Redaktor
ChatGPT-nin yaradıcıları botlar olmadan öz sosial şəbəkəsini hazırlayır
Süni intellekt çatbotu ChatGPT ilə tanınan Amerika şirkəti "OpenAI" heç bir bot olmayacaq biometrik istifadəçi təsdiqləməsi ilə öz sosial şəbəkəsini inkişaf etdirir.
Valyuta.az xəbər verir ki, "Forbes" jurnalı yeni sosial şəbəkənin əsas elementlərindən birinin istifadəçilərin "iPhone"dakı "Face ID" və ya Sem Altmanın başqa bir startapı tərəfindən yaradılan xüsusi göz skaneri "Orb" vasitəsilə biometrik təsdiqlənməsi olacağını bildirib. Bu, hər bir hesabın real şəxs tərəfindən idarə olunmasını təmin etməlidir.
Hazırda layihə erkən mərhələdədir və konkret vaxt cədvəli yoxdur. Mənbənin məlumatına görə, layihənin əsas xüsusiyyətlərindən biri süni intellekt vasitəsilə məzmun yaratmaq alətləri olacaq, məsələn, "Sora" tətbiqində olduğu kimi video generasiyası imkanı.
Əgər "OpenAI" bu platformanı işə salsalar, onun X, Instagram və "TikTok" kimi nəhəng sosial şəbəkələrlə rəqabət aparması lazım olacaq. Lakin yalnız real insanlardan ibarət platforma olmaq böyük rəqabət üstünlüyü yarada bilər.
"OpenAI"ın baş direktoru Sem Altman dəfələrlə müasir sosial şəbəkələri böyük dil modellərinə əsaslanan botların çoxluğu ilə tənqid edib. Eyni zamanda, tənqidçilər və istifadəçilər qeyd ediblər ki, botların internetdə yayılmasına məhz ChatGPT imkan yaradıb və buna görə məsuliyyət də Altmanın üzərinə düşür.
Yanvar ayının əvvəlində "OpenAI" ChatGPT-də birbaşa söhbət dialoqunda reklamların yerləşdirilməsini elan etdi. Reklamı söndürmək üçün "ChatGPT Plus", "Pro" və ya "Enterprise" abunəliyi tələb olunur.
Eyni zamanda analitiklər proqnozlaşdırırlar ki, "OpenAI" 2027-ci ilin ortalarına qədər iflasa yaxınlaşa bilər. Keçən il ChatGPT-nin yaradıcılarının xərcləri təxminən 8 milyard dollar təşkil edib, pulsuz versiya istifadəçiləri isə ödəniş etməyə başlamazdan əvvəl rəqiblərə keçə bilər.
Paşa Məmmədli