Redaktor
ChatGPT-nin 2026 vizyonu: Çatışmayan xüsusiyyətlər hansılardır?
ChatGPT hələ üç ili bir qədər keçən tarixinə baxmayaraq, qısa müddətdə dünya miqyasında tanınan bir süni intellekt alətinə çevrilib. 2026-cı ildə süni intellekt əsaslı çat-bot axtaran istifadəçilər üçün ChatGPT bir çox ehtiyacı təkbaşına qarşılayan həll kimi çıxış edir. Pulsuz giriş, yüksək sürət və davamlı şəkildə artırılan dəqiqlik səviyyəsi platformanın əsas üstünlükləri sırasında yer alır.
Valyuta.az xəbər verir ki, ChatGPT eyni zamanda “Deep Research”, xüsusi GPT-lər və üçüncü tərəf tətbiqlərlə inteqrasiya kimi inkişaf etmiş funksiyalar da təklif edir. İstifadəçilər təkcə mətn yaratmaqla kifayətlənmir, həmçinin vizual və video hazırlaya, sənəd tərtibi kimi işləri də çat-bot üzərindən həyata keçirə bilirlər.
Rəqabət qızışır, amma ChatGPT mövqeyini qoruyur
Bu imkanların heç biri yalnız “OpenAI”a məxsus deyil. “Gemini”, “Grok” və “Claude” kimi rəqib yapay zəka platformaları da oxşar funksiyalar təqdim edir. Modellərin demək olar ki, həftələrlə ölçülən aralıqlarla yeniləndiyi bu sıx rəqabət mühitində bəzən ChatGPT-nin arxa planda qaldığı dövrlər yaşanır. Lakin qısa müddət sonra təqdim olunan iri yeniləmələr mənzərəni yenidən dəyişir.
Mövcud vəziyyətdə ChatGPT proqram təminatının hazırlanması, araşdırma, akademik fəaliyyətlər və yaradıcı yazı sahələrində güclü alət kimi mövqeyini qoruyur.
Daha yüksək dəqiqlik hələ də prioritetdir
Bütün süni intellekt modelləri üçün ortaq məqsəd təqdim olunan məlumatların dəqiqliyini artırmaqdır. Yanlış və ya uydurma informasiyanın özünəinamla təqdim edilməsinin qarşısını almaq hələ də ən əsas inkişaf istiqamətlərindən biri olaraq qalır. Bununla yanaşı, 2026-cı ildə ChatGPT-yə əlavə olunması gözlənilən və istifadəçi təcrübəsini daha da inkişaf etdirə biləcək bir sıra funksiyalar var.
Bir neçə profil əlavə etmə imkanı
ChatGPT pulsuz və ödənişli olmaqla müxtəlif istifadə planları təqdim edir. Pulsuz versiya mesaj və media yükləmələrinə məhdudiyyət qoyur, ödənişli abunəliklər isə daha inkişaf etmiş modellər, yüksək mesaj limiti və uzunmüddətli yaddaş kimi üstünlüklər verir. Lakin bütün planlarda ortaq bir çatışmazlıq mövcuddur: profil dəyişdirmə imkanı.
Müxtəlif maraq sahələri üzrə ChatGPT-dən intensiv istifadə edən şəxslər üçün bu vəziyyət qarışıqlıq yarada bilər. Proqramlaşdırma, dizayn və ya akademik işlər kimi fərqli sahələr üçün ayrıca profillərin yaradılması söhbət tarixçəsinin daha səliqəli idarə olunmasına imkan verə bilər. Hər bir profilin özünəməxsus təlimatları, cavab üslubu və vizual parametrlərinin olması da istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Fərqli süni intellekt modellərini seçmək imkanı
ChatGPT standart olaraq ən aktual modeli istifadəçilərə təqdim edir və əvvəlki modellərə menyu üzərindən giriş imkanı yaradır. Lakin istifadəçilərin tələbi yalnız “OpenAI” modelləri ilə məhdudlaşmır.
Fərqli süni intellekt platformaları müəyyən sahələrdə daha güclü nəticələr təqdim edə bilir. Bu səbəbdən ChatGPT interfeysi üzərindən alternativ modellərin də seçilə bilməsi istifadəçilər üçün ciddi üstünlük ola bilər. “Perplexity” kimi bəzi platformalar tək bir abunəlik çərçivəsində bir neçə fərqli süni intellekt modelinə çıxış imkanı verir. Rəqabət və lisenziyalaşdırma baxımından çətin olsa da, bu yanaşma nəticələri müqayisə etmək istəyən istifadəçilər üçün olduqca cəlbedici görünür.
Daha inkişaf etmiş "agentic AI" və əməliyyat sistemi inteqrasiyası
Süni intellekt zəka mətn əsaslı cavablardan realistik video istehsalına qədər sürətlə inkişaf edir. Növbəti böyük mərhələ isə “agentic AI” kimi tanınan, müstəqil şəkildə tapşırıqları yerinə yetirə bilən sistemlərdir.
ChatGPT müəyyən komandalarla brauzer üzərindən əməliyyatlar həyata keçirə bilsə də, bu proses hələlik kifayət qədər sürətli və stabil deyil. Gündəlik həyatda saniyələr çəkəcək əməliyyatların uzun vaxt alması və tez-tez xətalarla qarşılaşılması bu sahədə ciddi təkmilləşdirməyə ehtiyac olduğunu göstərir.
Bununla yanaşı, əməliyyat sistemi səviyyəsində daha dərin inteqrasiya da gözləntilər sırasındadır. “Android” platformasında “Gemini”nin təqdim etdiyi cihaz və ağıllı ev idarəetməsi funksiyaları bu potensialı açıq şəkildə nümayiş etdirir. ChatGPT-nin “iOS” və “macOS” ilə inteqrasiyası isə hələlik əsasən söhbətə sürətli girişlə məhdudlaşır.
Daha interaktiv öyrənmə alətləri
Təhsil sahəsində də rəqabət sürətlə artır. “Gemini”də mövcud olan “Dynamic view” funksiyası vizual və interaktiv modullarla öyrənmə təcrübəsini zənginləşdirir və konkret suallara uyğun hazırlanmış interaktiv məzmun təqdim edir.
ChatGPT-də yer alan “study and learn” alətləri isə hələ də əsasən mətn və vizual istehsalına söykənir. Daha dinamik və qarşılıqlı öyrənmə modulları, xüsusilə texniki və mühəndislik mövzularında istifadəçilər üçün əhəmiyyətli fərq yarada bilər. Mövcud test və viktorina funksiyası bu istiqamətdə uğurlu başlanğıc sayılsa da, daha geniş və interaktiv həllər gözlənilir.
Paşa Məmmədli