Redaktor
200 milyon istifadəçisi olan kripto pulqabı hekləndi - 7 milyon dollarlıq itki
200 milyondan çox istifadəçiyə sahib kriptovalyuta pulqabı Trust Wallet kibertəhlükəsizlik insidentinə məruz qalıb.
2018-ci ildə Binance tərəfindən satın alınan platformada baş verən hücum nəticəsində ilkin hesablamalara görə istifadəçilərə məxsus təxminən 7 milyon dollar dəyərində kripto aktivlərinin oğurlandığı müəyyən edilib.
Valyuta.az xəbər verir ki, çox sayda istifadəçinin cüzdanı qısa müddətdə boşaldılıb və problemin mənbəyinin Chrome brauzer uzantısında olduğu təsdiqlənib.
Şirkətin açıqlamasına görə, 2.68 versiyalı brauzer uzantısını istifadə edən şəxslər dərhal onu deaktiv etməli və 2.69 versiyasına yeniləməlidir. Bildirilib ki, yalnız bu versiya risk altındadır, mobil tətbiq və digər versiyalar problemə təsir etmir. Təhlükə davam etdiyi üçün yeniləmə tamamlanana qədər uzantının açılmaması tövsiyə olunur.
"Binance"dən açıqlama: “Bütün zərərlər ödəniləcək”
Trust Wallet-in sahibi və Binance-in qurucusu Changpeng Zhao hücumla əlaqədar açıqlamasında, zərərin tam şəkildə qarşılanacağını və istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin ediləcəyini bildirib: “Hazırda hücum səbəbilə 7 milyon dollar oğurlandığı təsdiqlənib. Trust Wallet bu məbləğin tamamını kompensasiya edəcək. İstifadəçi fondları təhlükəsizdir. Yaşanan texniki problemə görə göstərdiyiniz anlayış üçün təşəkkür edirik”.
Sərvanə Rəmixanova