Redaktor
BMT Baş katibi maliyyə böhranı barədə xəbərdarlıq edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qurumun yaxın zamanda maliyyə çöküşü riski ilə üzləşdiyini bəyan edib.
Valyuta.az xəbər verir ki, bu barədə Reuters agentliyi Quterreşin üzv ölkələrin səfirlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb.
Baş katib qeyd edib ki, üzv dövlətlər tərəfindən ödənilməyən üzvlük haqları və xərclənməyən vəsaitlərin geri qaytarılmasını tələb edən büdcə qaydaları böhranı daha da dərinləşdirir. Onun sözlərinə görə, mövcud vəziyyət BMT-nin proqramlarının icrasını təhlükə altına alır və maliyyə dayanıqlığını zəiflədir.
Quterreş məktubunda bildirib ki, BMT-nin ən böyük maliyyə töhfəçisi olan ABŞ bir sıra agentliklərə könüllü maliyyələşməni azaldıb və təşkilatın əsas büdcəsi ilə sülhməramlı əməliyyatlar üçün nəzərdə tutulan məcburi ödənişləri həyata keçirməyib.
Baş katib xəbərdarlıq edib ki, əgər üzv ölkələr maliyyə öhdəliklərini tam və vaxtında yerinə yetirməsələr və ya maliyyə qaydaları yenidən nəzərdən keçirilməsə, BMT-nin vəsaitləri iyul ayına qədər tükənə bilər.