Redaktor
"Google"dan etiraf: Çin süni intellektdə fərqi cəmi bir neçə aya endirib
Çin süni intellekt sahəsində Qərbin texnoloji üstünlüyünə gözlənilməz sürətlə yaxınlaşır. “Google” şirkətinin süni intellekt bölməsinin rəhbəri Demis Hassabis bildirib ki, Çin modelləri artıq Qərb rəqiblərindən cəmi bir neçə ay geri qalır.
Valyuta.az xəbər verir ki, bu açıqlama cəmi bir neçə il əvvəl ekspertlər tərəfindən irəli sürülən proqnozları alt-üst edib. ABŞ-ın Çinin irəliləyişini yavaşlatmaq məqsədilə tətbiq etdiyi çip məhdudiyyətlərinə baxmayaraq, Pekin bu texnoloji yarışdan geri çəkilmir və əksinə, aradakı məsafəni qeyri-adi sürətlə azaldır.
Hassabisin diqqət çəkdiyi əsas məqamlardan biri “təqlid” ilə “innovasiya” arasındakı incə sərhəddir. O, Çin şirkətlərinin mövcud texnologiyalara çatmaqda çox uğurlu olduqlarını etiraf etsə də, əsas sınağın hələ qarşıda olduğunu düşünür. Mövcud modelləri kopyalamaq və ya onlara yaxınlaşmaq uğur sayılsa da, süni intellektin sərhədlərini müəyyən edən tamamilə yeni bir arxitekturanın — məsələn, “Transformer” modelindən daha irəli bir quruluşun — Çin tərəfindən icad edilib-edilməyəcəyi hələ də açıq sual olaraq qalır. İndiyədək Çinin bu cür fundamental innovasiya nümayiş etdirdiyi müşahidə olunmayıb, lakin mövcud inkişaf tempi bu ehtimalın gözardı edilməsinə imkan vermir.
"DeepSeek" və Şərqin yüksələn gücü
Çinin bu yarışdakı ən böyük addımı şübhəsiz ki, “DeepSeek” olub. Təxminən bir il əvvəl istifadəyə verilən bu model, amerikalı və avropalı rəqiblərinin hələ pulsuz təqdim etmədiyi inkişaf etmiş düşünmə qabiliyyətlərini istifadəçilərə ödənişsiz açaraq bazarda ciddi rezonans doğurub. Üstəlik, sistemin açıq mənbəli edilməsi sektordakı bütün tarazlıqları dəyişib.
Lakin Çinin gücü yalnız “DeepSeek”lə məhdudlaşmır. “Alibaba”nın “Qwen” modeli, eləcə də “MiniMax” və “Manus AI” kimi sistemlər də rəqibləri ilə eyni səviyyədə performans göstərir. Yaxın zamanda təqdim olunması gözlənilən yeni “DeepSeek” məhsulu, Hassabisin “cəmi bir neçə ay geri qalırlar” fikrinin nə dərəcədə doğru olduğunu nümayiş etdirəcək əsas sınaq kimi qiymətləndirilir.
“Nvidia” şirkətinin baş direktoru Censen Huan da bu yanaşmanı dəstəkləyən mövqe sərgiləyir. Onun sözlərinə görə, Çin enerji sahəsində Qərbdən irəlidədir, infrastruktur və süni intellekt modelləri sahəsində isə dərhal arxadan gəlir. Çip texnologiyalarında ABŞ hələ də liderliyini qorusa da, Çin proqram təminatı və səmərəlilik hesabına bu fərqi azaltmağa çalışır.
Həm Vaşinqton, həm də Pekin “Ümumi süni intellekt”ə (AGI) ilk çatan tərəf olmağın tarixin axarını dəyişəcək üstünlük verəcəyini yaxşı anlayır. Bu nəhəng rəqabətdə qalibin kim olacağını isə yalnız zaman göstərəcək.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Azərbaycanın dövlət büdcəsində ötən il 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bu yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026