Redaktor
"İntel" Aİ məhkəməsində uduzdu: 237 milyon avro cərimə ödəyəcək
Amerikanın “İntel” korporasiyası Avropa İttifaqının Ümumi Yurisdiksiya Məhkəməsində 2023-cü ildə Avropa Komissiyası tərəfindən tətbiq olunan antiinhisar cəriməsinə qarşı verdiyi apellyasiyanı uduzub. Lakin məhkəmə ilkin cərimə məbləğini həddindən artıq hesab edərək onu 1/3 bir azaldıb - 376 milyon avrodan 237 milyon avroya endib.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Cərimə şirkətin 2002-ci ilin noyabrından 2006-cı ilin dekabrınadək tətbiq etdiyi “çılpaq məhdudiyyətlər” praktikasına görə müəyyən edilib. Həmin dövrdə “İntel” “HP”, “Acer” və “Lenovo” şirkətlərinə rəqib istehsalçıların, ilk növbədə AMD-nin məhsullarını gecikdirmələri və ya tamamilə imtina etmələri üçün ödənişlər edib. Tənzimləyici orqanlar bu tip ödənişləri birbaşa rəqabət məhdudiyyəti kimi qiymətləndirir.
Məhkəmə Komissiyanın antiinhisar qanunvericiliyinin pozulması barədə nəticəsi ilə razılaşsa da, ilkin cərimə məbləğini qeyri-mütənasib sayıb. Qərarda bildirilir ki, məbləğin azaldılması pozuntunun ağırlığını və müddətini daha dəqiq əks etdirir, xüsusilə də təsirlənmiş kompüterlərin sayının nisbətən məhdud olması və anti-rəqabət davranışında fasilələrin mövcudluğu nəzərə alınaraq.
Paşa Məmmədli