Redaktor
Dünya avtomobil sənayesində azərbaycanlı imzası - avtomobil dizayneri Orxan Babayev ilə MÜSAHİBƏ
Xaricdə yaşayan və çalışan həmyerlilərimiz müxtəlif sahələrdə mühüm uğurlara imza ataraq Azərbaycanı layiqincə təmsil edirlər. Belə uğurlu soydaşlarımızdan biri də Almaniyada fəaliyyət göstərən avtomobil dizayneri Orxan Babayevdir. Azərbaycandan başlayaraq Almaniyanın nüfuzlu dizayn məktəblərinə qədər uzanan peşəkar yolu onu dünya avtomobil sənayesinin aparıcı şirkətlərinə gətirib çıxarıb. “Audi”, SEAT, “Honda” və BMW kimi tanınmış markalarla əməkdaşlıq edən həmyerlimiz hazırda Münxendə yerləşən “FAW Advanced Design Studio”da xarici dizayn üzrə mütəxəssis kimi çalışır.
Valyuta.Az xəbər verir ki, Orxan Babayev Azərtac-a müsahibəsində avtomobil dizaynı sahəsindəki fəaliyyəti, Almaniyada qurduğu karyera və bu peşənin gələcəyindən söz açıb.
- Zəhmət olmasa, özünüz və təhsil yolunuz barədə qısa məlumat verərdiniz? Almaniyada avtomobil dizaynı sahəsində çalışana qədər hansı mərhələlərdən keçmisiniz?
- Mən Azərbaycanda doğulub-böyümüşəm. Uşaqlıqdan həm rəsm çəkməyə, həm də avtomobillərə böyük marağım olub. İlk olaraq valideynlərimin tövsiyəsi ilə iqtisadiyyat fakültəsinə daxil oldum, lakin iki ildən sonra başa düşdüm ki, həyatımı həqiqətən sevdiyim sahəyə həsr etmək istəyirəm. Buna görə də təhsilimi yarımçıq qoyaraq avtomobil dizaynı istiqamətinə yönəldim.
Araşdırmalarım nəticəsində Almaniyanın Pforzheim Universitetinin “Transportation design” sahəsində dünyanın ən güclü ali təhsil ocaqlarından biri olduğunu öyrəndim. Oraya qəbul olmaq çox çətin idi. Almaniyada dil kurslarını bitirdikdən sonra portfoliomu təqdim etdim. İlk də

fə portfolio mərhələsini keçsəm də, qəbul imtahanından keçə bilmədim. Altı ay ərzində öz üzərimdə ciddi çalışdım və ikinci cəhddə həm imtahanı, həm müsahibəni uğurla keçərək universitetə qəbul oldum.
Təhsil müddətində “Audi”, SEAT və “Honda” kimi şirkətlərdə təcrübə proqramlarında iştirak etdim. Daha sonra diplom layihəmi “Audi” ilə əməkdaşlıq çərçivəsində həyata keçirdim. Pandemiya dövründən sonra BMW-də çalışdım. 2023-cü ildən etibarən - hazırda Münxendə yerləşən “FAW Advanced Design Studio”da “exterior designer” kimi fəaliyyət göstərirəm.
- Avtomobil dizaynı sahəsini seçməyinizə nə səbəb oldu? Uşaqlıqdan bu sahəyə marağınız var idi, yoxsa marağınız sonradan formalaşdı?
- Bu sahəyə marağım uşaqlıqdan yaranıb. Mən həmişə avtomobillərə böyük həvəs göstərmişəm, eyni zamanda, rəsm çəkməyi sevmişəm. Məktəb illərində boş vaxtlarımın böyük hissəsini avtomobil eskizləri çəkməyə sərf edirdim. Zaman keçdikcə başa düşdüm ki, avtomobil dizaynı məhz bu iki marağımı - yaradıcılığı və texnologiyanı birləşdirən peşədir. Mənim üçün avtomobil sadəcə nəqliyyat vasitəsi deyil, emosiyalar yaradan, insanlarla əlaqə quran və gələcəyin texnologiyalarını özündə birləşdirən bir məhsuldur. Məhz buna görə iqtisadiyyat sahəsini buraxıb risk etməyə qərar verdim və bütün diqqətimi avtomobil dizaynına yönəltdim. Bu gün geriyə baxanda həmin qərarın həyatımın ən doğru qərarlarından biri olduğunu düşünürəm.
