Redaktor
10 yaşında başladığı biznesi 13 yaşda beynəlxalq sərgilərə çıxardı - Müsahibə
Son illərdə Azərbaycanda məktəbli yaşlarından sahibkarlığa maraq göstərən gənclərin sayı artır.
10 yaşında öz biznesini quran Səlimə Məmmədli də bu gənclər sırasındadır. O, dostları ilə birgə ətraf mühit üçün faydalı eko məhsullar hazırlayır.
Bu onu göstərir ki, uğurlu biznes qurmaq üçün əsas şərt yaş deyil, düzgün ideya, intizam və əzmkarlıqdır. Kiçik kapitalla başlayan layihələr zamanla beynəlxalq sərgilərə çıxaraq daha geniş auditoriyaya təqdim oluna bilir.
Valyuta.az-ın müsahibi bu il 7-ci sinfi bitirən, 13 yaşlı sahibkar Səlimə Məmmədlidir.
O, 11-ci sinfi bu il bitirən rəfiqəsi Əsma Daşdəmirli ilə birlikdə qurduqları eko-biznesin yaranma tarixindən, ilk sərmayələrindən, qazandıqları uğurlardan, beynəlxalq sərgilərdə iştiraklarından və gələcək planlarından danışıb.
- Səlimə xanım, harada təhsil alırsınız?
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsil alıram, bu il 7-ci sinfi bitirdim.
- İndi 13 yaşınız var, layihəniz isə bir neçə ildir var. Neçə yaşınızda başlamısınız?
- 10 yaşım var idi (Gülür).
- Məhsullarınız haqqında məlumat verərdiniz.
- Bizim 3 məhsulumuz var: "EcoLeaf" qeyd dəftəri, "Econotes" sadə karandaşı və qələm. Məhsullarımız emal oluna bilən materiallardan hazırlanır. Qeyd dəftərinin sonuncu səhifəsində toxumlu vərəq var. Həmin vərəqə arzularınızı yazır, sonra onun bir hissəsini qoparıb torpağa əkirsiniz. Təxminən 5 aydan sonra çobanyastığı bitir. Sadə karandaşın baş hissəsində toxum kapsulu yerləşir. Qələmin içərisində isə kiçik toxumlu vərəq var. Digər məhsullar kimi onu da torpağa əkdikdə bitki yetişir.
- Niyə məhsullar məhz ekologiya ilə bağlıdır?
- Təəssüf ki, mövcud ekoloji vəziyyətin pis olması məhsullarımızı ətraf mühitə daha uyğun şəkildə hazırlamağımıza səbəb oldu.

- İdeya kimə məxsusdur?
- İdeya rəfiqəm və mənə məxsusdur. Artıq aprel ayında bu layihəni ortağımla birgə həyata keçirməyimizin 3 ili tamam oldu. Rəfiqəm Əsma "UNİSER" məktəbində təhsil alır, bu il 11-ci sinfi bitirdi. Biz onunla "MiniBoss" Biznes Məktəbində tanış olmuşuq. Bir araya gəldikdə hər kəsin istifadə edə biləcəyi fərqli məhsul yaratmalı olduğumuzu düşündük. Ortaq qərara gəldikdən sonra ətraf mühit üçün faydalı eko məhsullar ərsəyə gəldi.
- İlk hansı məhsulun ideyası ağlınıza gəlib?
- Birinci il "Econotes", ikinci ildə "EcoLeaf", ondan iki ay sonra isə qələmi hazırladıq.
- İlk hansı layihə ilə uğur qazandınız?
- Uğurumuz "Econotes" layihəsi ilə başladı. İlk satışımızı və ilk qrantımızı da bu layihəyə borcluyuq. "MINIBOSS Business School"da keçirilən dərslərdə əldə etdiyimiz nəticələr sayəsində Milli Çempionatda "Econotes" layihəsi ilə birinci yerin sahibi olduq. Orada qazandığımız 1200 manatla 500 karandaş hazırladıq və onları elə "MINIBOSS Business School"da satdıq.
- Ailəniz 10 yaşınızda biznes qurmanıza necə reaksiya verdi?
- Çox anlayışla qarşıladılar. Hər zaman maddi və mənəvi olaraq yanımızdadırlar.

