Redaktor
"Apple" uğursuz "iPhone"a daha bir şans vermək qərarına gəldi
Son aylarda "iPhone Air 2" haqqında bir-birinə zidd olan şayiələr yayılır: bəzi insayderlər layihənin dondurulması, digərləri isə son tarixlərin təxirə salınması barədə danışırdılar. Eyni zamanda, "iPhone Air"in uğursuz satışa çıxarılması fonunda Çin istehsalçılarının planlarını yenidən nəzərdən keçirməyə və ultra nazik smartfonlar ideyasından imtina etməyə başladıqları barədə məlumatlar ortaya çıxıb.
Valyuta.az xəbər verir ki, indi isə mənzərəni yenidən dəyişdirən yeni bir insayder qrupu peyda olub. "GSMArena"nın "Fixed Focus Digital"ın məlumatçısına istinadən verdiyi məlumata görə, "Apple" yenə də ənənəvi olaraq sentyabrın əvvəlində keçirilən payız tədbirində "iPhone Air 2"ni təqdim etmək niyyətindədir.
İstehsalçının "iPhone Air"in iki əsas çatışmazlığını - aşağı muxtariyyəti və yalnız bir kameranın mövcudluğunu aradan qaldıracağı gözlənilir. Həmçinin, "Apple" ultra nazik "iPhone"un qiymətini endirmək variantını müzakirə edir, lakin yaddaş bazarındakı böhran nəzərə alınmaqla, bu, ehtimal olunmur.
"iPhone Air"də ultra nazik 5,6 mm gövdə əldə etmək bir sıra güzəştlər tələb edib. Cihaz 3149 mAh tutumlu batareya və yalnız bir əsas kamera aldı, eyni zamanda 1000 dollar qiymətini saxlayıb.
Bundan əlavə, "Fixed Focus Digital" "iPhone 17e" modeli haqqında əvvəlki şayiələri təsdiqləyib. "Apple-ın növbəti orta səviyyəli telefonu "Dynamic Island", A19 çipi və "MagSafe" dəstəyi ilə yeni dizayn alacaq və adətən mart ayında keçirilən "Apple"ın yaz tədbirində təqdim olunacaq.
Beləliklə, 2026-cı ilin payızında "Apple-ın iPhone 18 Pro/Pro Max", "iPhone Air 2" və "iPhone Fold"u buraxacağı gözlənilir.
Paşa Məmmədli