Redaktor
“Assaia” 26,6 milyon dollar investisiya alıb
İsveçrədə yerləşən “Assaia” şirkəti B mərhələli sərmayə raundunu uğurla başa vuraraq 26,6 milyon dollar cəlb edib.
Valyuta.az xəbər verir ki, süni intellekt əsaslı aviasiya həlləri hazırlayan “Assaia” yeni maliyyə vəsaitindən texnologiyalarını təkmilləşdirmək, qlobal genişlənməni sürətləndirmək və xüsusilə ABŞ bazarına daxilolmanı gücləndirmək məqsədilə istifadə edəcəyini bildirib.
2017-ci ildə Maks M. Dies və Dmitri Çuqriev tərəfindən təsis edilən “Assaia” hava limanlarında perron əməliyyatlarını süni intellekt vasitəsilə izləyərək avtomatlaşdırır. Şirkətin texnologiyası təyyarənin enişindən qalxışına qədər olan mərhələlər - sərnişinlərin enməsi, baqajın boşaldılması və yüklənməsi, təmizlik, yanacaq doldurulması və təhlükəsizlik yoxlamaları - real vaxtda izlənilməsinə şərait yaradır. Bu isə nasazlıq və gecikmələrə dərhal müdaxiləni mümkün edir, əməliyyatların proqnozlaşdırılmasını və səmərəliliyini artırır.
“Assaia”nın platforması hava limanları, aviaşirkətlər və yer xidmətləri müəssisələri üçün ətraflı məlumat analitikası və avtomatlaşdırılmış xəbərdarlıq sistemləri təqdim etməklə vaxtında qalxış göstəricilərini yüksəldir və əməliyyat risklərini azaldır. Şirkət, həmçinin API istifadə prosesini optimallaşdırır.
Bundan əlavə, “Assaia”nın “StandManager” modulu təyyarə yerə enməmişdən əvvəl qapı və parklama sahələrinin planlaşdırılmasını süni intellekt vasitəsilə optimallaşdırır. Bu texnologiya hazırda “Nyu-York JFK”, “London Hitrou”, “Dubay Beynəlxalq” və “Toronto Pirsın” kimi iri hava limanlarında tətbiq olunur.
Mayya Hüseynova