Redaktor
Avtomobillər 1 000 manatdan satışa çıxarılır
Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin növbəti hərracı 10 mart tarixində keçiriləcək. Hərraca ümumilikdə 13 dövlət qurumuna məxsus müxtəlif markalı 20-dən çox nəqliyyat vasitəsi təqdim olunacaq.
Valyuta.az xəbər verir ki, satışa çıxarılan avtomobillər arasında minik, mikroavtobus, yük və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır.
Hərraca təqdim edilən avtomobillər əsasən 2000-2011-ci illər arasında istehsal olunub və ilkin qiymətləri 1 000 manatdan başlayır.
Hərracda ən yüksək qiymətlə satışa çıxarılan nəqliyyat vasitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan 2010-cu il buraxılışlı “Chevrolet Niva GLC 212300” markalı minik avtomobilidir. Avtomobilin start qiyməti 18 800 manatdır.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən hərraca İVECO markalı mikroavtobuslar, KAMAZ 4326 və Nissan Sunny kimi müxtəlif nəqliyyat vasitələri çıxarılıb. Bu avtomobillərin start qiymətləri 3 000-7 500 manat aralığındadır.
Eyni zamanda, Dövlət Miqrasiya Xidmətinin balansında olan iki ədəd VAZ-21214 markalı minik avtomobili də satışa təqdim edilib. Hər iki avtomobil 2008-ci il buraxılışlıdır və onlardan birinin start qiyməti 4 000 manat, digəri isə qiymət qeyd olunmadan siyahıya daxil edilib.
Hərracda həmçinin Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyasına, Gənclər və İdman Nazirliyinə, eləcə də bir sıra yerli icra hakimiyyətlərinə məxsus HYUNDAI Sonata, Toyota Camry, BMW 523Li, KİA Sportage, ISUZU, QAZ markalı müxtəlif təyinatlı avtomobillər də yer alır.
Mayya Hüseynova