- İlkin sərmayəniz nə qədər idi?
- İlkin sərmayəmiz ailəmiz tərəfindən verilən 100 manat idi. "Econotes" və "EcoLeaf" üçün ehtiyac duyduğumuz ümumi məbləğ isə 2000 manat təşkil edirdi.
- Layihəyə investisiyanı kim edir? Xarici dəstək var, yoxsa tamamilə öz daxili büdcənizdir?
- Birinci il ailəmiz bizə dəstək oldu. Daha sonra xarici şirkətlər layihəmizi gördü və dəstək göstərdilər.
- Komandanız var? Neçə nəfərdən ibarətdir?
- Bəli, 4 nəfərdən ibarət komandamız var. Mən, Əsma, Cavidan və Gülpəri. Hər biri dostumuzdur.
- Bir məhsulun hazırlanması üçün nə qədər vaxt sərf olunur?
- Məsələn, 500 karandaşın hazırlanması üçün iki gün ərzində gündə 12 saat işləyirik.
- Məhsullarınızda qiymət nəyə əsasən qurulur?
- Bütün məhsullarımız əl işidir. Onları əməkdaşlarımızla birlikdə ofisdə hazırlayırıq. Bu amil qiymətin formalaşmasında mühüm rol oynayır.

- Ən çox satılan hansı məhsuldur?
- Ən çox satılan məhsulumuz qələmlərdir.
- 3 ildə hansı bacarıqları əldə etdiniz?
- Bu müddətdə birinci yer qazanaraq 4 kubok əldə etmişik. Bu layihə ilə Azərbaycanda, Şotlandiyada və Türkiyədə uğur qazanmışıq.
- Sərgilərdə hansı məhsula maraq çox olur?
- Hazırda "ICA Group" ilə əməkdaşlıq edirik. Onlar 5 ölkədə sərgilər təşkil edir və biz də həmin sərgilərdə onların stendində məhsullarımızı tanıdırıq. Bu günə qədər 5 sərgidə iştirak etmişik. "WUF13", "Baku Energy Week", "Neft və Qaz" və digər sərgilərdə olmuşuq. Məhsullarımız fərqli olduğu üçün hamısına maraq göstərilir, lakin ən çox qeyd dəftəri seçilir.
- Gəliriniz var?
- Hazırda gəlirimiz ilk başladığımız dövrlə müqayisədə xeyli fərqlənir. Artıq 3 layihəmiz var və təkcə sərgilərlə kifayətlənmirik. Sosial şəbəkələr üzərindən də onlayn satış edirik. Yaxın zamanda məhsullarımız "Libraff" və "Əli və Nino" mağazalarında da satışa çıxarılacaq.

- Mağaza açmaq fikriniz var?
- Bəli, Bakıda mağaza açmağı planlaşdırırıq. Hazırda bunun üzərində işləyirik. İmkan yaranarsa, gələcəkdə bölgələrdə və xaricdə də məhsullarımızın satışını həyata keçirmək istəyirik.
- 13 yaşda, 3 illik bir iş təcrübəsində nələri öyrəndiniz?
- Kiçik yaşda biznesə başlamağım insanlarda "bacarmayacaq" düşüncəsi yaradırdı. Həmçinin "dostla ortaq olmaz", "pul girən yerdə dostluq sınanar" kimi fikirlər səsləndirilirdi. Biz Əsma ilə ilk gündən iş və dostluğun ayrı olduğunu danışmışıq. Bilirik ki, işimizdə məsuliyyətli və intizamlı olmalıyıq. Mənim özümə qoyduğum bir qayda var: kiminsə fikrini önəmsəmirəm. Biznes qurursunuzsa, ilk növbədə özünüzə inanmalısınız. Ailə dəstəyi və dürüst dostlarınız varsa, uğurlu nəticələr mütləq olacaq.
Nuranə Mübariz