Azərbaycanlı biznesmenlərin ortaqlıqda etdikləri səhvlər - Əsas rəhbər kimdir?
14.07.2025 11:31
615

Azərbaycanlı biznesmenlərin ortaqlıqda etdikləri səhvlər - Əsas rəhbər kimdir?

Həsən Həsənov
    SER Consulting Groupun təsisçisi

Düzü bilmirəm, bu atalar sözünü atalarımız doğrudanmı deyiblər, ya yox. Çünki ola bilər ki, biz bu deyimlərin məhz mutasiyaya uğramış ştamlarını eşitmişik: “Ortaq atı minən yarı yolda düşər”, “Ortaq mal itən maldır”, “Şərikli nəyin olur olsun, şərikli işin olmasın… Nə məqsədlə deyilib, bilmirəm, amma 18 illik təcrübəmdə gördüyüm odur ki, bu düşüncə bizim bizneslərdə çox aktualdır...

Konsaltinq mühasibi, maliyyə direktoru, baş icraçı direktor, maliyyə və idarəetmə üzrə müşavir kimi çoxsaylı ortaqlı bizneslərlə işləmişəm. Aşağıda bu şirkətlərdə ən çox rast gəldiyim 6 həqiqəti bölüşmək istəyirəm:

Ortaqlı bizneslərdə ən çox müşahidə etdiyim təhlükəli problemlərindən biri, ortaqların hər birinin özünü şirkətin tək sahibi kimi aparmasıdır. Bu davranış təkcə qərarların qeyri-şəffaf alınmasına yox, həm də ortaqlar arasında inamsızlıq və gərginliyə səbəb olur. Belə hallarda bir tərəf heç bir müzakirə aparmadan ciddi qərarlar verir, məsələn, yeni əməkdaş işə götürür, kredit götürür, təchizatçını dəyişir və ya yeni satış kanalı açır. Bu qərarları icra etmək üçün məsul şəxs - CEO və ya digər idarəçi tərəflərdən birinin razılığını almadan tətbiq etməyə çalışırsa, digər ortaqlarla, icra etməsə qərarı verən şəxslə üz-üzə gəlməli olur. Nəticədə nə qərar düzgün icra olunur, nə də komanda sağlam işləyə bilir. Ortaqlı biznes tək sahibli biznes deyil, amma çox vaxt bu fərq nəzərə alınmır.

Təhlükəli hisslərdən biri də güc və şöhrət qısqanclığıdır. Burada artıq məsələ nə biznes marağıdır, nə də onun gələcəyi. Əsas olan kimin daha çox parladığıdır. Tərəfdaşlardan biri çıxış edirsə, tanınırsa, təşəbbüs göstərib nəticə əldə edirsə bu, digər ortağın gözündə təhlükəyə çevrilir. Sanki bu uğur ortaq deyil, fərdi kapitallaşmadır. Halbuki, bu uğur bütövlükdə şirkətin xeyrinədir. Amma natamamlıq hissi bu uğuru qəbul etmir. Qısqanclıq deyir: "Bu mənim xeyrimə olsa da, qarşı tərəf daha güclü görünəcək mən bu xeyri istəmirəm.” Yetkin liderlik burada məğlub olur. Vizyon, strategiya, şirkət dəyərləri ikinci plana keçir. Ortaqlar “birlikdə qalib gəlmək” yerinə, “yalnız qalib olmaq” yarışına girirlər. Nəticədə isə uduzan biznes olur.

Ortaqlı və ya elə tək sahibli bizneslərdə də, qəribə bir fəxr hissi var: “Bu şirkət məndən asılıdır.” Sanki şirkətin ondan başqası ilə idarə olunmaması bir uğur göstəricisidir. Əslində isə bu ciddi bir sistemsizlik, rol bölgüsünün olmaması və nəhayət, zərərli bir liderlik modelidir.

Əvvəllər bu davranışı etibar çatışmazlığı kimi dəyərləndirirdim. Sonralar anladım ki, məsələ inamsızlıqda deyil, eqodadır. Sahibkar inanır ki, o hamıdan yaxşı bilir. Elə buna görə də heç kimə həvalə etmir, heç kimlə bölüşmək istəmir. Daha təhlükəlisi odur ki, bəzən özü süni problemlər yaradır, sonra da onların “həllini” taparaq şirkətdəki mövqeyini sübut etməyə çalışır. Bu isə zamanla şirkəti sağlam sistemlərdən yox, bir şəxsin kontrol zövqündən asılı vəziyyətə salır.

Bu eqo ortaqlı bizneslərdə daha dağıdıcı gücə malik olur. Çünki burada yalnız bir şəxsin deyil, bir neçə fərqli baxışın əməkdaşlığı və uyğunlaşması lazım gəlir. Amma “bu biznes mənsiz mümkün deyil” eqosu hər şeyi zəhərləyir - həm münasibətləri, həm sistemi, həm də nəticəni.

Ortaqlı bizneslərin başqa təhlükəli idarəetmə üsullarından biri də strukturların ortaqlar arasında bölünməsidir. Məsələn: biri deyir “satışa mən baxıram”, digəri “istehsal məndədir”, bir başqası isə “mən ancaq təchizatla məşğulam”. Kağız üzərində bu, ixtisaslaşma kimi görünə bilər. Amma reallıqda bu, sistemin parçalanması, koordinasiyanın itməsi və güc savaşlarının başlanğıcıdır.

