Redaktor
Yetərli maaş nə qədər olmalıdır? - İsmayıl Məmmədov
Hamı daha çox qazanmaq istəyir. Amma maraqlısı budur ki, insanların çoxu əslində nə qədər maaşın onlara “bəs etdiyini” dəqiq bilmir. Bəziləri üçün bu, sadəcə gündəlik xərcləri qarşılamaqdır, digərləri üçün isə rahat yaşamaq, yığmaq və gələcəyini planlaşdırmaq deməkdir. Artan qiymətlər, dəyişən həyat tərzi və fərdi ehtiyaclar isə bu anlayışı daha da fərqli edir.
Bəs görəsən, yetərli maaş anlayışı nədir?
Maliyyə eksperti İsmayıl Məmmədov bildirir ki, "Yetərli maaş" dediyimiz şey subyektivdir, amma elmi əsasları var:
"Sadəcə "çox pul" deyil, maliyyə baxımından nəfəs almağa imkan verən rəqəmdir. İqtisadiyyatda "yetərli maaş" anlayışı çox vaxt yaşayış minimumu ilə qarışdırılır. Ancaq burada fərq böyükdür. Dövlətin müəyyən etdiyi yaşayış minimumu sadəcə fiziki sağ qalmaq üçün lazım olan ərzaq səbətinin pul qarşılığıdır. Bu, "acından ölməmək" üçün yetərlidir, "rahat yaşamaq" üçün yox".
2026-cı il üçün yaşayış minimumu rəsmən təsdiqlənib:
· Ölkə üzrə ortalama: 300 manat
· Əmək qabiliyyətli əhali üçün: 317 manat
· Pensiyaçılar üçün: 245 manat
· Uşaqlar üçün: 260 manat
İ.Məmmədov qeyd edir ki, maliyyə baxımından rahat yaşamaq üçün maaşınız üç əsas sütuna söykənməlidir:
1. Cari aylıq xərclər: Kirayə, kommunal, ərzaq, nəqliyyat, internet.
2. Ehtiyat fondu: İş dəyişikliyi, xəstəlik və ya təcili təmir kimi gözlənilməz hallar üçün mütəmadi olaraq kənara qoyulan pul.
3. Gələcək yığım: İstər pensiya, istər ev almaq, istərsə də uşaqların təhsili üçün uzunmüddətli plan.
"Siz bu rəqəmlərə baxıb “Bəs niyə mən 300 manata keçinə bilmirəm?” deyə soruşa bilərsiniz. Çünki yaşayış minimumu sadəcə çörək, su, makaron kimi ən əsas məhsullardan ibarət səbətin qiymətidir. Internet, kirayə haqqı, taksidə telefon, ya da kafedə bir fincan qəhvə bu səbətə daxil deyil. Odur ki, bu rəqəm statistik bir anomaliyadır, həyatın özü deyil" - deyə ekspert vurğulayır.
Tutaq ki, 28 yaşında, mərkəzdə yox, amma Bakı daxilində kirayədə yaşayan bir gəncsiniz.
1. Aylıq xərclər (Baza):
Kirayə (1 otaqlı, səbail/səhər deyil, məsələn, Nəsimi, Nərimanov və ya Yasamal): Son dövrlərdə kirayə qiymətlərində təxminən 7-8% artım müşahidə olunur. Bu gün belə bir mənzili 400-500 AZN-ə tapmaq realdır.
Kommunal+İnternet: 100-130 AZN
Ərzaq: Qlobal ərzaq bazarında proqnozlaşdırılan 4-6% bahalaşma nəzərə alsaq, evdə hazırlamaqla, sadə qidalanma ilə ayda 250-350 AZN.
Nəqliyyat: Metro/avtobus xərci, bəzən taksi: 50-80 AZN.
Telefon/Internet paket, Streaming xidmətləri: 30-50 AZN.
İdman və ya minimal sosial həyat: Ayda bir-iki dəfə kafe/restoran: 50-100 AZN.
Cari xərclərin ümumi təxmini: 880-1210 AZN
2. Ehtiyat Fondu (Təhlükəsizlik Yastığı): İqtisadiyyatın əsas qaydasıdır: gözlənilməz xərc (diş ağrısı, maşın təmiri, iş dəyişikliyi) olanda çaxnaşma yaşamamalısan. Bunun üçün minimum xərclərin 10-15%-i qədər mütəmadi yığım lazımdır. Bu da təxminən 100 150 AZN edər.
3. Gələcək Yığım (İnvestisiya/Plan): İstər ev almaq, istərsə də sadəcə "qara gün" üçün. Ayda 100-200 AZN kənara qoymaq gələcək planları üçün vacibdir.
"Bu qeyd etdiklərimə əsasən bir gənc üçün "yetərli maaş" aralığı = 1080 AZN-1560 AZN arasıdır. Bu rəqəm diqqətinizi çəkdi? Bakı üzrə ortalama əməkhaqqının 1381 manat olduğunu nəzərə alsaq, görürük ki, "ortalama" maaş alan subay biri ancaq xərclərini ödəyə bilir, yığım etməsi olduqca çətindir. Əgər maaşınız 1000 AZN-dən aşağıdırsa, Bakıda subay yaşayıb, ehtiyat fondu yarada bilmək riyazi olaraq demək olar ki, qeyri-mümkündür"- deyə İ. Məmmədov bildirir.
