Redaktor
Dünyadakı böyük ixtisarlarda süni intellektin həqiqətən payı var?
Son dövrlərdə baş verən işdən çıxarmalarla bağlı ən mübahisəli suallardan biri budur: Süni intellekt həqiqətən bu qərarların əsas səbəbidirmi, yoxsa şirkətlərin digər problemləri gizlətmək üçün seçdiyi asan və rahat bir izahdır?
Valyuta.az xəbər verir ki, “New York Times” qəzetində yayımlanan bir analitik yazı getdikcə daha tez-tez rast gəlinən “AI-washing” meylinə diqqət çəkir. Bu anlayış şirkətlərin ixtisar qərarlarını yapay zəka ilə əlaqələndirərək, əslində fərqli səbəblərdən qaynaqlanan addımları texnologiya pərdəsi altında əsaslandırmasını ifadə edir. Xüsusilə pandemiya dövründə həddindən artıq işçi qəbul edən şirkətlər üçün bu izah olduqca əlverişli görünür.
Rəqəmlər, hesabatlar və sual işarələri
2025-ci il ərzində açıqlanan məlumatlara görə, yalnız yapay zəka əsas gətirilərək 50 mindən çox insanın işdən çıxarıldığı bildirilib. “Amazon” və “Pinterest” daxil olmaqla bir çox texnologiya şirkəti son işçi sayının azaldılması qərarlarında məsuliyyəti yapay zəkanın üzərinə qoyan qurumlar sırasında yer alıb.
Lakin yanvar ayında yayımlanan “Forrester” hesabatı bu izaha ehtiyatla yanaşır. Hesabata görə, yapay zəka səbəbi ilə ixtisar etdiyini açıqlayan bir çox şirkətin həmin vəzifələri əvəz edəcək yetkin və sınaqdan keçmiş yapay zəka tətbiqləri hələ mövcud deyil. Bu isə maliyyə əsaslı qərarların gələcək yapay zəka planları ilə əlaqələndirildiyi bir “AI-washing” tendensiyasına işarə edir.
“Brookings Institute”də baş elmi işçi olan Molli Kinder də oxşar məqama diqqət çəkir. Onun fikrincə, ixtisarları yapay zəka ilə izah etmək investorlar üçün son dərəcə cəlbedici mesajdır. Alternativ isə daha çətin bir etiraf deməkdir: işlərin yaxşı getmədiyini açıq şəkildə qəbul etmək.
Görünən odur ki, yapay zəka artıq təkcə iş proseslərini deyil, şirkətlərin böhran narrativlərini də dəyişdirib. Real transformasiya ilə ritorika arasındakı sərhəd isə indiyədək olmadığı qədər qeyri-müəyyəndir.
Paşa Məmmədli