- Hazırda çalışdığınız şirkətdə avtomobil modelinin hazırlanması prosesi necə gedir? Bir dizaynerin gündəlik işi hansı vəzifələri əhatə edir?
- Qeyd etdiyim kimi, hazırda Münxendə yerləşən “FAW Advanced Design Studio”da “exterior designer” olaraq çalışıram. Yeni avtomobil layihələri adətən araşdırma və konsept mərhələsindən başlayır, daha sonra eskizlər, rəqəmsal 3D modellər və fiziki modellər vasitəsilə inkişaf etdirilir. Bu prosesdə dizaynerlər, mühəndislər və modelçilər arasında sıx əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, uğurlu dizayn prosesinin əsas amillərindən biri güclü və vizioner dizayn liderliyidir. Bunu təkcə hazırda çalışdığım FAW-da deyil, “Audi”, SEAT, “Honda” və BMW kimi şirkətlərdə də müşahidə etmişəm. Düzgün istiqamət verən liderlər layihələrin uğurunda həlledici rol oynayırlar. Hazırda bu rolu FAW Qrupunun dizayn üzrə vitse-prezidenti Giles Taylor həyata keçirir. “Rolls-Royce”un keçmiş baş dizayneri olan Giles Taylor avtomobil dizaynı dünyasında ən nüfuzlu simalardan biridir və şirkətimizin dizayn strategiyasına rəhbərlik edir.
Bu ilin aprel ayında Pekin Avtomobil Sərgisində təqdim olunan “Hongqi Tiangong S Concept” layihəsində xarici dizayn üzrə aparıcı dizayner kimi çalışmışam. Layihə üzərində Münxen, Şanxay və Çanqçun studiyaları paralel şəkildə işləyirdi. Giles Taylorun vizionu və strateji istiqaməti nəticəsində mənim həyata keçirdiyim konsept seçildi və Pekin avtoşousunda nümayiş olundu. Hesab edirəm ki, süni intellektin sürətlə inkişaf etdiyi dövrdə belə dizayn prosesində hər bir rol vacibdir. Bununla yanaşı, layihəyə istiqamət verən lider dizaynerlərin əhəmiyyəti xüsusilə böyükdür. Son illərdə Giles Taylorun rəhbərliyi altında çalışaraq dizaynın strateji tərəfi, layihələrin təqdimatı və böyükmiqyaslı proqramların idarə olunması sahələrində dəyərli təcrübə qazanmışam. Belə yüksəksəviyyəli bir dizayn lideri ilə çalışmaq mənim üçün həm böyük məsuliyyət, həm də karyeramın ən dəyərli təcrübələrindən biridir.
- Müasir avtomobil dizaynında ən vacib meyarlar hansılardır?
- Müasir avtomobil dizaynında əsas məqsəd estetika, funksionallıq, təhlükəsizlik, aerodinamika və texnologiya arasında düzgün balans yaratmaqdır. Gözəl görünüşlü avtomobil yaratmaq vacibdir, lakin bu kifayət deyil. Dizayn həm də təhlükəsizlik standartlarına cavab verməli, aerodinamik baxımdan səmərəli olmalı və müasir texnologiyaları özündə birləşdirməlidir. Eyni zamanda, avtomobilin brend kimliyini qorumaq və emosional təsir yaratmaq da dizaynerin əsas vəzifələrindən biridir. Uğurlu dizayn məhz bütün bu amillərin harmoniyasından yaranır.
- Almaniya kimi avtomobil sənayesinin lider ölkəsində çalışan uğurlu azərbaycanlı gənc olaraq hansı çətinliklərlə qarşılaşmısınız və onları necə dəf etmisiniz?
