Sıfırdan biznes qurdu, bu gün 500-dən artıq sənaye nümunəsi istehsal edirlər - “MDB-də rəqibimiz yoxdur” - MÜSAHİBƏ
21 il əvvəl sıfırdan bir biznes qurur və bu gün artıq premium sektorda fəaliyyət göstərirlər. “Four Seasons”, “Zoopark”, “Şuşa Qalası”, “Dreamland”, “Boulevard Hotel”, “Heydər Əliyev” parkları və s. kimi layihələrdə şirkətinin adı var. Deyir ki, bu gün MDB və Orta Şərqdə “İDEA”nın rəqibi yoxdur. Söhbət “Made in Azerbaijan” brendi olan “İDEA”nın təsisçisi İbrahim Alısoydan gedir.
Valyuta.az-ın qonağı olan İbrahim Alısoy iş qurarkən keçdiyi yolla bağlı suallarımızı cavablandırıb.
Qeyd edək ki, O, eyni zamanda, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının Azərbaycan tərəfindən həmsədridir. İ.Alısoy sahibkarlıq sahəsində fərqlənən şəxs olaraq 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
İDEA - Metal və ağacın vəhdətindən kiçik arxitektur formaları və digər məhsulların istehsalında ixtisaslaşan mühəndislik və istehsal şirkətidir.
- İbrahim bəy, beynəlxalq münasibətlər üzrə təhsil almısınız. Bu seçim öz qərarınız idi?
- Ailədə həkim, müəllim çox olsa da, mən beynəlxalq münasibətlər üzrə təhsil almaq istəyirdim. İqtisadiyyat, bizneslə bağlı sahədə çalışmağı düşünürdüm. Həm öz həvəsim var idi, həm də Azərbaycan müstəqil dövlət olduqdan sonra beynəlxalq iqtisadi münasibətlər bir az cəlbedici gəlirdi. Ona görə ora qəbul olmaq istəyirdim.
“16 yaşımdan pul qazanıram”
- Tələbə vaxtı pul qazanmaq məqsədli işlərdə çalışdığınızı demisiniz. Sizin pul qazanmaq, valideyndən pul almamaq kimi bir həvəsiniz var idi?
- Yəqin ki. Mən 16 yaşdan etibarən valideynlərdən pul almağa utanmışam. Maliyyə cəhətdən müstəqil olmağa çalışmışam. 16 yaşımdan da pul qazanıram. Universitetə qəbul olana qədər 7 ay Nəsimi rayon kommunal təsərrüfat idarəsində kiçik mütəxəssis kimi işlədim.
- Bəs tələbə vaxtı hansı sahələrdə işləmisiniz?
- 1994-1998-ci illərdə barlarda DJ kimi çalışmışam. 21 yaşıma qədər işlədim. Gündüz oxuyub gecə işləyirdim.
- Gecə işləməyinizi valideynləriniz problem etmirdi?
- Valideynlərim mənə güvənirdi.
- Nə qədər qazanırdınız?
- O yaş və o dönəm üçün çox qazanırdım.
- 16 yaşdan etibarən evdən pul almamaq sizə bir özgüvən verirdi?
- Mən pul qazansam belə, onu heç vaxt boş yerə xərcləməmişəm. Qazandığımı işimə yatırırdım. Avadanlıq, CD disklər alırdım. O vaxtkı yanaşmamı bu gün də tətbiq edirəm. Bəzən biznes adamlarının əlinə şans olaraq yaxşı müqavilə düşəndə, ya maşını dəyişir, yaxud ev və s. istəyir. Düşünürəm ki, qazancın bir hissəsini xərcləyib, bir hissəsini gələcəyə yatırım etmək önəmlidir.
- 4 il çalışdığınız, o vaxt üçün yaxşı qazandığınız DJ-lik istiqamətindən niyə uzaqlaşdınız?
- Bir nəfərə DJ-liyi öyrətmişdim, amma o, bir günün içində müdriyyətlə danışıb yerimə keçmişdi. Bir ay əvvəl DJ-likdən ayrılmağıma səbəb olan həmin şəxslə qarşılaşdım. O dönəmdə mənə böyük pislik etmişdi. Sonuncu dəfə qarşılaşanda isə, ona təşəkkür etdim. Çünki onun sayəsində o işdən ayrıldım. Düzdür, adaptasiya dönəmində bir ildən çox çətinlik çəkdim. 21 yaşda yaxşı maliyyə qazanırsan və birdən-birə gəlirin olmur. Sahəmlə bağlı təcrübəm olmadığı üçün heç yerdə işə düzələ bilmirdim. O çətinliyi keçsəm də, təşəkkür etdim. Həyatda nə olsa, yaxşılığa doğru olur.
