Redaktor
Orta məktəbi yarımçıq qoyub, qəlyanaltı satışı ilə məşğul oldu - Milyarderdir
Çində aşağı qiymətli məhsulları ilə tanınan "Busy Ming Group Honkonq" fond birjasındakı uğurlu IPO-su (şirkətin ilk dəfə səhmlərini ictimaiyyətə çıxarması) ilə iki yeni milyarderin meydana çıxmasına səbəb olub.
Valyuta.az xəbər verir ki, şirkətin səhmləri bazara çıxarıldığı ilk gündə 70%-dən çox bahalaşıb. Nəticədə "Busy Ming"in sədri, 38 yaşlı Yan Zhounun sərvəti 3,1 milyard dollar, sədr müavini, 36 yaşlı Zhao Dingin sərvəti isə 2 milyard dollar səviyyəsinə yüksəlib.
Valyuta.az xəbər verir ki, hər iki sahibkar sərvətlərini şirkətdəki payları hesabına qazanıb.
IPO-dan 470 milyon dollar cəlb edilib
"Busy Ming" IPO çərçivəsində 3,7 milyard Honkonq dolları (təxminən 470 milyon ABŞ dolları) vəsait toplayıb. Şirkət 15,5 milyon səhmi bir səhm üçün 236,6 HKD qiymətindən təklif olunan aralığın yuxarı həddindən satıb.
Şirkətin prospektinə əsasən, cəlb edilən vəsait:
tədarük zəncirinin modernləşdirilməsinə,
mağazaların yenilənməsinə,
marketinq və tanıtım fəaliyyətlərinin genişləndirilməsinə yönəldiləcək.
IPO böyük maraqla qarşılanıb. Pərakəndə investorlar üçün ayrılmış hissə təxminən 1 900 dəfə artıq sifarişlə üzləşib. Əsas investorlar arasında "BlackRock", "Tencent" və "Temasek" kimi nəhəng fondlar yer alıb.
Ucuz qiymət strategiyası investorları cəlb edir
Analitiklər "Busy Ming"in əsas üstünlüyünü ucuz qiymət strategiyası ilə əlaqələndirir. Şirkət, məsələn:
54 qramlıq şokoladlı biskvit qutusunu 2,9 yuana (təxminən 40 sent), 500 qram qovrulmuş keşyu qozunu isə 49,9 yuana satır.
Şirkətin 2025-ci ilin ilk 9 ayında, satışlar 75,2% artaraq 46 milyard yuana, xalis mənfəət isə üç dəfədən çox artaraq 1,6 milyard yuana çatıb.
Hazırda "Busy Ming" Çində, əsasən aşağı səviyyəli şəhər və qəsəbələrdə yerləşən təxminən 20 min mağaza ilə fəaliyyət göstərir.
Kənddən milyarderlər siyahısına
Yan Zhou 2017-ci ildə Çanşada “Busy for You”, Zhao Ding isə 2019-cu ildə Jiangxi əyalətində “Super Ming” brendini qurub. Şirkətlər 2023-cü ildə birləşərək Busy Ming Group-u yaradıb.
Yan Zhou yerli mediaya müsahibəsində bildirib ki, məqsədi “geniş kütlələr üçün ucuz və əlçatan qəlyanaltı biznesi yaratmaq” olub. O, kənd mühitində böyüdüyünü və insanların kiçik, ucuz məhsullardan belə zövq aldığını xatırladıb.
Zhao Ding isə orta məktəbi yarımçıq qoymasına baxmayaraq, 2008-ci ildən qəlyanaltı satışı ilə məşğul olub.
Şirkət IPO-dan əvvəl HongShan Capital (keçmiş Sequoia China), "5Y Capital" və "Gaorong Ventures" kimi investorlar tərəfindən maliyyələşdirilib.
Sərvanə Rəmixanova