- Karyeram boyunca qarşılaşdığım əsas çətinliklərdən biri bu sahədə demək olar ki, öz yolumu tək qurmağım olub. Avropada müxtəlif ölkələrdən olan dizaynerlərin güclü peşəkar icmaları mövcuddur, lakin avtomobil dizaynı sahəsində azərbaycanlı mütəxəssislərin sayı çox azdır. Buna görə də bir çox məsələləri özüm araşdırmalı, təcrübə toplamalı və peşəkar inkişafımı öz gücümlə formalaşdırmalı olmuşam. Digər tərəfdən, həm Pforzheim Universitetinə qəbul prosesində, həm də “Audi”, SEAT, “Honda” və BMW kimi şirkətlərdə çalışarkən çox yüksək rəqabət mühiti ilə qarşılaşmışam. Bu çətinlikləri isə səbir, davamlı inkişaf və məqsədimə sadiqlik sayəsində aşmağa nail olmuşam. Peşəkar çətinliklərlə yanaşı, xaricdə yaşayan bir azərbaycanlı kimi müəyyən bürokratik maneələrlə də qarşılaşmışam. Xüsusilə Almaniyada təhsil və karyeramın ilk illərində viza, yaşayış icazəsi və müxtəlif inzibati prosedurlar kifayət qədər vaxt və enerji tələb edirdi. Almaniyanın güclü sistemə malik olması ilə yanaşı, mürəkkəb bürokratik prosesləri də hər kəsə məlumdur.

Bu gün avtomobil sənayesində qlobal balansın dəyişdiyini müşahidə edirik. Əgər əvvəllər avtomobil dizaynının əsas mərkəzləri daha çox Almaniya və digər Avropa ölkələri hesab olunurdusa, hazırda Çin də bu sahədə dünyanın aparıcı güclərindən birinə çevrilib. Mən də Çin avtomobil qrupunda çalışdığım üçün mütəmadi olaraq Çinə səfərlər edirəm və Azərbaycan ilə Çin arasında son illərdə inkişaf edən əməkdaşlığın müsbət təsirlərini birbaşa hiss edirəm. Xüsusilə Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan və Çin arasında münasibətlərin daha da möhkəmlənməsi və vizasız səfər imkanlarının yaradılması mənim peşəkar fəaliyyətimi əhəmiyyətli dərəcədə asanlaşdırıb. Bu, həm vaxt baxımından böyük üstünlük yaradır, həm də beynəlxalq layihələr üzərində daha çevik və səmərəli işləməyə imkan verir. Uzun illər müxtəlif bürokratik prosedurlarla qarşılaşmış biri kimi bu dəyişikliklərin praktiki faydasını gündəlik iş həyatımda aydın şəkildə hiss edirəm.
Bu gün geriyə baxanda anlayıram ki, bütün bu çətinliklər mənə dəyərli təcrübə qazandırıb. Hazırda çalışdığım şirkətdə dövlət səviyyəsində istifadə olunan avtomobillərin dizayn layihələrində iştirak edirəm və Çin dövlət rəhbərliyinin istifadə etdiyi avtomobillər üzərində işləmək imkanına sahib olmuşam. Mənim üçün xüsusilə əlamətdar məqamlardan biri isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Çinə rəsmi səfərləri zamanı istifadə etdikləri “Hongqi” brendinə aid avtomobilin hazırkı və gələcək modellərinin dizaynlarında iştirak etməyimdir. Azərbaycandan başlayaraq keçdiyim yolu nəzərə aldıqda, bu, peşəkar fəaliyyətimdə xüsusi əhəmiyyət daşıyan və böyük məmnunluq hissi yaradan məqamlardan biridir. Azərbaycanı xaricdə butik və yüksəksəviyyəli, ən elit mühitdə uğurla təmsil etmək hər zaman qürurvericidir. Məhz ən son keçirilən və dünyanın ən böyük avtomobil sərgisi olan Pekin avtomobil sərgisində çoxsaylı müsahibələr və təqdimatlar zamanı bunun bir daha fərqinə vardım. İstər dizayn prosesində iştirak etdiyim və daha sonra seçilərək istehsala gedən dizaynın mənə məxsus olduğu “2025 BMW IX” modelində və ya “Hongqi Tiangong S-Concept” modelində imzamın olması bir azərbaycanlı olaraq son dərəcə qürurverici hissdir. Gələcək karyeramda da hər zaman Azərbaycanı uğurla təmsil etməyə çalışacağam.