4 nəfərlik ailədə isə bu fərqlidir (Bakı, orta məktəbə gedən iki uşaq)
1. Aylıq xərclər:
Kirayə (3 otaqlı): 600-900 AZN
Kommunal (qış ayları orta hesabla): 200-300 AZN
Ərzaq, məktəb ləvazimatları, uşaq xərcləri: 600-800 AZN
Nəqliyyat, məktəb yoldaşı, cib xərcliyi: 200-300 AZN
Cari Xərclərin Ümumi Təxmini: 1600-2300 AZN
2. Ehtiyat fondu: Ailə üçün daha vacibdir. 200-300 AZN
3. Gələcək yığım (Uşaqların təhsili, ailənin sığortası): 200-400 AZN

Maliyyə eksperti bildirir ki, 4 nəfərlik bir ailənin Bakıda ortalama səviyyədə rahat yaşaması üçün ailənin ümumi gəliri 2000 AZN ilə 3000 AZN arasında olmalıdır:
"Gəlir - Xərc = 0 düsturu sizi sıfır nöqtəsində saxlayır. Əgər gəliriniz xərclərinizə bərabərdirsə, siz maliyyə əsirisiniz. Çünki hər hansı xəstəlik, iş dəyişikliyi sizi çökdürə bilər. Dövlət də öz büdcəsində ehtiyat fondları yaradır. 2026-cı il dövlət büdcəsindən Prezidentin Ehtiyat Fonduna 300 milyon, Dövlət büdcəsinin Ehtiyat Fonduna isə 110 milyon manat ayrılması proqnozlaşdırılır . Yəni, dövlət belə "gözlənilməz xərclər" üçün pul ayırırsa, fərdi olaraq biz də ayırmalıyıq. Tələbələrimə həmişə dediyim bir sual var: "Maaşınızı aldıqdan 10 gün sonra həmin pulun 70%-i hara getdiyini xatırlaya bilirsinizmi?" Cavab "xeyr"dirsə, problem maaşın miqdarında deyil, onun idarə olunmasındadır. Amma maaşınız o qədər azdır ki, idarə etməyə ehtiyac qalmır, dərhal xərclənirsə, problem maaşın özündədir. Bu rəqəmlər sizə aşağı və ya yuxarı gələ bilər. Amma unutmayın ki, iqtisadi rahatlıq təkcə xərcləmək deyil, təhlükəsiz hiss etməkdir. Və təhlükəsizlik də pulun bir hissəsinin toxunulmaz olması ilə başlayır".
Öz "yetərli maaşınızı" hesablamaq istəyirsinizsə, bu sadə düsturdan istifadə edin: (Aylıq məcburi xərclər) x 1.3 (ehtiyat və yığım üçün 30% əlavə) = Yetərli Maaş
"Əgər 30%-i çıxardıqdan sonra yaşaya bilmirsinizsə, demək siz maliyyə baxımından hələ də nəfəs almaq mərhələsində deyil, nəfəs tutmaq mərhələsindəsiniz. Və bu, uzun müddət davam edəcək bir vəziyyət deyil. Rəsmi məlumatlara görə, Azərbaycanda muzdlu işçilərin orta aylıq əməkhaqqı ilbəil artsa da, bu rəqəm çox vaxt insanların real hisslərini əks etdirmir. Çünki orta maaş "xəstəxanada orta temperatur" kimidir. Bir çox insan bu ortalamanın altında gəlir əldə edir. Universitetdə çalışan dosent tanıyıram (gəlir universitetlə bağlıdır ). Onun maaşı 800 AZN ətrafında idi. Övladının təhsil xərclərini qarşılaya bilmədiyi, ehtiyat fondu yarada bilmədiyi üçün məcburən bir neçə yerdə dərs deməyə başladı. Nəticədə həm ailəsinə vaxt ayıra bilmir, həm də elmi işlərini dayandırdı. İndi onun ümumi gəliri təxminən 1500 AZN-dir. Bu məbləğdə o, nəfəs ala bildi. Bu misal göstərir ki, yetərli maaş təkcə cari xərcləri ödəmir, insana öz işinə və inkişafına vaxt ayırmaq lüksü də verir" - deyə İ.Məmmədov bildirir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQalmaqallı şirkət nizamnamə kapitalını 5 milyon manat azaltdı
13.03.2026Avro dollara qarşı 2025-ci ilin avqust ayından bəri ən aşağı səviyyəyə düşdü
13.03.2026Restoranlar müştərilərdən nəyi gizlədir?
13.03.2026Şənbə gününün hava proqnozu
13.03.2026Yetərli maaş nə qədər olmalıdır? - İsmayıl Məmmədov
13.03.2026Mayda 14 gün iş olmayacaq
13.03.2026Baş nazirdən inflyasiya ilə bağlı AÇIQLAMA
13.03.2026Bakı metrosu ötən il 167 milyon qazanıb
13.03.2026Bakıda 200 min mənzil inşa ediləcək
13.03.2026Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur
13.03.2026
Yanaşı iki mağaza - Necə olur ki biri yaxşı qazanır, digəri yox?
13.03.2026Peşə əmək qabiliyyətinin itirilməsi üzrə sığorta ödənişləri 34% azalıb
13.03.2026
Azərbaycanlı bankirin yaratdığı startap indiyə qədər 1 milyon dollar investisiya alıb
13.03.2026Müharibə başlayandan İran kriptobirjalarından 10 mln. dollarlıq aktiv çıxarılıb
13.03.2026Ali Məhkəmədən şərikli ticarətlə bağlı mühüm QƏRAR
13.03.2026“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər
13.03.2026Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 44 nəfər işdən çıxarıldı
13.03.20266 sığorta növü üzrə yanvarda yığım və ödəniş qeydə alınmayıb - SİYAHI
13.03.2026