- İş tapa bilməməyinizin əsas səbəbi təcrübəsiz olmağınız idi?
- Təcrübəsizliklə yanaşı, nə iş görəcəyimi bilmirdim. Mən okeanda idim, hansı tərəfdə ada olduğunu bilmirdim, sadəcə fərqli istiqamətlərdə çırpınırdım ki, nəhayətində ada tapıb çıxım. Sonra bir reklam kursunun elanını gördüm və reklamla məşğul olmağa qərar verdim. Kursdan sonra 3 ay “Antenn” radioda, bir müddət də bir reklam agentliyində təcrübə keçdim. Heç birindən maaş almırdım.
Fikirləşirdim ki, heç nə bilmirəm, mənə niyə pul verməlidirlər? Deməli, nəyisə öyrənməyə çalışmalı, bir fayda verməliyəm ki, qarşılığında pul da olsun. İstəyirdim məni işə götürüb hansısa istiqaməti göstərsinlər ki, orda çalışım.
“İki il maşında işlədim, ofisim yox idi”
- Və öz işinizi qurdunuz. İşləmirdinizsə, əlinizdə pul da yox idi. Necə başladınız?
- Başladıq deyəndə ki, iki il maşında işlədim. Ofisim yox idi. Biznesi qurmağımda puldan önəmli məsələ mobil telefonların olması idi. Ondan bir az əvvəlki dövrdə şəhər telefonları idi, o da o qədər rahat deyildi. Reklam xidmətləri göstərirdim. Telefonla danışırdım, maşınla lazım olan yerlərə gedirdim. Sifariş alanda müştəri onsuz da avans olaraq pulun bir hissəsini ödəyirdi. Birinci xırda sexlərdə sifarişləri yerləşdirirdim, ordan minimum qazanc əldə edirdim. Daha sonra 100 manata bir qaraj icarəyə götürdüm, 2 də qaynaqçı götürdüm. Yavaş-yavaş da torpaq alıb fabrik tikmək qərarı vermişdim.
- İlk göstərdiyiniz xidmət hansı idi?
- Uzun zaman işsizlikdən sonra ilk göstərdiyim xidmət qapıya “50 faiz endirim” yazısını vurmaq idi. Sifarişçi mənim bardakı müdirlərimdən biri idi. Dedi neçəyə edərsən? Maraqlandım, “5 şirvan” dedilər. Mən də ona “10 şirvan” dedim. “5 şirvan” qazanmışdım. Bir ildən sonra ilk qazancım idi, ona görə sevincimi təsəvvür edə bilməzsiz.
- 2 il sonra - 2003-cü ildə istehsalda “İDEA MMC” qurulur.
- Biznesə ilk olaraq reklam sahəsi ilə başladıq. Bilbord, transparant, reklam yazıları, sərgi pavilyonları və s. tip xidmətlər göstərirdik. Amma ən başdan bilirdim ki, nəyisə istehsal etmək lazımdır. Biri var lazım olanları xarici ölkələrə sifariş edirəm ki, bunu mənə düzəldin, bir də var burada o istehsalı qururam və o sifarişləri özüm istədiyim formada edirik. Ona görə reklam biznesində qazandığımız vəsaitləri istehsala yönəltdik və “İDEA”nı qurduq.
“İkinci zavodu tikmək üçün artıq çox düşünürəm”
- Artıq biznes həyatına başlamağınızdan 20 ildən çox zaman keçir.
- 21 ilin necə keçdiyini hiss etməmişəm. Bircə onu bilirəm ki, keçmişdəki çətinlikləri yada salmamağa, nələr edə biləcəyimizə fokuslanmışam.
- 20 il öncə və bugünkü yanaşmanız arasında nə kimi fərq var?
- Mayk Taysonun bir sözü var, deyir mən rinqə çıxanda döyüşməyə məcbur idim, ona görə qalib gəlirdim. Oğlum onu edə bilməz, çünki daha komfortda böyüyüb. Mən o şəraitdə gecə-gündüz çalışmağa məcbur idim. Müqayisəli danışsaq, 20 il öncə mənim üçün zavod tikməyə qərar vermək daha asan idi. Çünki itirəcəyim nə isə yox idi. İkinci zavodu tikmək üçün artıq çox düşünürəm.
