Redaktor
Analitiklər yaddaş qiymətlərində rekord artım barədə xəbərdarlıq etdi
“TrendForce” 2026-cı ilin birinci rübü üçün qlobal yaddaş bazarı üzrə proqnozunu operativ şəkildə yeniləyərək, tələbat və təklif arasında kəskin disbalansın yarandığını bildirib.
Valyuta.az xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, mövcud vəziyyət müşahidə olunan bütün dövr ərzində DRAM və NAND yaddaş növləri üzrə misli görünməmiş qiymət artımına gətirib çıxaracaq.
Ən kəskin bahalaşma fərdi kompüterlər üçün operativ yaddaş seqmentində gözlənilir. Belə ki, PC üçün DRAM-ın alış qiymətləri rüblük ifadədə 105–110 faiz arta bilər.
Server və mobil seqmentlərdə də ciddi artım proqnozlaşdırılır — 88–93 faiz səviyyəsində. Korporativ SSD seqmentində qiymətlərin 53–58 faiz yüksələcəyi, ümumilikdə isə fleş-yaddaş bazarında orta artımın təxminən 60 faiz olacağı gözlənilir.
Analitiklər bu qədər kəskin sıçrayışın əsas səbəbi kimi 2025-ci ilin sonlarında hazır sistemlərin gözlənilmədən yüksək həcmdə tədarükünü göstərirlər. Bu isə iri OEM-istehsalçılar da daxil olmaqla, anbar ehtiyatlarının sürətlə tükənməsinə səbəb olub.
Təchizat çatışmazlığı fonunda çip istehsalçıları tələbatın azalması riski olmadan qiymətləri əhəmiyyətli dərəcədə artırmaq imkanı əldə ediblər. “TrendForce” qeyd edir ki, mövcud şərtlər qorunub saxlanılarsa, proqnoz daha da yüksək artım istiqamətində yenidən nəzərdən keçirilə bilər.
Paşa Məmmədli