Redaktor
Sürücüsüz avtomobil layihəsi 16 milyard dollarlıq investisiyaya hazırlaşır
“Financial Times”ın məlumatına görə, “Alphabet”in avtonom sürücülük layihəsi olan “Waymo” 16 milyard dollar həcmində yeni investisiya turunu demək olar ki, tamamlayıb. Bu mərhələdən sonra şirkətin bazar dəyərinin 110 milyard dollara yüksələcəyi gözlənilir.
Valyuta.az xəbər verir ki, investisiyanın əsas hissəsi “Waymo”nun ana şirkəti “Alphabet” tərəfindən təmin ediləcək.
“Alphabet”in bu tura təxminən 13 milyard dollar sərmayə qoyacağı bildirilir.
“Waymo” maliyyə detalları ilə bağlı şərh verməsə də, bu vaxta qədər 20 milyondan çox ödənişli səfər həyata keçirdiyini və fəaliyyətinin əsasən təhlükəsizliyin təmin olunması və əməliyyat miqyasının artırılmasına yönəldiyini açıqlayıb.
“Google”un sürücüsüz avtomobil layihəsindən yaranan “Waymo” hazırda ABŞ-da avtomobildə təhlükəsizlik sürücüsü olmadan ödənişli robotaksi xidməti göstərən yeganə şirkət kimi fəaliyyət göstərir. Şirkətin donanmasına 2 500-dən çox avtomobil daxildir. Bu sistemlər kamera, lidar sensorları və ətraflı xəritələmə texnologiyası ilə təchiz olunub və dördüncü səviyyə avtonom idarəetmə qabiliyyətinə malikdir.
“Financial Times” yazır ki, “Waymo”nun illik təkrarlanan gəliri artıq 350 milyon dolları ötüb. Şirkət sonuncu investisiya raundunu 2024-cü ildə tamamlayaraq 5,6 milyard dollarlıq C Seriyası yatırımı əsasında təxminən 45 milyard dollar dəyərində qiymətləndirilmişdi. Hazırkı tur “Waymo” tarixində ən böyük investisiya raundu olacaq.
Mayya Hüseynova