- Xaricdə karyera qurmaq və beynəlxalq şirkətlərdə çalışmaq istəyən azərbaycanlı gənclərə hansı tövsiyələri verərdiniz?
- İlk növbədə, səbirli olmağı tövsiyə edərdim. Bu sahədə uğur qısa müddətdə gəlmir. Çoxlu rədd cavabları almaq mümkündür, lakin bu, dayanmaq üçün səbəb deyil. Gənclərə daim araşdırma aparmağı, güclü portfolio hazırlamağı və öz üzərlərində işləməyi tövsiyə edirəm. Xüsusilə rəsm bacarıqları, “Photoshop”, rəqəmsal vizuallaşdırma və 3D modelləmə bilikləri çox vacibdir. Bu gün süni intellekt sürətlə inkişaf edir və yeni alətlər meydana çıxır. Lakin dizayner üçün ən vacib məsələ formaları, səthləri, proporsiyaları və üçölçülü məkanı dərindən anlamaqdır. Güclü 3D düşüncə qabiliyyəti həm rəqəmsal modellərdə, həm də “clay model” üzərində işləyərkən böyük üstünlük verir. Ən əsası isə öz arzularınıza inanmaq və çətinliklər qarşısında geri çəkilməməkdir. Mənim yolum da asan olmayıb, amma davamlı çalışmağımın nəticəsində bu gün sevdiyim peşədə fəaliyyət göstərirəm. Bu sahədə uğur qazanmaq istəyən hər bir gəncin də bunu bacara biləcəyinə inanıram.
Seminar: "İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"
"Traction Fund" Vençur Fondunun (ABŞ) təsisçisi və investisiya direktoru Ülvi Rəşidin Bakıdakı seminarına qoşulmaq istəyirsiniz? Əlavə məlumat üçün BURA BAXIN.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır
25.06.2026Sığorta bazarında ödənişlər 95 milyon manata yaxın artdı
25.06.2026"Google Play Store" 30%-lik komissiya modelini dəyişir
25.06.2026ABŞ-də mayda 97 min işçi ixtisarı açıqlandı - 40 faizi süni intellektlə bağlıdır
25.06.2026"Binance"in MiCA lisenziya müraciəti rədd edilib
25.06.2026Pasport nəzarəti və növbələr olmadan: Dubayda gələcəyin aeroportu tikilir
25.06.2026“Qala Sığorta”nın yığımları 55%-ə yaxın azalıb
25.06.2026Baffetin favorit səhmləri: Uzunmüddətli investisiya üçün 3 şirkət
25.06.2026Muzey Kompleksi üçün 9,9 milyonluq satınalma elan edilib
25.06.2026"Süni intellekt startap qurmağın xərcini kəskin azaldıb"
25.06.2026İlham Əliyev onları təltif etdi
25.06.2026Fasiləsiz bazar: aktivlərin tokenləşdirilməsi qlobal birjaların maneələrini necə aşır?
25.06.2026Kredit faizləri banklara nə qədər qazandırıb?
25.06.2026Yay mövsümündə reyslərin ən çox gecikdiyi Avropa ölkəsi açıqlandı - TOP-20
25.06.2026Dövlət və özəl banklara kredit qoyuluşu artıb
25.06.2026“Atəşgah Həyat”ın yığımları artıb, ödənişləri isə təxminən iki dəfə yüksəlib
25.06.2026