Redaktor
Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır
Bəzi qanunlar 20–25 il əvvəl qəbul edilib və müasir çağırışları tam əks etdirmir.
Valyuta.az Report-a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu"nda "Azərbaycan Respublikası Konstitusiyası və Mədəniyyət Dəyərlərimiz" adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Kinematoqrafiya haqqında" və "Kitabxana işi haqqında" qanunlar 1998-ci ildə qəbul edilib və zamanın tələbləri ilə uzlaşmır:
"Mövcud qanunvericilikdə müxtəlif sahələr üzrə paralel tənzimləmə normaları pərakəndəlik yaradır. Misal üçün, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Muzeylər haqqında" qanunlarda folklor, xalça sənəti, muzey fəaliyyəti ayrı-ayrılıqda tənzimlənir".
Şöbə müdiri bu münasibətlərin müxtəlif normativ hüquqi aktlar üzrə bölünməsinin mədəniyyət sahəsində hüquqi tənzimləmənin pərakəndə və sistemsiz xarakter almasına səbəb olduğunu əlavə edib:
"Sözügedən sahələrin vahid qanunvericilik aktı çərçivəsində kompleks şəkildə tənzimlənməsi isə normativ hüquqi bazanın sistemləşdirilməsinə, paralelliyin və normativ çoxluğun aradan qaldırılmasına, həmçinin tətbiq mexanizmlərinin daha aydın və effektiv olmasına şərait yaradar".