Redaktor
"Tesla"nın çöküşü davam edir: Dördüncü rübdə 61 faiz azalma
ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalıb.
Valyuta.az şirkətin 2025-ci ilin oktyabr–dekabr dövrünə dair maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin gəliri ötən ilin son rübündə illik 3 faiz azalaraq 24,9 milyard dollara enib. “Tesla” 2024-cü ilin eyni dövründə 25,7 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin gəliri 2025-ci il üzrə ümumilikdə də illik 3 faiz azalma ilə 94,8 milyard dollar təşkil edib.
Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti isə ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalaraq 840 milyon dollara düşüb. “Tesla”nın xalis mənfəəti 2024-cü ilin son rübündə 2,1 milyard dollar olmuşdu.
Şirkətin xalis mənfəəti 2025-ci il üzrə ümumilikdə 46 faiz azalaraq 3,8 milyard dollara geriləyib. “Tesla”nın 2024-cü ilin dördüncü rübündə 60 sent olan səhm başına mənfəəti 2025-ci ilin eyni dövründə 24 sentə enib. Buna baxmayaraq, şirkətin gəliri və mənfəəti ötən ilin son rübündə qeydə alınan azalmaya rəğmən bazar gözləntilərindən yüksək olub.
“Tesla” 2025-ci ilin dördüncü rübündə qlobal miqyasda 434 min 358 avtomobil istehsal edib, 418 min 227 avtomobilin isə təslimatını həyata keçirib. Bu dövrdə şirkətin avtomobil istehsalı illik əsasda 5,5 faiz azalarkən, təslim edilən avtomobillərin sayı 15,6 faiz geriləyib. “Tesla”nın 2025-ci il üzrə ümumi avtomobil istehsalı 1 milyon 654 min 667 ədəd, təslimat sayı isə 1 milyon 636 min 129 ədəd olub.
Şirkətdən verilən açıqlamada bu il təmiz enerji və nəqliyyat, eləcə də avtonom robotları dəstəkləyəcək infrastruktura daha çox investisiya yatırılacağı bildirilib.
Açıqlamada həmçinin “Tesla”nın 16 yanvar tarixində süni intellekt şirkəti “xAI”ın səhmlərini almaq üçün təxminən 2 milyard dollarlıq investisiya sazişi imzaladığı qeyd olunub.
Paşa Məmmədli