- Böyük şirkətlərin layihələrində “İDEA”nın adı var. Tək özü başlayan bir şəxs böyük şirkətlərlə əməkdaşlıq məsələsinə necə nail oldu?
- Adımız olan iri layihələrdən biri Azərbaycanda tikilən “Four Seasons Hotel”dir. Otel tikilməmişdən öncə orda bir hasar var idi. “Azneft” dairəsi olduğuna görə tikinti gedən ərazini lüks şəkildə bağlamaq lazım idi. Oteli tikən italyan şirkəti idi. Tikinti hasarını bağlamaq üçün onlara ilk olaraq məni məsləhət görmüşdülər. O hasarı lüks şəkildə bağladıq. Sonra əlaqəmiz yarandı, xidmətlərimiz haqqında məlumat verdim. Bir gün gördüm ki, “Four Seasons”un balkonlarının istehsalı üçün tender elan olunub. Dedim yəqin çağırarlar, amma çağırmadılar. Həmin inşaat şirkətinə getdim, dedim ki mən də tenderdə iştirak etmək istəyirəm. İtalyan qadın Marta dedi ki, artıq başqa şirkətlə müqavilə bağlayıblar. Dedim ola bilməz. Dedi ki, siz məni başa düşürsünüz, biz müqavilə bağlamışıq. Dedim ola bilməz, bu otelin balkonlarını mən istehsal edəcəm. Dedi siz ingilis dilində başa düşmürsüz? Hansı dildə deyək? Dedi ki, nümunə də ordadır, bax, o olacaq. Dedim bu nümunə otelə yaraşmır, yaxşı deyil. Dedi yaraşıb-yaraşmadığı bizim qərardır, artıq müqavilə bağlanıb.
O işi italyan şirkətinə sifariş edən də başqa şirkət idi. Birbaşa həmin sifarişçinin ofisinə getdim. Orda da ingilisdillilər idi. Dedim ki, nümunə balkonlar düzəltmək üçün mənə şərait yaratmırlar. Adı Riçard idi, dedi Martaya məktub yazdım ki, “İDEA” şirkətinə şərait yaradın, onlar da nümunə versinlər. Martanın yanına qayıtdım. Qapını çırpıb dedi ki, sabah 9-da nümunən hazır olmasa, bir də bizim qapını açma. Dedim çizimlər verin, dedi vermirik, get nə istəyirsən elə. Axşam saat 5-dir, 9-da nümunə istəyir. Mümkün olan iş kimi görünmür. Amma “okey” dedim. Fabrikdəki əməkdaşlara zəng etdim ki, gözləyin, gəlirəm. Gecə 12-yə qədər lüks nümunəni etdik. Səhər 8-də balkon nümunəsi ilə “Four Seasons”un qarşısında idim. Nümunəni görüb bir də qapını çırpdı. Çünki daha yaxşı nümunə idi (Gülür). Müdriyyət də bəyəndi, dedilər siz bunu bu qiymətə edə biləcəksiniz? Dedim fərqi yoxdur, mən bu gün müqavilə imzalayıb gedəcəm. Müqaviləni imzalayıb getdim. Sonra “Four Seasons” otelinin bütün memari metal işlərini və bütün heyətin mebelini biz istehsal etdik.
Yəni iri layihələri götürməyim sadəcə şəxsi təşəbbüsümlə olur. Bir xəbər alanda, cəhd edirəm. Bilirəm ki, Zoopark layihəsi tikilir, araşdırdım ki, hansı şirkət tikir? Birbaşa o şirkətin rəhbərini tapıram, ona öz xidmətimi təklif edirəm. İşi götürürəm.
- Marta “müqavilə imzalanıb” deyəndən sonra niyə israr edirdiniz ki?
- Azərbaycanda lüks layihəni məndən keyfiyyətli istehsal edəcək ikinci şirkət olmadığından əmin idim. Əgər hansısa kənddə balaca bir qonaq evi tikilsəydi, israr etməzdim. Amma bizim şirkətin inkişafı üçün müəyyən portfoliolar, referanslar lazım idi. Bunu anlayaraq hətta ziyana belə o layihəni həyata keçirdim. Birinci addım ziyan idi, növbətilərdə ziyanın qarşılığını aldım. Bu gün kim peşəkar yanaşma axtarırsa, bizi tapır.