Bu şəkildə idarə olunan strukturlar bir-biri ilə əlaqə yaratmaqda çətinlik çəkir. Hər kəs öz “krallığında” qərar verir, proseslər paralel deyil, xaotik şəkildə axır. Ortada mərkəzləşdirilmiş bir idarəetmə, strateji koordinasiya olmadığı üçün CEO sadəcə formal fiqura çevrilir.

Ya hansısa güclü ortağın “təhlükəsiz çətiri” altında görünməyə çalışır, ya da ümumiyyətlə görünmür. Belə strukturda nə komanda ruhu qalır, nə qərar mexanizmi, nə də sistemli irəliləyiş. Yəni biznes ortaqların ayrı-ayrı cəhdlərinin cəmi deyil, koordinasiyalı, strateji bir vahid orqanizm olmalıdır. Əks halda, hərə bir tərəfə dartır və nəticə yerində saymaq olur.

Və gəlib çıxdıq məsələnin mərkəzinə – pul. Ortaqlıqların sınma nöqtəsi də elə buradır. Əvvəlcə deyirlər: “Ədalətli bölüşəcəyik.” Sonra başlayır hesablar: “Axı mən daha çox işləyirəm…”, “Mən daha çox məsuliyyət daşıyıram…”, “Mənim riskim daha böyükdür…”, “O sadəcə oturur, qazancın faizini alır…”

Bu inanc – yəni “mən daha çox qazanmağa layiqəm” – zamanla daha çox aparmağa haqqım var düşüncəsinə çevrilir. Və nəticədə, şirkətin rəsmi qazanc bölüşməsindən kənar gizli qazanc yolları axtarılır.

Biri qeyri-rəsmi satış kanalı yaradır, biri təchizatçıdan komissiya alır, biri xərcləri şişirdir. Və beləliklə, ortaq qazancın içindən əlavə fərdi qazanc sistemləri qurulur.

Burada məsələ sadəcə ədalətsizlik deyil, sistemin dağıdılmasıdır. Ortaqlar bir-birinə etibar etmədiyi anda, heç bir strateji plan, heç bir maliyyə nəzarəti, heç bir hüquqi sənəd bu birlikdəki parçalanmanı dayandıra bilməz.

Bu mərhələdə artıq şirkət yox, kimin daha çox qazandığı klub olur. Halbuki, ortaqlığın gücü bölüşməkdən yox, birləşdirərək daha çox qazanmaqdan gəlir. Amma bəziləri üçün bu, çox uzaq bir fikir kimi qalır.

Ortaqlıqlar bəzən elə bir nöqtəyə çatır ki, heç kim bir-birinə dözə bilmir. Qruplar yaranır, düşərgələr formalaşır, hər bir qərar şübhə ilə qarşılanır: “Bu kimə işləyir?”, “Bu mütəxəssisi kim çağırıb?”, “Bu dəyişiklik kimə sərf edir?”!

Və nəticədə hamı hər kəsi oyundan çıxarmağın yollarını axtarır. Şirkət bölünür, paylaşılmayan tək şey etimadsızlıq olur. Ən axırda isə hər kəsin zehnində tək bir fikir doğulur: “Ən yaxşısı tək qalım. Onsuz da bu şirkət mənim sayəmdə yaşayır…”

Əslində ortaq işə bu niyyətlə başlamırlar. Amma yuxarıda sadalanan problemlər – eqo, qısqanclıq, gizli qazanc cəhdləri, struktur xaosu elə bir mühit yaradır ki, bütün yollar təkliklə nəticələnir.

Amma bu təklik “udmaq” deyil! Çünki bu yolda sistem dağılıb, dəyərlər məhv olub, strategiya yox olub, eləcə də, plan yoxdur, komanda gedib, etimad itib...

Belə mühitdən nə insan qazanır, nə biznes, nə sahibkar, nə də iqtisadiyyat.

Nəticə sadədir: ortaqlıqların düşməni ortaqlar deyil, güvənsizlik, sistemsizlik və eqodur.

Azərbaycanlı biznesmenlərin ortaqlıqda etdikləri səhvlər - Əsas rəhbər kimdir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq

11.12.2025

Mərkəzi Banka sənəd təqdim etməyən ASC 1500 manat ödəyəcək

11.12.2025

12 icra hakimiyyətin Aparat strukturunda bəzi şöbələr ləğv edilib

11.12.2025

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

11.12.2025

Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq

11.12.2025

"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır

11.12.2025

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11.12.2025

Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım

11.12.2025

BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici

11.12.2025

Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər

11.12.2025

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

11.12.2025

MrBeast "YouTube"dan milyonları necə qazanır?

11.12.2025

Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi

11.12.2025

Ən çox POS-terminal istifadəsi bu rayonlardadır

11.12.2025

Bu şəxslərin maaşı artırılacaq

11.12.2025

Onların da məzuniyyəti 46 gün olacaq

11.12.2025

Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?

11.12.2025

Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam

11.12.2025

Şuşada 15 milyon manata 6 yeni yaşayış binası tikiləcək

11.12.2025

Çoxmilyonluq qaçaqmalçılıq işi genişlənir: 6 nəfər həbs olunub - ADLAR

11.12.2025

Məzənnə

Yüklənir...