Redaktor
Bütün şirkətlər işçilərə bonus verə bilər?
Son vaxtlar bir çox müəssisə və təşkilatlarda işçilərə əlavə bonusların verilməsi təcrübəsi yayılmağa başlayıb. Bu cür təşviqlər əməkdaşların motivasiyasını artırmaq məqsədi daşıyır. Nəticə etibarilə digər şirkətlərdə çalışan işçilər də öz iş yerlərində oxşar təşəbbüslərin həyata keçirilməsini arzulayır və rəhbərlikdən bonus sisteminin tətbiqini gözləyirlər.
Bəs bütün iş yerlərində bonus verilməlidir?
İnsan resursları üzrə mütəxəssis İlkin Mirzəyev Valyuta.az-a bildirir ki, bonusların verilməsi şirkətin daxili qaydalarına əsaslanır:
“Bonuslar adətən şirkətin daxili siyasəti çərçivəsində müəyyən olunur və onların verilməsi məcburi xarakter daşımır. Bəzi şirkətlərdə və dövlət qurumlarında illik bonuslar və mükafatlar nəzərdə tutulur. Bu hallarda bonuslar əmək müqaviləsində və ya daxili normativ sənədlərdə əks olunur. Bonuslar bayram günlərində və ya xüsusi tarixlərdə verilə bilər”.
Mütəxəssis əlavə edir ki, bu qərarlar yalnız təşkilatın daxili siyasəti ilə müəyyən edilir:

“Lakin bu, yalnız müvafiq təşkilatın daxili qərarına əsaslanır və heç bir halda hüquqi cəhətdən tələb edilə bilməz. Dövlətin nəzarəti yalnız minimum əməkhaqqının və əmək müqaviləsində qeyd olunan məbləğin ödənilməsi ilə məhdudlaşır. Bonusların verilməsi üçün sistemin mövcudluğu vacibdir. Əgər belə bir sistem qurulmayıbsa, bonusun verilməsi rəhbərliyin şəxsi qərarından asılı olur. Mövcud sistem olduqda isə konkret hədəflər müəyyənləşdirilir və işçi həmin hədəflərə çatdığı halda bonus almaq hüququ əldə edir. Bu yanaşma şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanır”.
Tənzilə Ağabalayeva