Biz öz sahəmizdə açıq memari və aqressiv hava şəraitinə dayanıqlı professional həllər təqdim edən yeganə Azərbaycan firmasıyıq. MDB, Orta Şərq məkanında rəqibimiz yoxdur.
Şuşa qalasındakı Şuşa yazısını 2 tondan 350 kiloya salan biz olduq. O qalaya yük düşməsin deyə çəkini azaltdıq və işimizə ömürlük zəmanət vermişik.
“Bizim telefonumuz susur, heç kim şikayət etmir”
- Keyfiyyətə əminlik çox önəmlidir. Bütün işlərin içində özünüz olursunuz, yoxsa işçilərə artıq tam əminsiniz ki, onu edəcəklər?
- Həyat yoldaşını, işdə partnyorunu və işçilərini düzgün seçməlisən. Üçü cəhətdən də bəxtim gətirib. Peşəkar partnyorum var, istehsalın başındadır. Ondan əlavə, bizim taxta və metal üzrə əməliyyatçılar var. 20 ildir bizimlədirlər. Hər bir uğurlu biznesmenin arxasında çox ciddi və peşəkar komanda olmasa, o, belə danışa bilməz. Mən komandama dərin təşəkkür edirəm. Mənim işim sadəcə düzgün izah etmək, onların işi isə müştərinin gözləntilərini aşmaqdır.
- Gözləntini aşmaq deyirsiz, amma bu günün müştərisini razı salmağın çətin olduğunu bildirirlər.
- Bizim telefonumuz susur, heç kim şikayət etmir. Çünki ehtiyac yoxdur. Verdiyimiz məhsullar uzunömürlüdür, davamlıdır.
- Biznes sahibinin xarakteri biznes üçün önəmlidir. Xarakteriniz işinizə nə dərəcədə təsir edir?
- Məsələn, məndən iş istənilirsə, “yox” demirəm. Mümkün olmayan şey yoxdur. Deməli, 2006-cı ildə mənə “İmprotex Motors”dan zəng gəldi, dedilər ki, sizi Həsən müəllim gözləyir. O dönəmdə reklamla məşğul olurdum. Həsən müəllim dedi ki, bizə paslanmaz kalonlar lazımdır, dedilər ki, sən edə bilərsən. Belə imic yaranmışdı ki, çətin iş olanda, məni məsləhət görürdülər. Mən paslanmaz kalonu ilk dəfə o vaxt eşidirdim (Gülür). Dedim deyiblərsə, edərik. Dedim şəklinə baxım. Qiymətini soruşdu, təxmini rəqəm dedim. Beh 50 faiz istədim. Bir ay da vaxt verdi. Düşündüm ki, nə qədər ucuz dedim ki, dərhal qərar verdi? Onu etmək üçün avadanlığım yox idi. Yanından çıxan kimi ortağıma zəng vurdum, iki bilet aldım, İstanbula uçduq. Kalonları etmək üçün lazım olan avadanlıqları almalı idik. Bir həftə İstanbulu ələk-vələk etdik, tapa bilmirdik. Axırda Bursaya getdik, bütün zavodları gəzdim. İstehsalçını tapdım, dedi ki, 3 ay sonra verə bilərik. Xahiş minnətlə başqasının sifarişlərini ertələyib bizimkini önə salmağı razılaşdırdım. Aldıq gəldik və işi təhvil verdik. 50 faizlə bütün işi bağladıq, avadanlıqlar mənə qaldı.
- 2014-cü ildən ixracla da məşğulsunuz. Azərbaycan məhsulu ilə xarici bazara çıxaranda rəqabətdə çətinlik yaşayırsız?
- Hazırda 6 ölkəyə ixrac edirik. Almaniyaya da yeni başlamışıq, Amerika ilə danışıqlar gedir. Bazarları test edirik. Məqsədimiz öz sahəmizdə dünya çapında bir marka olmaqdır. Çətinlik sadəcə ondadır ki, müştərilər bizi deyil, biz onları axtarırıq. Azərbaycandan bu sektorda bu keyfiyyətdə məhsulun istehsal olunduğuna güvənməyə bilərlər. Bu sektorda məhsul üçün Türkiyə, İtaliya, ucuz formatında Çin kimi ölkələrdə partnyorlar axtarırlar. Bizi neft-qaz ölkəsi kimi tanıyırlar, amma zamanla bizi də axtaracaqlar.
