Kiçik və orta bizneslər üçün marketinq: xərc, yoxsa investisiya?
Şəmsi Bayramzadə
"Holberton School Azerbaijan"ın CEO-su, Biznesin inkişafı meneceri
Azərbaycanda "kiçik və orta sahibkarlığın (KOB)" inkişafı iqtisadiyyatın canlanması üçün böyük əhəmiyyət daşıyır. Lakin KOB-lar hələ də bir çox çətinliklə üzləşir və bu çətinliklərdən ən böyüyü marketinq və brendləşmə xərclərinin yüksək olmasıdır. Bir çox sahibkar işə başlamaq üçün on minlərlə manat investisiya yatırsa da, məhsul və ya xidmətini geniş kütləyə çatdırmaq üçün tələb olunan marketinq büdcəsi əsas investisiya xərclərini belə üstələyir. Bu isə kiçik bizneslərin böyüməsinə və rəqabətə davamlı olmasına ciddi əngəllər törədir.
Fərz edək ki, bir sahibkar kiçik bir çörək sexi açmaq üçün 60-70 min manat xərcləyir. Bura avadanlıqlar, icarə haqqı və ilkin xammal daxildir. İlk bir neçə ay üçün ehtiyat büdcəsi də saxlanılır. Amma biznesin tanınması və müştəri qazanması üçün "reklam və brendləşmə" zəruridir. Bu mərhələdə qarşıya çıxan rəqəmlər kiçik sahibkar üçün şok effekti yarada bilər. Təsir gücü yüksək olan bloger və ya "influencer" ilə işləmək üçün 2-4 min, mətbuat orqanlarında görünmək üçün 3-4 min manat xərc tələb olunur. Effektiv və hərtərəfli kommunikasiya üçün isə bu xərclər 10-15 min manatı keçə bilər. Bu rəqəmlər bəzən biznesin ilkin qurulması üçün qoyulan investisiyanın 20-25%-nə bərabərdir. Aylıq cəmi 3-4 min manat qazanan mikro sahibkarlar üçün isə bu cür xidmətlər ümumiyyətlə əlçatan deyil.
Bu vəziyyət həm də sosial narazılıq yaradır. Çox vaxt 10-15 nəfər kollektivi idarə edən, əmək haqqı, vergi və digər məsuliyyətləri öz üzərinə götürən bir biznes sahibinin aylıq gəliri, bir neçə dəqiqəlik paylaşım edən "influencer"in bir əməkdaşlıqdan qazandığı məbləğdən qat-qat aşağı olur. Bu haqsız qiymət blogerlərin sürətlə varlanmasına təkan verir ki, bu da cəmiyyətdə birmənalı qarşılanmır. Sahibkar bazara yeni məhsul çıxarmaq, iş yerləri açmaq və iqtisadiyyata töhfə vermək üçün ciddi risklərə getdiyi halda, qeyri-şəffaf qiymətləndirilən reklam xərcləri ilə üzləşir. Nəticədə, bazarda real dəyər yaradanlar deyil, ən yaxşı reklam edə bilənlər daha çox qazanır.
Bəs həlli yolu nədir?
Bu problemin həlli üçün bir neçə addım atıla bilər. İlk olaraq, marketinq xidmətləri bazarında daha çox rəqabət yaratmaq lazımdır. Bu, qiymətlərin daha əlçatan olmasına gətirib çıxaracaq. Kiçik bizneslərə xüsusi endirimli paketlər təklif edən reklam agentlikləri, PR şirkətləri və rəqəmsal marketinq mütəxəssislərinin sayı artırılmalıdır. Həmçinin, dövlət və ya özəl sektor tərəfindən KOB-lar üçün "marketinq dəstək proqramları" yaradıla bilər. Bu proqramlar çərçivəsində, kiçik sahibkarlara aşağı faizli kreditlər və ya qrantlar ayrılaraq, onların reklam və brendləşmə xərcləri subsidiyalaşdırıla bilər.
Nəticədə, əlçatan marketinq xidmətləri sayəsində kiçik sahibkarlar rəqabətə daha rahat qoşulacaqlar. Onlar interyer dizaynına sərmayə qoymaq əvəzinə, daha çox məhsulun və xidmətin keyfiyyətini artırmağa, müştəri məmnuniyyətini yüksəltməyə diqqət ayıracaqlar. Bu yanaşma, biznesin yalnız qısa müddətli gəlirlər əldə etməsinə deyil, uzunmüddətli və dəyərli bir brend qurulmasına kömək edəcək. Unutmayaq ki, uğurlu bir biznesin təməli onun məhsul və ya xidmətinin keyfiyyətində, marketinq isə bu keyfiyyətin dünyaya çatdırılmasında əsas rol oynayan bir vasitədir.

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
03.03.2026“Su İdman Sarayı”nda 1,2 milyonluq yenilənmə
03.03.2026Bulvar İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb ®
03.03.2026
Xarici valyutada kreditlər üzrə faizlər bir ildə necə dəyişib?
03.03.2026Neftimizin qiyməti 7 dollara yaxın bahalaşıb
03.03.2026Rubl və avro dəyər itirir
03.03.2026Məzuniyyət haqqının hesablanması dəyişməyib: 2026-cı il ilə bağlı yayılan yanlış məlumatlara aydınlıq
03.03.2026Pul haradan yaranıb? - SƏHƏR OXUSU
03.03.2026Uorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026