Redaktor
“Bəzi gecələr əməkhaqqını ödəyə biləcəyimizi bilmirdim”
Ceyms Petrakis (James Petrakis) uğura təsadüfən nail olmayıb. Bu gün onun “The Ravenous Pig” restoranı “Michelin”in Bib Gourmand mükafatına layiq görülüb, yeddi dəfə “James Beard” mükafatının yarımfinalçısı seçilib və Orlando şəhərinin kulinariya nüfuzunun formalaşmasında mühüm rol oynayıb. Lakin bu nəticələr illərlə davam edən maliyyə təzyiqi və qeyri-müəyyənlikdən sonra əldə edilib.
Valyuta.az xəbər verir ki, restoranın Florida ştatının Uinter-Park şəhərində açılışına iki ay qalmış Petrakisin avtomobili oğurlanmışdı.
Maliyyə imkanları son həddə çatmışdı və o, işə velosipedlə gedirdi. Hətta bir məqamda dizaynerinə pulunun tamamilə bitdiyini demişdi. Buna baxmayaraq, tərəfdaşın etimadı sayəsində layihə tamamlandı. İlk illər məhz bu qarşılıqlı güvən və şəxsi fədakarlıq hesabına keçdi.
2007-ci ildə açılan “Ravenous Pig” Orlandoda yeni kulinariya yanaşması təqdim etdi. Petrakis və həyat yoldaşı Culi sənətkarlıq ənənəsinə əsaslanan, lakin süni təmtəraqdan uzaq yeməklərlə diqqət çəkdilər. Uğur qısa müddətdə gəlsə də, genişlənmə yeni risklər yaratdı. “Cask & Larder” və “Swine & Sons” restoranlarının açılması, eyni zamanda ailə məsuliyyətləri və artan kredit borcları ciddi təzyiq formalaşdırdı.
“Bəzi gecələr əməkhaqqını ödəyə biləcəyimizi bilmirdim”, - deyə Petrakis etiraf edir. Kənardan inkişaf kimi görünən proses əslində maliyyə balansı uğrunda mübarizə idi.
Dönüş nöqtəsi Orlando hava limanında lisenziya əsasında “Cask & Larder”in açılması oldu. Müqavilədən əldə olunan royalti ödənişləri biznesin davamlılığını təmin etdi və gündəlik maliyyə risklərini azaltdı. Bu uğur daha sonra “Disney”in diqqətini cəlb etdi və restoran üçün yeni əməkdaşlıq imkanlarının əsasını qoydu.
Kapitala çıxış məsələsində Petrakis “inKind” adlı "FinTex" şirkəti ilə əməkdaşlığı xüsusi vurğulayır. Onun sözlərinə görə, platforma ənənəvi bank kreditlərinə alternativ təqdim edərək şəxsi kredit reytinqindən və yüksək faiz yükündən asılılığı azaltdı. Əvvəlcədən ödənilmiş kredit modeli həm maliyyə sabitliyi yaratdı, həm də daimi müştərilərlə əlaqəni gücləndirdi.
Bu gün “Ravenous Pig” Orlandonun kulinariya səhnəsində dayaq nöqtəsi kimi qiymətləndirilir. Petrakis isə əsas prinsipinin dəyişmədiyini bildirir: biznesi sürətli böyümə üzərində deyil, insanlara və komandaya dəyər vermək üzərində qurmaq.
“Yaxşı yemək hazırlamaq, insanların qayğısına qalmaq və köklərə sadiq qalmaq”, - deyə o vurğulayır.