt uğursuzluqlar, tükənmək üzrə olan ümidlər və saysız-hesabsız yanlış qərarlar dayanır.
Məhz belə bir hekayə "Candle" tətbiqinin qurucuları Alex Ruber və Parth Chopra ilə baş verdi. Bu gün milyonlarla dollarlıq potensiala malik sosial tətbiqin arxasında duran iki sahibkar, cəmi bir neçə ay əvvəl ardıcıl uğursuzluqların içində çıxış yolu axtarırdı.
Bəs necə oldu ki, beş dəfə istiqamət dəyişən, ondan çox fərqli ideyanı sınaqdan keçirən bu komanda cəmi altı ay ərzində 300 min istifadəçiyə və illik 1 milyon dollardan çox gəlirə çatan bir məhsul yaratdı?
"Pivot cəhənnəmi": Bir ideyadan digərinə uzanan çətin yol
Alex Ruber əvvəllər "Apple"da, Parth Chopra isə "Asana" və "Twitter"də mühəndis kimi çalışmışdı. Onlar birlikdə hazırladıqları süni intellekt əsaslı ikinci əl alış-veriş platforması "Encore" ilə "Y Combinator"a qəbul olunmuş, hətta bu layihə üçün 2 milyon dollar investisiya cəlb etməyi bacarmışdılar.
Lakin bir problem var idi. Məhsul texniki baxımdan işləsə də, biznes modeli gəlir gətirmirdi. Qurucular başa düşdülər ki, ikinci əl alış-veriş bazarında uğur qazanmaq üçün ya "Google Shopping", ya da "eBay" kimi nəhənglərlə rəqabət aparmaq lazımdır. Bu isə onların qurmaq istədiyi biznes deyildi. Beləliklə, onlar əvvəlki layihədən imtina etdilər.
Sonrakı dörd-beş ay ərzində moda, idman və başqa sahələrdə 10-dan çox fərqli ideya sınaqdan keçirildi. Hər yeni layihə müəyyən ümid yaratsa da, heç biri gözlənilən nəticəni vermədi. Bu dövr sahibkarların özünün də dediyi kimi, əsl "pivot cəhənnəmi" idi.
Ən yaxşı ideya şəxsi problemdən doğuldu
Davamlı uğursuzluqlar artıq onların şəxsi həyatına da təsir etməyə başlamışdı. İş yükü dostlarla və həyat yoldaşları ilə münasibətlərdə gərginlik yaradırdı. Məhz bu problem yeni ideyanın əsasını qoydu. İlk versiya olduqca sadə idi. Tətbiq cütlüklərin bir-birini daha yaxşı tanıması üçün sürüşdürülən suallar təqdim edirdi. Komanda bunun böyük uğur qazanacağını düşünmürdü. Ancaq gözlənilməz hadisə hər şeyi dəyişdi. Şirkətdə çalışan bir təcrübəçi tətbiqlə bağlı "TikTok" videosu paylaşdı. Video qısa müddətdə viral oldu, xüsusilə Avropada sürətlə yayıldı. Minlərlə insan tətbiqi yükləməyə başladı, istifadəçilərdən gələn rəylər isə komandanın məhsulu inkişaf etdirməsi üçün yeni istiqamət göstərdi.
Beləliklə, sadə bir prototip qısa müddətdə "Candle" adlı sosial tətbiqə çevrildi.
Cəmi altı aya 300 min istifadəçi və milyonluq gəlir
Bu gün istifadəyə verilməsindən cəmi altı ay sonra "Candle"ın 300 mindən çox istifadəçisi var. Onların təxminən 150 mini cütlüklərdir. Platformanın aylıq aktiv istifadəçi sayı 250 mini ötür. İstifadəçilərin böyük hissəsi tətbiqə hər gün daxil olur ki, bu da sosial tətbiqlər üçün ən vacib göstəricilərdən biri hesab edilir. "Candle" bir neçə dəfə "Apple App Store"un ən populyar 25 tətbiqi sırasında yer almağı da bacarıb. Şirkət yalnız istifadəçi sayını artırmaqla kifayətlənməyib. Tətbiqin aylıq gəliri artıq 150 min dolları keçib. Bu isə illik hesablamada 1 milyon dollardan çox dövriyyə deməkdir.
İnsanları tanış etmir, münasibətləri qorumağa çalışır
"Candle"ın fərqi yeni insanları tanış etdirməkdə deyil. Tətbiq artıq bir-birini tanıyan insanların, məsələn sevgililərin, həyat yoldaşlarının və yaxın dostların münasibətlərini daha da möhkəmləndirməyə çalışır. İstifadəçilər hər gün qısa sualları cavablandırır, şəkillər paylaşır, kiçik oyunlar oynayır və davamlı istifadə etdikcə xüsusi xal sistemi ilə mükafatlandırılırlar.
Pulsuz funksiyalarla yanaşı, əlavə məzmun və imkanlar təqdim edən ödənişli paketlər də mövcuddur. Məhz bu model şirkətin erkən mərhələdə gəlir əldə etməsinə imkan verib.
Bu uğurun arxasında hansı dərs dayanır?
"Candle"ın hekayəsi göstərir ki, uğurlu startapların əksəriyyəti ilk ideyaları ilə zirvəyə çatmırlar. Bəzən milyonlarla dollar investisiya alan layihədən imtina etmək, onlarla fərqli ideyanı sınaqdan keçirmək və uğursuzluğu qəbul etmək lazımdır. Ən uğurlu məhsul isə heç gözlənilməyən anda, gündəlik həyatda yaşanan kiçik bir problemin həllindən yarana bilər. Alex Ruber və Parth Chopra üçün də dönüş nöqtəsi məhz bu oldu. Onlar texnologiyadan daha çox insanların bir-biri ilə əlaqəsini gücləndirməyə fokuslandılar.
Nəticədə isə bir vaxtlar uğursuz hesab edilən komanda cəmi altı ay ərzində yüz minlərlə istifadəçinin seçdiyi və milyon dollarlıq gəlir əldə edən yeni bir biznes qurmağı bacardı.
Rəfiqə Abdin