Redaktor
Avstraliya Amerika şirkətinə 1,2 milyard dollara ada satdı
Amerika investisiya fondu "Blackstone Hamilton Adasını" satın alıb. Bu, Böyük Sədd Rifinin bir hissəsi olan Vitsanda Adalarının ən böyüyüdür.
Valyuta.az xəbər verir ki, şirkət alış qiymətini açıqlamasa da, Avstraliyanın ABC kanalı bu barədə məlumat yayıb. Bildirilib ki, sövdələşmə Hamiltonun da daxil olduğu Kvinslend hakimiyyəti tərəfindən təsdiqlənərsə, "Blackstone" ada üçün 1,2 milyard dollar ödəyəcək. ABC-nin müsahibə aldığı mütəxəssislər sövdələşməni "fövqəladə" adlandırır və adada əmlak qiymətlərinin artacağını gözləyirlər.
Hamilton Adası Kvinslend sahillərindən 12 km məsafədə yerləşir və təxminən 1130 hektar ərazini əhatə edir. Adının 1866-1868-ci illərdə adaların xəritəsini çəkən dəniz ekspedisiyasının üzvlərindən birindən aldığı güman edilir. 1975-ci ildə avstraliyalı sahibkar Keyt Uilyams adanı əldə edib və oradan mal-qara otarmaq üçün istifadə edib. Daha sonra o, 1980-ci illərdə çox populyarlaşan kurortu inkişaf etdirib. 1987-ci ildə "Beatles" qrupunun üzvü Corc Harrison və həyat yoldaşı Oliviya orada ev tikiblər. Cütlük musiqiçinin 2001-ci ildə vəfatına qədər orada müntəzəm olaraq vaxt keçiriblər. 2003-cü ildə şərabçı Robert Oatley adanı təxminən 300 milyon dollara satın alıb.
Hazırda Hamilton adasında yaşayış imkanlarından əlavə, beş lüks otel, 20-dən çox restoran və bar, 20 mağaza, qolf meydançası, marina və hava limanı yerləşir. Adanın əhalisi təxminən 2000 nəfərdir.
Paşa Məmmədli