“500-dən artıq sənaye nümunəsi...”
- İbrahim bəy, başqa istiqamətdə biznes cəhdləriniz olub?
- 21 bir ildən artıqdır ancaq diversifikasiya etmişəm. Biz adi reklamdan gəlib nələrə çıxmışıq, hamısı fərqli bizneslərdir. Biz indi şəhər, bağ həlləri veririk, söhbətgahlar edirik, qapı, pilləkən və s. istehsallar var. Bizim biznes çoxşaxəlidir. Biz indi kiçik holdinqik. Bir şirkət adı altında çox məhsullar istehsal olunur. Gələcəkdə böyük holdinq olaraq bütün bu istehsalları ayrı-ayrı böyüdüb ayrı-ayrı fabriklərə dağıda bilərik. 500-dən artıq sənaye nümunəsi istehsal etmişik. Əslində, Azərbaycan dilində o söz yoxdur, biz “500-dən artıq məhsulu geliştirmişik” desək, daha doğru olar.
Bizneslərimizi birləşdirən ana təməl çöl və aqressiv havada davamlılıqdır. Ondan da əlavə, metal və taxta iki fərqli istiqamətdir. Biz bunların ikisini bir yerdə işləyirik. Normalda metalla çalışan firma taxtanı kənardan alır, yaxud da əksinə. Biz bunları da bir yerdə etmişik. Ən qürurverici hadisələrdən biri odur ki, A-dan Z-yə qədər hər şeyin öz istehsal bazamızda həllini tapırıq. Yəni biz sadəcə xammal - taxta və metal alırıq. Onu dünyada hamı Rusiyadan alır. Digər bütün aksesuarları, birləşmələri özümüz istehsal edirik. Xaricdən asılılığımız yoxdur. Biz xammal aldığımız Rusiyaya hazır məhsul sata bilirik.
- Komandanızda nə qədər şəxs çalışır?
- 70 nəfərlik komandamız var.
- Bu gün biznes adamı olaraq xəyalınızdakı yerdəsiz?
- Biznes adamı olaraq xəyalım Azərbaycanın sənayeləşməsi, idxaldan asılılığın azalmasıdır. Minimum idxal, maksimum ixrac.
- Biznes ideyası olan, “Başlayımmı” deyə sualda olanlar çoxdur. Nələrə hazırdırsa, biznesə başlasın?
- Birincisi, başlamaqla bağlı çox düşünürsünüzsə, başlamayın. Başlamaq istəyən adam fikirləşmir. Başlanğıcdasınızsa, nə qədər çox şey itirə bilərsiniz ki?
İkincisi, seçimin nədir? Bu suala cavab verməlisən. Misal var, deyir meymunun qarşısına banan və pul qoysalar, bananı seçir. Amma bilmir ki, pulla nə qədər banan almaq olar. Ayda bu qədər məvacib bəsimdir deyirsinizsə, digər yolun çətinliyini görürsünüzsə, maaşla davam etməlisən.
Üçüncüsü, bilməlisiniz ki, biznes çox çətindir. Kim desə ki, biznesi mübarizəsiz böyütmək olar, inanmıram. Gərək həddindən çox vəsaitin olsun. Yoxdursa, çətin yoldur, kənardan göründüyü kimi deyil, davamlı mücadilə tələb edir. İnsan hər şeyə məsuliyyət daşıyır. Hadisələr baş verə, istehsal proseslərində çətinlik yarana, dövlət qurumları ilə anlaşılmazlıq və s. ola bilir. Amma başlamaq üçün bunları gözə almalısan.
Pula gəldikdə isə, biznesə başlamaq üçün pul lazım deyil. Mənim də pulum olmayıb, pulsuz başlamışam. Sadəcə olaraq iş görmək, təcrübə toplamaq, savadlı olmaq və necəsə başlamaq lazımdır.
Əgər başlamısınızsa, çevrənizə diqqət edin, netvörkinqiniz geniş olsun. Gördüyümüz bütün işlər - “Four Seasons”, “Zoopark”, “Dinamo Hotel”, “Şuşa Qalası, “Beynəlxalq Muğam Mərkəzi”, “Dreamland”, “Boulevard Hotel”, “Heydər Əliyev” parkları və s. bunlar hamısı bizim aktivlərdir.
İşlər öz yerində, amma paraleldə mütləq sağlamlığının qeydinə qalmalısan.
Aygün Asimqızı
Fotolar: Rəşad Mehdiyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay